Əsas Səhifə > Partiya, Güney Press > "Kimin Şuşaya gedib-getməməsindən asılı olmayaraq..."
"Kimin Şuşaya gedib-getməməsindən asılı olmayaraq..."30-08-2022, 08:44 |
Laçın şəhərinin, eləcə də Zabux və Sus kəndlərinin tam nəzarətimizə keçməsi məhz 44 günlük Vətən müharibəsinin nəticəsidir. “Yeni Müsavat” bildirir ki, düz 30 il sonra Laçın qayıtdı və ordumuz bu şəhərə avqustun 26-da daxil oldu. Təbii ki, 44 günlük savaş, onun gətirdiyi reallıqlar, o cümlədən 10 noyabr sənədində imzası olan Rusiya ilə Ermənistanın götürdüyü öhdəlikləri icra etmək məcburiyyəti bizə Laçını qazandırdı. Bu, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qələbənin ardı hesab edilməlidir. Düz ilyarım sonra Prezident yenə tvit atdı və xalqa müjdə verdi - ordumuz Laçına daxil olub. Üstəlik, proses daha sürətli həyata keçdi. Ermənilər ümid edirdi ki, 2023-cü ilin sonunda Laçın təhvil veriləcək, yaxud təxribatlar edərək bölgədən çıxmamaq üçün müqavimət göstəriləcək, amma Azərbaycan diplomatiyası bir güllə atılmadan Laçını da xalqımıza, laçınlılara qazandırdı. Ümumiyyətlə, Laçın dəhlizi sovet dövründən strateji əhəmiyyət daşıyıb və indi bu əraziyə nəzarət etmək tarixi hadisədir. Eyni zamanda Ermənistandan Xankəndi və ətraf ərazilərdə olan ermənilərə qaz, işıq, internet xətləri Laçın şəhərinin içindən keçir, indi bu kommunikasiyalar da kontrolumuzdadır. Bütün bunlar isə 44 günlük müharibədə və diplomatiya meydanında əldə edilən zəfərlərin nəticələridir. Ermənilər isə Laçından, Zabuxdan çıxarkən də sülh, insanlıq əleyhinə cinayətlərə əl atdılar. Onlar gah evlərə, gah meşələrə od vurdular, amma bu dəfə etdikləri barbarlığın geniş miqyas almasına imkan vermədik. Həmçinin beynəlxalq aləm də bir daha şahid oldu ki, ermənilər hansı xislətə malikdir. Laçın və kəndlərin azad olunmasına keçmiş həmsədr ölkələrin də susqun qalmasına məhz müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günə qazanılmış qalibiyyətin nəticəsi və davamı kimi baxmaq lazımdır. Dünya bu həqiqətlərlə barışmağa məcburdur. Ümumiyyətlə, ekspertlərin bir çoxu düşünür ki, bu, Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatiyasının, səbrin, ölkəmizin hərbi qüdrətinin növbəti qələbəsidir. Bu, Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik” bəyanatının növbəti dəfə həyata mandat qazanmasıdır. “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərovanın sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi bəzi ölkələrin narahatlığına səbəb olur: “Kimin Şuşaya gedib-getməməsindən asılı olmayaraq dəyişməyən həqiqət var - Şuşa Azərbaycandır və ümumiyyətlə, Qarabağ Azərbaycandır. Azərbaycan son dövrlər ən uğurlu diplomatiyasını aparır. Qınamaq asandır, müzakirə və fikir mübadiləsi də haqqınızdır. Sadəcə, unudulmayan məqam milli maraqlarımız olmalıdır”. Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, Laçın şəhərinin azad edilməsi ilə “Laçın dəhlizi” də qüvvədən düşür. Onun fikrincə, hələ I Qarabağ müharibəsinin getdiyi vaxt qurulan danışıqlar masasında ermənilərin istəyi ilə gündəmə gələn bu məsələ “Madrid prinsipləri” də daxil olmaqla, müxtəlif həll planlarına salınmışdı. Dəhlizin marşrutunun dəyişməsi “Laçın dəhlizi”nin gündəmdən çıxması ilə yanaşı, Bakının manevr imkanlarını da artırır. Ekspertin bildirdiyinə görə, Bakı yeni yola “dəhliz statusu”nu vermək qarşılığında digər tələblərinin - Zəngəzur dəhlizinin açılması, erməni qoşunların tamamilə çıxarılması, separatçıların tərk-silah edilməsi və s. yerinə yetirilməsini gündəmə gətirə bilər. 10 noyabr razılaşmasını istədiyimiz şəkildə şərh edə bilmək imkanının olması buna şərait yaradır. BAXCP sədrinin müavini, siyasi ekspert Niyaməddin Orduxanlı isə bu qənaətdədir ki, Prezident İlham Əliyev Laçında, Şuşada, Kəlbəcərdə, Ağdamda, Zəngilanda, Qubadlıda, Füzulidə, Ağoğlanda bir erməni belə saxlamadı: “Çox inanıram ki, tezliklə Ali Baş Komandan İlham Əliyev Laçını geri aldığı kimi, Xankəndini, Xocalını da geri alacaq”. Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə də o fikirdədir ki, Laçın şəhərində, Zabux və Sus kəndində üçrəngli bayrağımızın qaldırılması Azərbaycanın möhtəşəm qələbəsidir: “Bu, Ermənistan üzərində növbəti əzici üstünlüyümüzdur. Zaman göstərdi ki, Prezident İlham Əliyev Qarabağ məsələsində düzgün strateji xətt ortaya qoyub. Və proses Xocalıda davam edəcək. Brüssel görüşünə Azərbaycan bir daha qalib kimi gedəcək” . “Laçın şəhər mərkəzinin, Zabux və Sus kəndlərinin tamamilə ermənilərdən təmizlənməsi və ordumuzun nəzarətinə keçməsi ilə işimiz hələ tam bitməyib. Bu böyük hadisədən sonra hədəf Xankəndi, Xocalı, Xocavənddir”. Bunu isə Modern.az-a açıqlamasında Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov bildirib. Onun sözlərinə görə, Laçının tam azad olunmasından sonra Azərbaycan yeni hədəflərinə doğru irəliləyəcək: “Məqsədə çatmaq üçün cənab Prezidentin, müzəffər Ali Baş Komandanın növbəti tapşırıq və göstərişləri xalqımız və ordumuz tərəfindən səbirsizliklə gözlənilir”. E.Məmmədov hesab edir ki, Azərbaycan bayrağı Laçınla yanaşı, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər ərazilərdə də dalğalanacaq. Sadəcə olaraq, zamana ehtiyac var" deyə parlament üzvü vurğulayıb. //musavat.com// Geri qayıt |