Əsas Səhifə > Partiya, Güney Press > “Getmirlər, cəhənnəmə getsinlər, yaxşı iş görüblər, Şuşanı murdarlamayıblar”

“Getmirlər, cəhənnəmə getsinlər, yaxşı iş görüblər, Şuşanı murdarlamayıblar”


31-08-2022, 08:55
“Getmirlər, cəhənnəmə getsinlər, yaxşı iş görüblər, Şuşanı murdarlamayıblar”
“ABŞ səfiri olsaydım, Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlanmayana qədər bu ərazilərə mən də getməzdim”.

DİA.AZ “Yeni Müsavat”a istinadla xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997) Riçard Kozlariç ABŞ və Fransa diplomatlarının Şuşaya səfərdən imtina etməsindən Bakının narazılığını şərh edərkən deyib. Regiondakı durumu öz arşını ilə ölçən Kozlariç, üstəlik, Şuşaya gedən diplomatları aşağılayaraq deyib ki, belə səfərlərin məqsədi, sadəcə, “şəkil çəkdirmək imkanıdır”.

“Mən ora dəvət olunduğum üçün yox, istədiyim vaxt gedərdim”, - deyə o əlavə edib.

Belə görünür, Kozlariç yaşlaşdıqca müdrikləşmək əvəzinə, sayıqlayır. Bəlkə o, doğrudan da xəyal edir ki, Azərbaycan sülh sazişi imzalayanda Ermənistana özünün hansısa ərazisini, yaxud Şuşanı güzəşt edəcək, o səbəbə gözləməyi üstün tutur və yalnız ondan sonra atlana-atlana Şuşaya gedəcək? Belə bir güzəşt təbii ki, heç vaxt olmayacaq, kozlariçlər də gözləyə-gözləyə qalacaq!

Azərbaycan BMT tərəfindən, digər beynəlxalq təşkilatlar tərəfindən keçmiş DQMV də daxil olmaqla, ərazi bütövlüyü tanınan suveren bir dövlətdir. O zaman Şuşaya gedib-getməməyə sülh sazişinin bağlanıb-bağlanmamasının nə dəxli ola bilər, görəsən?

Sabiq səfir bununla həm də Rusiyanın Ukraynaya hərbi təcavüzünə haqq qazandırmış olur. Çünki necə ki, o və Bakıdakı səfir Örl Lizenberger ərazi bütövlüyümüzə sayğısızlıq eləməklə beynəlxalq hüquqa məhəl qoymur, Rusiya da Ukraynanın ərazi bütövlüyünü tanımır. Ümumiyyətlə, Kozlariçdən bu haqda soruşmağa da ehtiyac yox idi. Özünü “yuyulmamış qaşıq” kimi ortaya atan keçmiş səfirin fikri nəyimizə lazımdır? dia-az.life-ın məlumatına görə, deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, Şuşaya getmirlər, cəhənnəmə getsinlər: “Bizi təəccübləndirən heç nə yoxdur. Fransa ömrü boyu Ermənistana bacı deyib, Amerika da onu qucaqlayıb, onlardan nə gözləyirsiniz ki?! Amerika bir dəfə dilinə gətirməyib ki, bu nə vəhşilikdir, ermənilər Qarabağı niyə bu günə salıblar? 30 il ev-eşiyimizi, məscidlərimizi, abidələrimizi dağıdıblar, Ağdamda bir salamat tikili qalmayıb, ABŞ səsini də çıxarmır. Çünki özləri separatçılara hər il milyonlar verirdi, hələ gizli nə qədər maliyyə ayırırdılar, Allah bilir. Ona görə indi niyə Kozlariçdən, yaxud hazırkı səfirdən inciyirsiniz? Onların iç üzünü yaxşı bilirik”.

A.Abbas qeyd etdi ki, onlar Şuşaya getməməklə yaxşı iş görüblər, müqəddəs şəhərimizi murdarlamayıblar: “Kozlariçə gəldikdə, səhv etmirəmsə, vaxtilə Bakıda biznes qurmuşdu, pul qazanırdı, indi qocalıb, ağzına gələni danışır. Biz bilirik ki, bütün bunlar Rusiya ilə bağlı sərgilənən mövqedir. Vaşinqton istəyir ki, biz Moskva ilə əlaqəni kəsək, sanksiyalara qoşulaq. Ancaq bu olmayacaq. Yaxın düşmən uzaq dostdan yaxşıdır. Rusiya Gürcüstanı işğal edəndə Amerika cəmi bir bəyanat verdi, amma gürcüləri qızışdırıb işə saldılar. İndi istəyirlər ki, Qafqazda müharibə başlasın, Rusiyanı qızışdırsınlar, amma Bakı neytrallığını qoruyub saxlayacaq, Prezidentimizin də siyasəti burada mühüm rol oynayır”.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanovun sözlərinə görə, Amerikanın və Fransanın regionda maraqları tamamilə başqadır, bu yöndə öz siyasətlərini yürüdürlər: “Təəssüf ki, bizdə müxalifətin bir hissəsi torpaqların azad olunmasını hələ də Qərblə bağlamağa cəhd edir. Ancaq Amerikanın son davranışları ilə bu arqumentimiz təsdiqini tapır ki, Qərb ölkələri torpaqlarımızın erməni işğalından azad edilməsinin tərəfdarı olmayıblar. İndi biz deyirik ki, keçmiş səfir Kozlariç kimi adamlar qocalıb, başını itirib, amma mən belə fikirləşmirəm, əksinə, onlar məqsədli şəkildə belə çıxış edirlər. Ümumiyyətlə, Qərb Tayvan, Ukrayna və digər bölgələrdə qaynar ocaqlar yaradır, bunun üçün vəsait xərcləyir, qarışıqlığa səbəb olur və nəticədə öz siyasətini reallaşdırmağa çalışır. Ona görə Kozlariçin də, başqa amerikalı diplomatların da mövqeyi hər zaman belə olacaq. Azərbaycan cəmiyyəti bilməlidir ki, Qərb dildə demokratiya, ədalətdən danışsa da, əməli bu şüarlarla uzlaşmır”.

R.Qurbanov hesab edir ki, müharibədən əvvəl də, sonra da Vaşinqtonun mövqeyi dəyişməyib: “Özünüz görürsünüz, dövlət katibi Entoni Blinken Minsk Qrupuna həmsədr təyin edir. Axı bunu niyə edirsiniz? Deməli, məqsəd bölgədə problemi təzədən yaratmaqdır. Bu, heç də ermənilərə olan sevgidən qaynaqlanmır, sadəcə, niyyət suları bulandırmaqdır. Bu gün Azərbaycanla Ermənistan arasında sülhə doğru danışıqlar gedir, sərhədlərin dəqiqləşməsi üçün proses aparılır, lakin ABŞ bu yaxınlaşmanı görərək əvvəlki status-kvonun qayıtmasını istəyir.

Odur ki, Rusiya və Türkiyənin Qarabağ məsələsinə yanaşmasına baxın, demokratik dediyiniz ABŞ və Fransanın mövqeyinə baxın. Vaşinqtonun dövlət siyasəti budur ki, nə qədər gərginlik ocaqları olarsa, o qədər öz maraqlarını həyata keçirmiş olar. Bu baxımdan Rusiya və Türkiyənin tutduğu mövqe mənə ümid verir ki, biz hədəflərimizə tam olaraq çatacağıq, Qarabağın digər ərazilərində də suverenliyimizi təmin edəcəyik. Necə ki, Lənkərana, Qubaya, eləcə də Xankəndinə, Xocalıya, Əsgərana gedəcəyik. Hansı ölkənin səfiri Şuşaya getmirsə, öz işidir, bizim problemimiz deyil".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun dediyinə görə, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç ölkəsinin hazırkı səfirinin Şuşaya səfərdən imtinasının doğru olduğunu belə izah edib ki, sülh sazişi yoxdur: “Yəni Kozlariçin məntiqinə görə, Azərbaycanla Ermənistan arasında sülh sazişi yoxdursa, Qərb ölkələrinin səfirlərinin Şuşaya getməsi doğru deyil. Kozlariç Şuşaya gedən səfirlərin və diplomatların ”ora şəkil çəkdirmək üçün getdikərini" iddia edib.

Birincisi, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin Şuşaya nə dəxli var? Yəni Ermənistan Şuşanı Azərbaycan şəhəri kimi tanımalıdır ki, ABŞ səfiri tarixi şəhərimizə getsin? Bəlkə iki ölkə arasında sülh sazişi ümumiyyətlə imzalanmadı, Vaşinqton Şuşanı Azərbaycan şəhəri kimi tanımayacaq? Halbuki ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, deməli, Şuşanı da Azərbaycan şəhəri kimi qəbul edib.

İkincisi, xarici ölkə səfirləri və yüzlərlə diplomat Şuşaya yalnız Kozlariçin təbirincə desək, “şəkil çəkdirmək” üçün getməyiblər, onlar bu yolla Azərbaycanın ərazi bütövlüyünə hörmətlərini nümayiş etdiriblər".

Amerikalı analitik İrina Tsukerman deyib ki, Fransa səfiri üçün Şuşadakı tədbirdə iştirak etməmək göstərişi erməni diasporunun mühüm rolu və onun lobbiyə yaxınlığı ilə bağlıdır. O bildirib ki, ABŞ xarici siyasət prioritetləri üçün kritik anda, əksinə, üçüncü tərəfləri qəzəbləndirməkdən çəkinməlidir: “Bayden administrasiyası həmçinin Nümayəndələr Palatasını itirə biləcəkləri və hətta Senatda məğlubiyyətə uğraya biləcəkləri aralıq seçkilərdən əvvəl gəmini silkələməmək üçün ehtiyatlı olsa da, ABŞ üçün əsas diplomatik çıxışlardan qaçınmaq məqsədilə bu cür vəziyyətlərdə daha ehtiyatlı davranmalıdır. Belə aydın olur ki, ABŞ Şuşa prosesinə iki müstəqil ölkə arasında ikitərəfli münasibətlər məsələsi kimi deyil, onun daha geniş geosiyasi narahatlıqlarına xələl gətirə biləcək regional proksi müharibəsi kimi yanaşır və ondan tamamilə kənarda qalmağa üstünlük verir”.

Geri qayıt