Əsas Səhifə > Partiya, Güney Press > Dövlət pambıq əkir, xalça toxuyur, pomidor yetişdirir:

Dövlət pambıq əkir, xalça toxuyur, pomidor yetişdirir:


26-08-2022, 08:04
Dövlət pambıq əkir, xalça toxuyur, pomidor yetişdirir:
"Yəqin xatırlayarsız, 9 yanvar 2021-ci ildə “Azərxalçanın” rəhbəri Vidadi Muradov həbs edilmişdi, küllü miqdarda dövlətə ziyan vurduğu, “Azərxalçanı” yeyib-dağıtdığı üzə çıxmışdı. Sonra Vidadi Muradov 31 oktyabr 2021-ci ildə səhhəti ilə əlaqədar həbsdən azad edilmiş, 4 noyabr 2021-ci ildə isə xərçəng xəstəliyindən vəfat etmişdi.

“Azərxalçaya” yeni rəhbər təyin edildi, indi isə 2021-ci illə, yəni, Vidadi Muradovun artıq rəhbər olmadığı keçən illə bağlı rəsmi rəqəmlər açıqlanıb. Məlum olur ki, 2021-ci ildə “Azərxalça” 3 milyon 200 min manat xalis zərər edib. “Azərxalça” ASC-nin satışdan gəlirləri 2020-ci ildə 5 milyon 142 min manat ikən, 2021-ci ildə 1 milyon 607 min manata düşüb (3,2 dəfə azalıb). 31 Dekabr 2021-ci il tarixində “Azərxalça” ASC-nin yığılmış zərəri 17 milyon 39 min manata çatıb".
DİA.AZ xəbər verir ki, bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli vurğuladı ki, yarandığı ilk gündən etibarən bu qurumun məzmunsuz qurum olduğunu israrla söyləmişik, dövlətin xalça toxumaq kimi bir işə girişməsini mənasız adlandırmışıq: "Problem kadrlarda, rəhbərdə deyil sistemdədir. Dövlət xalçaçılığı inkişaf etdirmək istəyirsə mənasız ayrıca bir qurum yaratmamalıdır, büdcədən ona çoxlu pul ayırmamalıdır, həmin pulların yeyilməsinə şərait yaratmamalıdır. Dövlət iqtisadiyyatda ən pis, ən bərbad oyunçudur, pis menecerdir. Dövlət xalçaçılığa sosial və mədəni sahə kimi baxıb inkişaf etdirmək istəyirsə, bunun yolları var: Bu işi bacaranlara, xalça toxumaq mədəniyyəti və ənənələri olan ailələrə pulsuz avadanlıqla yardım edir, onları vergidən tam azad edir, uzunmüddətli və faizsiz kredit xətti ayırır – vəssalam, bu zaman pullar göyə, ciblərə sovurulmur, xalçanı bu işi bacaran toxuyur, satmağı bacaranlara verir, onlar da satırlar, dövlət isə ziyanla işləyən müəssisələrə pul ayırmağa məcbur qalmır, həm də öz sosial məsuliyyətini yerinə yetirərək yeni iş yerlərinin yaranmasına dəstək olur".

İqtisadçı vurğuladı ki, bu işin fəlsəfəsi, “kodlaşdırması” belə olmalıdır: "Bu tək xalçaçılığa aid deyil, bizdə dövlət hər şeylə məşğul olmaq istəyir, xalça da toxuyur, neft də çıxardır, pambıq da əkir, pomidor da yetişdirir, inək də saxlayır – nəticədə hər yerdə ziyan, hər sahədə bahalıq və bərbad nəticələr görürük. Çünki, dövlət öz vətəndaşına güvənmir, inanmır, biznes məntiqini anlamır, nəzarətdən kənar pul qazana biləcək çevrələrin yaranmasından çəkinir. Bu anormal sovet-dövlət-məmur "kapitalizm" sistemidir".

Geri qayıt