Əsas Səhifə > Partiya, Güney Press > Siyasi partiyalarla bağlı mənzərəni dəyişmək lazımdır
Siyasi partiyalarla bağlı mənzərəni dəyişmək lazımdır25-08-2022, 08:42 |
Rusiyada çar rejiminin yıxılmasından sonra xalqımız Azərbaycan Xalq Cümhuriyyətini qurmaqla türk-islam dünyasında ilkə imza atdı. Milli dövlətin yaradılması Azərbaycan xalqına öz taleyinə sahiblik imkanı verərək, inkişaf yolunda son dərəcə mühüm mərhələ oldu. Parlamentdə qəbul edilən qanunlar və hökumətin qərarları insan hüquq və azadlıqlarının qorunması baxımından dövrün ən mütərəqqi qanunvericilik aktları sırasında yer almaqdadır. AXC-də qadınlara seçki hüququnun verilməsi isə nəinki müsəlman Şərqində, hətta Avropanın bir çox sivil dövlətlərində nümunəvi addım sayılırdı. Cümhuriyyət dönəmində partiyalaşma prosesinin vüsət alması, siyasi təşkilatların sayının artması da əhalinin siyasi fəallığı ilə izah olunurdu. Təəssüf ki, 1920-ci il aprelin 27-də baş verən bolşevik işğalı bu inkişafın qarşısını aldı. Azərbaycanda sovet hakimiyyətinin mövcud olduğu təqribən 70 il ərzində totalitar sistemlərə xas idarəetmə tətbiq olundu. 1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə xalqımız yenidən öz taleyinin sahibi oldu. Qısa zamanda yeni siyasi partiyalar, mərkəzçi, sağçı, milli ideyalar gündəmə gəldi. Lakin siyasi partiyaların sayı durmadan artsa da, çoxpartiyalılıq formalaşsa da, cəmiyyətin siyasi fəallığı kifayət qədər artmadı. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların 58-i rəsmi dövlət qeydiyyatındadır. Bəzi siyasi partiyalar ictimai həyatda fəal şəkildə iştirak etsə də, əksəriyyətinin fəaliyyəti yalnız kağız üzərindədir. Ekspertlərin fikrincə, ölkəmizdə partiyaların siyasi iş aparması üçün ciddi maddi-texniki bazası yoxdur. Siyasi partiyaların iş aparması üçün hüquqi baza da yetərsizdir. Hesab edilir ki, əgər proporsional seçki sistemi olsaydı, partiyaların rolu da, vətəndaşların partiyalara marağı artmış olardı. Bunların heç biri olmadığı üçün əhalinin siyasi partiyalaşma meyli çox aşağıdır. Partiyalar ölkənin siyasi sistemində ciddi rol oynamırsa, vətəndaşların da partiyalara qoşulmağı mənasız görsənir. dia-az.life-ın məlumatına görə, siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Sherg.az"a açıqlamasında deyib ki, bütün cəmiyyətlərdə siyasi partiyalar cəmiyyətin əsas barometri hesab olunur. Professorun sözlərinə görə, partiyalar cəmiyyətin hakimiyyətə və dövlətə olan münasibətlərinin siyasi inikasıdır: “Partiyalar adətən iki qrupa bölünürlər – iqtidar və müxalifət partiyaları. Amma Azərbaycanda qeyri-adi vəziyyət yaranıb. Rəsmi qeydiyyatdan 60-a yaxın partiya keçsə də, əksəriyyəti bir-iki adamdan ibarətdir. 60 siyasi partiya onminlərlə mənsublarının olduqlarını iddia edirlər. Ancaq maraqlıdır ki, Azərbaycanda onların iddia etdiyi qədər siyasi fəal yoxdur. Statistikaya görə, əhalinin 10 faizdən çoxu bu və ya digər partiyaların üzvüdür. Ölkədə üzdə olan 5-6 siyasi partiya var. Onlar da sədr və müavinlərdən ibarətdir. Milli Məclisdə təmsil olunan siyasi partiyalarda da vəziyyət eynidir. Əlbəttə, bu mənzərəni dəyişmək lazımdır. Cəmiyyətdə vətəndaşların sosial-siyasi fəallığının, həmrəyliyinin artırılması üçün ciddi addımlar atılmalıdır. Bunun üçün ilk növbədə siyasi partiyaların tutarlı ideyaları olmalıdır. Hər partiyanın nizamnaməsində konkret olaraq hansı ideyaya xidmət göstərməsi qeyd olunmalıdır. Sovet imperiyasının sonlarına doğru partiya yaratmaq niyyətində olanlar öz ideyalarını açıq şəkildə bəyan edirdilər. Məsələn, milli istiqlalçılıq, vətəndaş həmrəyliyi, müsavatçılıq və s. siyasi ideyalar gündəmə gətirilir və cəmiyyətdə aktiv təbliğ olunurdu. İnsanların siyasiləşməsi, onlarda siyasi təfəkkür formalaşması üçün cəhdlər göstərilirdi. Azərbaycan 30 ildən artıqdır müstəqildir və bu müddət ərzində ideyasız partiyaların sayı daha da çoxalıb. Mənim düşüncəmə görə, kiçik partiyalar birləşməlidir və ölkədə 3-4 siyasi partiya olmalıdır. Xatırlayırsızsa, bir neçə iqtidaryönlü partiyalar hakim Yeni Azərbaycan Partiyasına birləşmək qərarı aldılar. Müxalifətdə olan sağçılar, solçular iki-üç partiyada cəmləşə bilərlər. Kiçik cəmiyyətlərdə bu qədər fikir müxtəlifliyinə yer yoxdur. Əgər bir millətin 60 siyasi partiyası varsa, deməli, xalq arasında 60 fərqli ideya var. Elə bunun özü bu qədər siyasi ideyanın olmadığına dəlalət edir. Mərkəzçi, sağçı, solçu, bir də sosial və ekoloji məsələlərlə bağlı ayrıca partiyaların fəaliyyət göstərməsi daha məqsədəuyğun olar”. C.Nuriyevə görə, əksər ölkələrdə keçid dövründə partiyaların sayı çoxalıb, lakin getdikcə sayları azalıb: “Azərbaycanda isə “yağışdan sonra çıxan göbələk” partiyaların sayı artıb. Yerindən duran özünə bir partiya yaradır və özünü “politoloq”, “siyasi şərhçi” kimi tanıtmağa çalışır. Əksəriyyətinin biliyi, danışığı nə müasir səviyyəyə uyğundur, nə də cəmiyyət üçün faydalıdır. Əlbəttə, müxtəlif fikirlərin olması, plüralizmin inkişafı lazımdır. Ancaq insanları mənasız və əsassız çağırışlarla aldatmaq yolverilməzdir. Çoxpartiyalığı da cəmiyyətə “demokratiya” kimi sırımaq lazım deyil”. Professorun fikrincə, destruktiv və konstruktiv müxalifəti bir-birindən ayırmaq lazımdır: “Əgər hökumətin yanlışları obyektiv tənqid olunursa, konstruktiv müxalifət formalaşar. Hamı qəbul edir ki, cəmiyyətdə siyasi rəqabət vacib amildir. Siyasi rəqabət mühiti formalaşmalıdır ki, insanların siyasi fəallığı artsın. Ağıllı fikir söyləyənlərə, faydalı təklif irəli sürənlərə qarşı “səlib yürüşü” həyata keçirilməsini də doğru saymıram. Hamını eyni cür düşünməyə məcbur etmək olmaz. Məhz belə davranış səbəbindən siyasi proseslər solğun, yekcins və cəmiyyət üçün maraqsız hala düşüb”. Geri qayıt |