Əsas Səhifə > Partiya, Güney Press > “Vaxtı çatanda Şimali Kipri tanıyan ikinci dövlət Azərbaycan olacaq”
“Vaxtı çatanda Şimali Kipri tanıyan ikinci dövlət Azərbaycan olacaq”11-08-2022, 07:49 |
Prezident İlham Əliyev Türkiyədə səfərdə olarkən Şimali Kipr Türk Respublikasının rəhbəri Ersin Tatarı qəbul edib. Söhbət zamanı türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunulub. Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar görüşlə bağlı tviterdə qısa açıqlama verib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gəldiyim Konyada Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi görüşümüz oldu. Görüş zamanı əlaqələrimizin inkişafını müzakirə etdik”. Məlumat üçün bildirək ki, Şimali Kipr Türk Respublikası sadəcə Türkiyə tərəfindən rəsmən tanınır. Ankara adadakı problemi iki dövlətin qurulması və rəsmən tanınması şəklində görürdü. Əvvəl Türkiyənin mövqeyi bu idi ki, ortaq bir dövlət yaradılsın və idarəetmədə türklərə siyasi hüquqlar verilsin. 1959-1960-cı illərdə imzalanan Sürix və London müqaviləsi bunun hüquqi əsasını təşkil edirdi. Lakin adanın yunanlar yaşayan tərəfi bununla razılaşmadı. Nəticədə Türkiyə də rumların təktərəfli idarəetməsindən imtina etdi. Təəssüf doğuran budur ki, yunan Kiprini ağuşuna alan Avropa Şimali Kiprə qarşı ayrı-seçkilik nümayiş etdirməkdə davam edir. İllər boyu Azərbaycanın da Şimali Kipri tanıması məsələsi müzakirə mövzusu olub. Ələlxüsus, torpaqlarımızın işğaldan azad olunmasından və Qarabağ münaqişəsinin bitməsindən sonra tanınma məsələsi yenidən gündəmə gəlib. Rəsmi Bakının Şimali Kipri tanıması yönündə tələblər irəli sürülüb. Şimali Kiprin tanınması üçün Azərbaycanın önündə artıq əngəl qalmadığı vurğulanıb. Əslində Şimali Kiprlə Azərbaycan arasında təhsil və ictimai sahələrdə müəyyən əlaqələr var. Hətta Şimali Kiprin Azərbaycanda nümayəndəliyi də mövcuddur. Eyni zamanda millət vəkillərimizin adaya səfərləri təşkil olunub. Lakin Bakının rəsmi mövqeyi üçün davamlı və ətraflı müzakirələrə ehtiyac olduğu da söylənilir. Bir qisim isə hesab edir ki, Qarabağ məsələsinin tamamilə yekunlaşmasını gözləmək daha məqsədəuyğundur. dia-az.life-ın məlumatına görə, millət vəkili Elman Məmmədov “Şərq”ə bildirib ki, Azərbaycan Şimali Kipr Türk Respublikasını rəsmən tanıyacaq. Deputatın sözlərinə görə, bu tanınma gec-tez mütləq olacaq: “Hər kəsin bildiyi müəyyən məsələlərə görə bir qədər zamana ehtiyacımız var. Vaxtı çatanda Şimali Kipri tanıyan ikinci dövlət Azərbaycan olacaq. Şimali Kiprin Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir və tərəflərin müəyyən sahələrdə əlaqələri yüksək səviyyədədir. Azərbaycanın millət vəkilləri Şimali Kipr Türk Respublikasının yaranmasının ildönümləri ilə bağlı keçirilən tədbirlərdə iştirak edirlər. Əlaqələrimizi mümkün qədər genişləndirməyə çalışırıq. Konyada cənab Prezidentin Şimali Kipr rəhbəri ilə səmimi görüşü, əlaqələrin inkişafının müzakirə olunması yeni proseslərdən xəbər verir. Biz Şimali Kipri tək qoymayacağıq, hər zaman onların yanında duracağıq. Necə ki, türk qardaşlarımız 44 günlük müharibədə bizi tək buraxmadı. Şimali Kipr bizimlə həmrəy olduğunu dəfələrlə vurğulayıb. Azərbaycan da əlindən gələni əsirgəməyəcək. İnşallah, yaxın vaxtlarda rəsmi tanınmanın şahidi olacağıq. O günə çox qalmayıb”. Parlament üzvü təəssüflə vurğulayıb ki, dünyanın aparıcı dövlətləri, BMT və digər beynəlxalq qurumlar Şimali Kiprə münasibətdə çox ədalətsiz mövqe sərgiləyirlər. Dünyanın haqq-ədalətlə, hüquqi prinsiplərlə idarə olunmadığını ən yaxşı bilən bizik. Qlobal aləm güclə, zorla idarə olunur. Şübhə yox ki, Türkiyə və türk-islam dünyası gücləndikcə, öz şərtlərini diktə etməyə başladıqca, Şimali Kiprin tanınması ilə nəticələnəcək. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Konyada keçirilən konfransda söylədi ki, “meydanda gücü olmayanın masada sözü keçmir”. Geri qayıt |