Əsas Səhifə > Partiya, Güney Press > Hüseyn Abdullayevin məhbəsdən müraciəti

Hüseyn Abdullayevin məhbəsdən müraciəti


17-08-2022, 08:22
Hüseyn Abdullayevin məhbəsdən müraciəti
Keçmiş deputat və sahibkar, hazırda həbsdə olan Hüseyn Abdullayev (“Quska”) ona qarşı “əsassız cinayət təqibinin dayandırılması” xahişi ilə Prezident İlham Əliyevə müraciət edib. Almaniyadan siyasi sığınacaq almış Abdullayev qeyd edir ki, Türkiyədə qanunsuz saxlanılıb və Azərbaycana zorla deportasiya edilib, uydurma ittihamlarla həbs olunub.

Hüseyn Abdullayev xatırladır ki, Birləşmiş Millətlər Təşkilatının Özbaşına Həbslər üzrə İşçi Qrupu onun təqib edilməsinin beynəlxalq hüquqa zidd olduğunu tanıyıb və azad edilməsi barədə qərar çıxarıb.

“Uzun illər sizə mənim haqqımda yalan və böhtan xarakterli məlumatlar verən vəzifəli şəxslər bu qərarı yerinə yetirməyiblər”, - Hüseyn Abdullayev qeyd edir. Onun fikrincə, həmin şəxslər Azərbaycan qanunlarına məhəl qoymayaraq, onun cəzasının 2/3 hissəsini çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı müraciətinə baxılmasını süni surətdə yubadırlar.

Hüseyn Abdullayev əmindir ki, dövlət başçısının bu “əzab və iztirablardan” xəbəri yoxdur və o, mərhum Heydər Əliyevin “ilk silahdaşlarından biri” olduğunu xatırladır. 1991-1992-ci illərdə buna görə Naxçıvanda təzyiq və təqiblərə məruz qalıb. O, Prezidenti əmin edir ki, onun heç bir siyasi ambisiyası və Azərbaycana qarşı “düşmən qruplarla” əlaqəsi yoxdur. “Mənim haqqımda deyilənlərin hamısı açıq-aşkar yalan və böhtandır”, - Hüseyn Abdullayev yazır və dövlət başçısının ona qarşı əsassız cinayət təqibinə son qoyacağına inandığını bildirir.

Öz növbəsində Hüseyn Abdullayevin vəkili Rəsul Cəfərov “Turan”a bildirib ki, indiki mərhələdə cəza müddətinin 2/3 hissəsinin çəkilməsinə görə azadlığa buraxılma üzrə hüquqi mexanizm var. Hələ iyulun əvvəlində müdafiə tərəfi müvafiq xahişlə müraciət edib. Bu iş üzrə növbəti məhkəmə iclası sentyabrın 5-nə təyin edilib. Vəkil əlavə edib ki, Hüseyn Abdullayevin azadlığa buraxılmasının digər mexanizmi Prezidentin əfv sərəncamı ola bilər.

Hüseyn Abdullayev 2013-cü ildə Azərbaycandan mühacirət edib. Bir müddət sonra ona qarşı vergi ittihamı ilə cinayət işi başlanıb. Almaniyada yaşayarkən kütləvi etirazlara çağıran bir sıra mahnılar bəstələyib və sosial şəbəkədə yayıb. 2018-ci il aprelin 22-də Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib. 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hüseyn Abdullayevin sentyabrın 5-də azadlığa çıxması mümkün görünürmü və indiyədək əfv üçün müraciət edibmi?

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiya üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a deyib ki, qanunvericiliyə görə, şəxs cəzasının 2/3-ni çəkibsə, həmin şəxsi vaxtından əvvəl şərti azad etmək və ya cəzaçəkmə rejiminin dəyişdirilməsi ilə müraciət hüququ yaranır: “Cəzasının 2/3-ni çəkən şəxs məhkəməyə müraciət etməlidir. Məhkəmə şəxsin cəzasının 2/3-i ilə azad edilməsi barədə qərar qəbul edə bilər. Bu zaman həmin şəxsin cəzaçəkmə müəssisəsində özünü necə aparmasına dair saxlanıldığı müəssisədən verilən rəyə diqqət yetirilir. Eyni zamanda prokurorun mülahizəsini də məhkəmə nəzərə almaqla qərar verir”.

Komissiya üzvü deyir ki, şəxsin azadlığa çıxması üçün digər yol isə əfvetmə institutundan keçir: “Ağır cinayətlərə görə cəza çəkən şəxslər cəzasının yarısını çəkəndən sonra ölkə başçısının adına əfv olunmaları üçün müraciət edə bilərlər. Belə olan halda Əfv Komissiyası müraciətlərə baxır və müvafiq rəy hazırlanaraq ölkə başçısına təqdim olunur. Amma həmin müraciətlərə baxılıb-baxılmaması Prezidentin müstəsna konstitusion hüququdur. İndiki halda şəxsin vaxtından əvvəl şərti cəza ilə azad etmə və əfv üçün müraciət hüququ yaranıb. Eyni zamanda saxlama rejimi növünün dəyişdirilməsi ilə bağlı müraciət hüququ yaranıb. Yəni məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün də müraciət edə bilər”.

Lakin komissiya üzvü deyir ki, müraciət hüququnun yaranması avtomatik olaraq şəxsin azad ediləcəyi və ya saxlama rejiminin dəyişdirilməsi anlamına gəlmir, sadəcə, müraciət hüququ yaranır.

Komissiya üzvünün sözlərinə görə, 2022-ci ildə əfv sərəncamının olacağı gözləntisi yoxdur: “Əlbəttə ki, bu, cənab Prezidentin müstəsna səlahiyyətidir. Azərbaycan praktikasını nəzərə alsaq, görərik ki, il ərzində ölkə başçısı tərəfindən bir qayda olaraq 1 əfv sərəncamı imzalanır. Ona görə də düşünürəm ki, əfv sərəncamı növbəti ildə verilə bilər”.

Xatırladaq ki, sonuncu əfv sərəncamı Prezident İlham Əliyev tərəfindən bu ilin mayında imzalanıb və 213 nəfər əfv edilib. Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 167 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Eyni zamanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar. Bundan başqa, əfv olunmuş 213 nəfərdən biri Özbəkistan, biri İran, biri də Türkiyə vətəndaş olmaqla 3-ü əcnəbi, 3-ü jurnalist və bloger, 3-ü siyasi partiya üzvü, 20-si isə 2018-ci il iyulun 10-da Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən şəxslərdir.
“Yeni Müsavat”

Geri qayıt