Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycanın müstəqil dövlət kimi varlığı Ukraynada gedən müharibənin nəticəsindən asılıdır"
"Azərbaycanın müstəqil dövlət kimi varlığı Ukraynada gedən müharibənin nəticəsindən asılıdır"20-08-2022, 10:15 |
“Ruslar düşünürdü ki, Ukrayna məsələsini həll etdikdən sonra Qazaxıstan və Gürcüstana keçəcəklər. Planları yeni şəraitə uyğun olaraq imperiyanı bərpa etmək idi. Qənaətimcə, Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Gömrük İttifaqı əslində imperiyanın ayrı-ayrı strukturları idi. Son nəticədə hədəf sadaladığım ayrı-ayrı strukturları bir təşkilatda birləşdirməkdir. Rusiya Azərbaycanı da Avrasiya İqtisadi Birliyinə, Gömrük İttifaqına dəvət edirdi. Bunlar təsadüfi təkliflər deyildi”. DİA.AZ bildirir ki, bunu Reyting.az-a Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib. Partiya sədri əlavə edib ki, Rusiyanın Ukraynada indiki vəziyyətlə üzləşməsi qonşu ölkələr üçün əhəmiyyətlidir: “Ona görə də mən qeyd edirdim ki, Azərbaycanın müstəqil dövlət kimi varlığı Ukraynada gedən müharibənin nəticəsindən asılıdır. İndi Rusiya Ukraynada bataqlıqda çabaladıqca, güzəştlərə getməyə məcbur olur. Məsələn, Azərbaycan və Türkiyənin təklifləri qarşısından geri çəkilmək məcburiyyətində qalır. Qarabağdakı son əməliyyat da bunu deməyə əsas verir. Əlbəttə, söhbət böyük güzəştlərdən getmir, amma, hər halda belə tələblərin qarşısında uzun müddət müqavimət göstərmir”. S. Əkbərin sözlərinə görə, Rusiyanın hələ demokratik dövründə - 1992-1993-cü illərdə əldə olunan kəşfiyyat məlumatlar göstərirdi ki, demokratik Rusiya imperiyanı bərpa etmək niyyətindədir: “Qənaətimcə, MDB-ni yaratmaqda məqsəd vaxt qazanmaq idi. Fikir belə idi ki, indiki şərtlər altında imperiyanı bərpa etmək imkanımız yoxdur, bunun üçün vaxt lazımdır. Amma eyni zamanda keçmiş SSRİ respublikalarının geopolitik nəzarətdən çıxmaması üçün aralıq müddətdə birlik lazımdır. Bu zaman MDB-nin yaradılması ortaya çıxdı. Yəni imperiyanı bərpa etmək niyyəti heç vaxt Kremli tərk etməyib. Sadəcə, dünya buna qeyri-ciddi yanaşıb”. Partiya sədri bildirib ki, hazırda Rusiyanın hətta Ukraynanın bir hissəsini də işğal etməyə gücü çatmır. O, bunu müsbət hal kimi qiymətləndirib və əlavə edib ki, Kremlin bir sıra məqsədlərinə çata bilməməsində Ukraynadakı geopolitik müharibənin nəticəsi əhəmiyyətli rol oynayacaq. Geri qayıt |