Əsas Səhifə > Partiya, Güney Press > "Qafana yaxın ərazidə Türkiyənin konsulluğunu açmalıyıq"

"Qafana yaxın ərazidə Türkiyənin konsulluğunu açmalıyıq"


15-08-2022, 07:48
"Qafana yaxın ərazidə Türkiyənin konsulluğunu açmalıyıq"
İran Ermənistanın Qafan şəhərinə konsul təyin edib. Bunu İran parlamentinin erməni əsilli deputatı Robert Beqleryan deyib. Onun sözlərinə görə, konsul artıq İrəvandadır və bir sıra görüşlər keçirib. Konsulluqla bağlı məlumat Ermənistanın ictimai dairələrində böyük əks-səda doğurub. İranın bölgədə konsulluq açmaq qərarı daha çox müharibədən sonrakı yeni reallıqlar, xüsusən də Zəngəzur ətrafında yaranmış yeni vəziyyət kontekstində qiymətləndirilir.

Bu baxımdan, hətta Ermənistanda İranın qərarına “Tehran Zəngəzurla bağlı yanaşmalarını təsdiqləyir” kimi baxırlar. Tehran dəfələrlə regional dövlətlərin sərhədlərinin toxunulmazlığını bəyan edib, onun “qırmızı xətlərinin” olduğunu deyib.

Bu bəyanatlar Ermənistanda çox vaxt Zəngəzurun “özünü müdafiə etmək” istəyinin ifadəsi kimi qəbul edilib. Şübhəsiz, praktikada İranın bununla bağlı qərarlarına “Zəngəzurun müdafiəsi” kimi yox, Zəngəzur ətrafında İranın maraqlarını müdafiə edən qərarlar kimi baxmaq olar. dia-az.life-ın məlumatına görə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “Şərq”ə deyib ki, İran uzun müddət, işğal dövründə, müharibə zamanı və savaşdan sonra da Ermənistanın yanında olub və bu və ya digər şəkildə Ermənistanı müdafiə edib. Partiya rəhbəri bildirib ki, İran olmayan nüfuzunu hər dəfə Ermənistan vasitəsi ilə bərpa etməyə çalışıb:

“Qafanda konsulluğun açılması bu yöndə növbəti addımlardan biridir. Düzdür, formal baxımdan istənilən dövlət başqa ölkənin ərazisində konsulluq aça bilər. Bu addım normal halda, yəni beynəlxalq hüquq baxımından digər ölkələri narahat etməməlidir. Ancaq bilmirik ki, İranın Zəngəzurdakı konsulluğu beynəlxalq hüquqlara uyğun fəaliyyət göstərəcək, yoxsa Tehranın maraqlarına xidmət göstərən mərkəz rolunu oynayacaq. Əlbəttə, bunun qarşısını almaq üçün İranla müharibə edəsi deyilik. Sadəcə olaraq Azərbaycan da öz işini görməlidir. Müharibədən bu yana müzakirə olunan məsələlərdən biri Şuşada Türkiyənin konsulluğunun açılmasıdır. Mən bunun tərəfdarıyam. Əfsuslar ki, hələ də reallaşmayıb. Belə məsələlərdə çox ləngiyirik”.

Q.Əlibəyli vurğulayıb ki, Şuşada, yaxud Qafana yaxın olan ərazilərimizdə Türkiyənin konsulluğunun açılması haqqında qərar qəbul olunmalıdır:

“Göstərməliyik ki, qardaş Türkiyənin bölgədəki nüfuzu, gücü İrandan qat-qat yüksəkdir. İran itirilmiş nüfuzunu Ermənistanla əməkdaşlıqda görür. Lakin biz qardaş ölkə, həqiqətən regional və qlobal gücə çevrilən Türkiyə ilə sıx əlaqədəyik. Bir-birimizi daim, hər şəraitdə müdafiə edirik. Cavab tədbirlərimiz bu yöndə olmalıdır. Ən əsası çalışmaq lazımdır ki, Türkiyə hərbi cəhətdən Azərbaycanda iştirak etsin. Əgər Rusiya hərbçiləri “sülhməramlı” adı altında ölkəmizdə yerləşdirilibsə, qardaş Türkiyə əsgərləri də burada olmalıdır. Şuşa Bəyannaməsinin müddəalarını real şəkildə həyata keçirməliyik. Elə etməliyik ki, İranın istənilən hərəkəti əhəmiyyətsiz addıma çevrilsin”.

Geri qayıt