Əsas Səhifə > Partiya, Güney Press > Meydan hərəkatından gəlməyən siyasi partiyalar hansılardır...

Meydan hərəkatından gəlməyən siyasi partiyalar hansılardır...


9-08-2022, 09:57
Meydan hərəkatından gəlməyən siyasi partiyalar hansılardır...
Azərbaycanda dövlət qeydiyyatında olan 58 partiya fəaliyyət göstərir ki, onların fəaliyyəti müxtəlif aspektlərdən müzakirə olunur. Xüsusilə də, zamanında eyni məqsəd uğrunda birgə mübarizə aparmış siyasətçilərin, sonradan ayrı-ayrı yollar tutması daha çox maraq doğurur.

Burada söhbət 1980-ci illərin sonu, 90-cı illərin əvvələrində Milli Azadlıq Hərəkatında birlikdə təmsil olunmuş şəxslərdən gedir. İndi siyasi meydanda olan əksər simalar o dövrdə müstəqillik uğrunda birgə mübarizə aparmaları ilə tanınırlar.

Bunun nəticəsidir ki, cəmiyyətdə də tez-tez eyni siyasi xəttin təmsilçiləri olmuş siyasilərin indi ayrı-ayrılıqda olması tənqid olunur.

Doğrudur, həmin siyasətçilərin bir çoxu sonradan fərqli kurs seçsələr də əksəriyyət meydan hərəkatı dönəmindəki ideyaları davam etdirirlər.

Bu cür siyasi partiyalar, digər, adətən yeni yaranmış partiyalar tərəfindən də tənqid olunurlar. Bu cür yeni partiyaların sayı isə daha azdır.

DİA.AZ xəbər verir ki, Bizim.Media meydan hərəkatından gəlməyən siyasi partiyaları araşdırıb.

​​​​​​​Azərbaycan Kommunist Partiyası

1994-cü ilin martında dövlət qeydiyyatına alınan AKP meydan hərəkatına müxalifliyi ilə tanınıb. Partiya SSRİ dönəmindəki varisinin siyasi xəttini davam etdirir.

Azərbaycan Sosial Rifah Partiyası

1995-ci ildə dövlət qeydiyyatına alınan ASRP-nin qurucusu Xanhüseyn Kazımlıdır. Partiya 1995-2020-ci illərdə fasiləsiz olaraq Milli Məclisdə təmsil olunub. Hal-hazırda təşkilata Əsli Kazımlı rəhbərlik edir.

Ədalət Partiyası

2003-cü ildə dövlət qeydiyyatına alınan Ədalət Partiyasına Azərbaycanın sabiq baş prokuroru İlyas İsmayıl rəhbərlik edir.

Vətəndaş Birliyi Partiyası

Bu partiya sabiq prezident Ayaz Mütəllibovun rəhbərliyi altında 1992-ci ildə Moskvada qurulsa da, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyaya millət vəkili Sabir Hacıyev rəhbərlik edir. Partiya 4 çağırışdır ki, Milli Məclisdə təmsil olunur.

Milli Cəbhə Partiyası

Doğrudur, bu partiyanın əksər qurucu üzvlərinin əksəriyyəti xalq hərəkatının əsas simalarının yer aldığı AXCP-də təmsil olunublar. AXCP daxilindəki narazılıqlardan sonra partiyanın bir qrup üzvü Razi Nurullayevin rəhbərliyi altında təşkilatı tərk edib. MCP 2020-ci ildə dövlət qeydiyyatına alınıb.

Respublikaçı Alternativ Partiya

2020-ci ilin avqustunda dövlət qeydiyyatına alının digər partiya REAL da öz kursuna görə siyasi cameənin əksəriyyətindən fərqlənir. Respublikaçılıq ideyasını əsas götürən təşkilat partiyaların əksəriyyətindən daha müasir ictimai-siyasi mövqeyi ilə də seçilir.

Sadalananlardan əlavə, Haqq Ədalət, Gələcək Azərbaycan, Azərbaycan Yüksəliş kimi partiyaları da bu siyahıya aid etmək olar. Doğrudur, sadalananlardan əlavə bir sıra partiyalar da təməllərini meydan hərəkatından götürmürlər.

Lakin onlardan bir çoxu rəsmi olaraq fəaliyyətdə olsalar da, faktiki olaraq onların siyasi mübarizəsinə şahidlik etmirik.

Geri qayıt