Əsas Səhifə > Partiya, Güney Press > "Bu cür hərəkətlərə güzəşt etmək olmaz"

"Bu cür hərəkətlərə güzəşt etmək olmaz"


3-08-2022, 08:05
"Bu cür hərəkətlərə güzəşt etmək olmaz"
Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun hərbi qulluqçuları kiçik çavuş Sənan Fərəcov və əsgər Yusif Bayramlı xidmət zamanı smartfon tipli telefonlardan istifadə ediblər. Həmçinin, adıçəkilən şəxslərin xidmətə aid foto-video görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşmaları aşkar olunub. Kiçik çavuş və əsgər xidməti uyğunsuzluğa görə ordu sıralarından çıxarılıb. Bildirilib ki, hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək. DİA.AZ xəbər verir ki, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərli “Şərq”ə açıqlamasında Müdafiə Nazirliyinin çox düzgün qərar verdiyini deyib. Polkovnik vurğulayıb ki, dəfələrlə xəbərdarlıq edilsə də, bəzi insanlar ağıllanmaq istəmirlər:

“Hərbi xidmət vaxtı canlı yayım etməyin adı nədir?! Əgər şou-biznesə marağı varsa, Nazirlik ona gözəl şərait yaratdı və ordudan xaric etdi. İndi rahat şou-biznesə qoşula bilərlər, nə qədər istəsələr canlı yayımlara çıxarlar, “Tik-tok”da videolar paylaşarlar. Bu cür hərəkətlərə güzəşt etmək olmaz. Çünki bu barədə dəfələrlə xəbərdarlıq olunub. Heç kimin öz xidmət yoldaşlarını, təmsil etdiyi güc strukturunu təhlükə altında qoymağa haqqı yoxdur. Nazirlik buna göz yumarsa, sabah daha ciddi qanunsuzluq baş verə bilər. Bilirik ki, hərbidə açıq və ya gizli şəkildə smartfon telefonlardan istifadə olunur. Halbuki, müdafiə nazirinin əmri var, qurumun mərkəzi aparatında belə smartfon tipli telefonların işlədilməsi qadağandır. Rusiya-Ukrayna müharibəsində rusların ukraynalı zabit və gizirlərə vurduğu ən böyük zərbələrin səbəblərindən biri məhz onların üzərlərində gəzdirdikləri smartfon telefonlardır. 2016-cı ildən bu məsələni qaldırırıq. Deyirik ki, əgər kimsə smartfon tipli telefonla müharibəyə gedirsə, bəri başdan Allah ona rəhmət eləsin. Ermənilər o vaxt girov götürdükləri Dilqəm Əsgərovun, Şahbaz Quliyevin, mərhum Həsən Həsənovun yerini telefonlar vasitəsilə müəyyən etmişdilər”.
Ü.Cəfərov vurğulayıb ki, smartfon tipli telefonlar hətta istifadə edilməsə, ondan hansısa foto, video paylaşılmasa belə hərbçilər üçün potensial təhlükədir: “Hazırda mobil telefona gələn siqnallar vasitəsi ilə bütün danışıqları, hətta müasir cihazlar vasitəsi ilə video-görüntüləri belə əldə etmək mümkündür. Smartfon telefonları batareyaları çıxarılmayanadək cəbhədəki düşməndən daha təhlükəlidir. Əgər general öz kabinetində əyləşibsə, masanın üzərində mobil telefonu varsa, ona rahat şəkildə müdaxilə edərək çox mühüm informasiyaları əldə edə bilərlər. 2001-ci ildə bu barədə kurs keçmişəm. İndiki dövrdə daha müasir cihazlar var və istənilən smartfon telefon vasitəsi ilə danışıqları dinləyə bilirlər”.

Geri qayıt