Əsas Səhifə > Partiya, Güney Press > “Bəxtiyar Hacıyev Azərbaycan vətəndaşlığını tərk etsə, nə olacaq ki...”
“Bəxtiyar Hacıyev Azərbaycan vətəndaşlığını tərk etsə, nə olacaq ki...”27-08-2022, 09:40 |
“Biz Azərbaycanda konstitusion hüquqlarından istifadə edən vətəndaşlara qarşı zorakılıq, o cümlədən hücumlar və digər təzyiq formalarından dərin narahatıq”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü “Turan”ın ictimai-siyasi fəal Bəxtiyar Hacıyevə qarşı son hücumla bağlı sorğusuna cavab olaraq bildirib. Dövlət Departamentinin sözçüsü əlavə edib: “Biz hakimiyyəti bütün bu kimi hadisələri, o cümlədən Bəxtiyar Hacıyevin bu yaxınlarda bildirdiyi hadisələri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq. Və biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən fikirlərini dinc ifadə etmək hüququna hörmət etməyə çağırırıq”. Xatırladaq ki, Bəxtiyar Hacıyev bildirib ki, bazar ertəsi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu Bakıda küçədə tutub, 6 saat saxlayıb və Facebook sosial şəbəkəsində daxili işlər nazirini tənqid edən yazılarını sildikdən sonra sərbəst buraxıblar. 2022-ci ilin aprelində isə o, döyüldüyünü və onlayn yazılara görə sorğu-sual edildiyini söyləmişdi. Hacıyev Azərbaycan vətəndaşlığından çıxmaq üçün ərizə verib. Bəs Bəxtiyar Hacıyevin başına gələnlər araşdırılırmı? Onun vətəndaşlıqdan çıxmaq barədə müraciəti təmin ediləcəkmi? Ümumiyyətlə, bu prosedur qanunla necə aparılır? Müraciətinə müsbət cavab verilərsə, Bəxtiyar Hacıyev hansı ölkəyə köçəcək? “Yeni Müsavat” olaraq ilk öncə məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, qurumdan bu məsələyə münasibət bildirmək istəmədiklərini bildirdilər. Bəxtiyar Hacıyev isə sualımıza cavab olaraq dedi: “Mən bir vətəndaş olaraq öz hüquqlarımdan istifadə edib, Azərbaycan vətəndaşlığından çıxmaq üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət etmişəm. Həm siyasi sferaya müraciətim olub, həm də hüquqi prosedur olaraq Dövlət Miqrasiya Xidmətinə lazım olan sənədləri toplayıb təqdim etmişəm, digər sənədlər də işlənəcək. Prezident müraciətimə cavab verdikdən sonra həmin qərar uyğun addımlar atacam və bu barədə ictimaiyyətə məlumat verəcəm. Dünyada gediləcək xeyli başqa ölkələr var. Şimali Koreyadan tutmuş ABŞ-a qədər. Əsas məsələ Prezidentin mənim müraciətimə verəcəyi qərardan asılıdır”. dia-az.life-ın məlumatına görə, millət vəkili Fəzail Ağamalı mövzuya şərh olaraq “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Görünəni budur ki, Bəxtiyar Hacıyev ABŞ-ın müəyyən qurumları tərəfindən ortaya atılan, idarə edilən şəxsdir. B.Hacıyev vaxtilə ABŞ-da təhsil alıb və görünür ki, orada təhsil alan zaman xüsusi orqanlar tərəfindən ələ alınıb və indiyə qədər də ABŞ-ın strateji, geopolitik maraqlarına uyğun olaraq hərəkət və davranışlarını ortaya qoyur, onların məqsədlərinə xidmət edir və indiki halda onun vətəndaşlıqdan imtina etməsi də bir anti-Azərbaycan mövqeyini ifadə edən növbəti addımlarından biridir. Bunun ətrafında səs-küy qaldırmaq, ABŞ Departamentinin sözçüsü səviyyəsində buna reaksiya verilməsi, buna əsaslanaraq Azərbaycanda insan haqları ilə bağlı problemin olduğunu önə çəkmək bir daha onu göstərir ki, Bəxtiyar Hacıyev mahiyyətcə Azərbaycanın deyil, ABŞ-ın müəyyən dairələrinə xidmət edən agent şəbəkəsinin içərisindədir. Bu artıq açıldı, bəlli oldu. Beləliklə, Bəxtiyar Hacıyev bu gün bütün çılpaqlığı ilə anti-Azərbaycan qüvvələrinin içərisində yer aldığını nümayiş etdirmiş oldu. Qaldı ki, ABŞ Departamentinin sözçüsünün bəyanatına, düşünürəm ki, bu, Azərbaycanın insan haqları ilə bağlı fəaliyyətinə atılmış böhtandır və bunun Azərbaycan siyasi ictimai həyatına hər hansı bir şəkildə təsiri olmayacaq. Çünki Bəxtiyar Hacıyevin Azərbaycanda fəaliyyəti heç vaxt ciddi rezonans doğurmayıb, ciddi təsir dairəsi yaratmayıb. Bu bəyanat da bir neçə gündən sonra tarixin arxivində qalacaq. Bəxtiyar Hacıyev Azərbaycan vətəndaşlığını tərk etsə nə olacaq ki? Əgər bir Azərbaycan vətəndaşı formal olaraq bu ölkənin vətəndaşı adını daşıyır, öz dövlətinə xidmət etmir, elə vətəndaşlıqdan çıxsa daha doğru, məntiqli olar. Başqa ölkənin maraqlarına xidmət edib, Azərbaycan dövlətçiliyinə, milli maraqlarına xəyanət edən ona qarşı çıxan, problem yaratmağa çalışan şəxsin Azərbaycan vətəndaşı olmağa hansı mənəvi haqqı çatır? Beləliklə, Bəxtiyar Hacıyevin Azərbaycan vətəndaşlığından çıxması antihadisə kimi qarşılanmalıdır. Azərbaycan içərisində başqa ölkənin maraqların xidmət edənin onun vətəndaşlığından çıxıb getməsi infeksiya verən yaranın qoparıb atılmasına bənzər bir şeydir". Geri qayıt |