Əsas Səhifə > Partiya, Güney Press > "Saxta profillərdən istifadə etmək sosial şəbəkənin də daxili qaydalarına ziddir"
"Saxta profillərdən istifadə etmək sosial şəbəkənin də daxili qaydalarına ziddir"5-08-2022, 08:13 |
Millət vəkili Fazil Mustafa feysbuk səhifəsində sosial şəbəkə istifadəçilərinə müraciət edib. Millət vəkili Milli Qəhrəman, xüsusi təyinatlı qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin fotosunu profilinə yerləşdirərək Azərbaycan əleyhinə təbliğat aparan “Qərib Hasanov” adlı istifadəçi barədə xəbərdarlıq edib: “Dostlar, hamımız diqqətli olmalıyıq. Bu profilin sahibi Vətənimizin düşməni olan qumcuqlardan biridir. Profilinə iz azdırmaq üçün Milli Qəhrəmanımızın şəklini yerləşdirir. Hər yerdə də əleyhimizə rəylər yazır”. Deputatın statusuna yazılan rəylərdə, Milli Qəhrəmanımızın fotosu arxasında gizlənən Vətən xaininin ifşası üçün profilin şikayət edilməsinin vacib olduğu qeyd edilir. Rəy yazanların əksəriyyəti bu fikirdədir ki, hər kəs bu profili şikayət etsə bağlanar. Onların qənimi ancaq dövlətin təhlükəsizlik qüvvələridir, bir-bir aparıb içəridə “başa salsınlar”. Saxta akkaunt kimi təqdim edildiyi üçün profil şikayət edilə bilər. Profil şikayət olunsa bağlanacaq, açılması üçün şəxs əsl kimliyini feysbuka göstərməlidir, bunu etməyəcək və profil 1 ay sonra tam silinəcək, yox olacaq. Feysbuk qərəzli profilləri özü çox zaman hiss edir və bağlayır. Sadəcə, bu profilini kütləvi şəkildə şikayət etmək lazımdır. Nə qədər professional olsalar da belələrini deşifrə etmək asandır. dia-az.life xəbər verir ki, hüquqşünas Ələsgər Məmmədli “Şərq”ə açıqlamasında saxta profillərin feysbuk tərəfindən bağlanmasının mümkün olduğunu dedi: - Mənim adımla da saxta profil açılmışdı. Feysbuka müraciət etdim və həmin saxta profil bağlandı. Bu cür hallarda ya şəxsin özü müraciət etməlidir, ya da sosial şəbəkə istifadəçiləri həmin profilin saxta olduğunu təsdiq edən faktlar təqdim etməlidirlər. Profilin saxtalığı təsdiqləndiyi halda bağlanacaq. Saxta profillərdən istifadə etmək sosial şəbəkənin daxili qaydalarına ziddir. Sosial şəbəkədə hər hansı şəxsin təhqir edilməsi, böhtan atılması cinayət məsuliyyəti daşıyır. Azərbaycan Cinayət Məcəlləsinə bununla bağlı 148-1 maddə əlavə edilib. Hər hansı şəxsə qarşı təhqir, böhtan xarakterli məlumatlar, yaxud ictimai təhlükəsizliyi təhdid xarakterli məlumatlar yayılırsa, həmin maddə ilə cinayət işi qaldırıla bilər. Belə hallarda həm hüquqi, həm də funksional tədbir görülməsi mümkündür. Çünki bu cür davranış sosial şəbəkənin ümumi qaydalarına ziddir. Ə.Məmmədli qeyd etdi ki, Azərbaycanın Milli Qəhrəmanı Hikmət Mirzəyevin fotosu altında dövlət əleyhinə, Azərbaycan maraqlarına zidd təbliğat aparılması yolverilməzdir və həmin şəxs müəyyənləşərək qanun qarşısında cavab verməlidir. Geri qayıt |