Əsas Səhifə > Partiya, Güney Press > “Rusiya Ermənistana dövlət kimi yox, ərazi kimi yanaşır”

“Rusiya Ermənistana dövlət kimi yox, ərazi kimi yanaşır”


1-09-2022, 08:29
“Rusiya Ermənistana dövlət kimi yox, ərazi kimi yanaşır”
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi saytında bu ölkə ilə Ermənistan arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında Müqavilənin bağlanmasının 25-ci ildönümü ilə bağlı bəyanat dərc edilib. Bəyanatda qeyd edilir ki, iki ölkə əməkdaşlığın geniş spektri üzrə uğurla irəliləyir, qarşılıqlı fəaliyyətin effektivliyini artırır: “Biz qardaş Ermənistanla dostluğumuzu səmimiyyətlə qiymətləndiririk və ölkələrimizin, xalqlarımızın firavanlığı naminə Rusiya-Ermənistan müttəfiqliyini daha da gücləndirmək əzmindəyik”.

Xüsusilə İkinci Qarabağ savaşından sonra Ermənistanda anti-Rusiya, anti-Putin əhval-ruhiyyəsi artıb. Bunu Moskvada da yaxşı bilirlər. Üstəlik, sorosçu baş nazir Nikol Paşinyanın və komandasının Rusiyaya qarşı açıq və ya gizli fəaliyyəti də Kreml üçün sirr deyil. Ermənistan hakimiyyəti müttəfiq dedikləri Rusiyanın maraqlarının satmaq niyyətlərinə dəfələrlə ortaya qoyublar. Rusiyaya qardaş desələr də, onların əleyhinə müəyyən iş birliklərindən hələ də çəkinmirlər. Gah ABŞ kəşfiyyatının rəhbəri ilə bağlı qapılar arxasında görüşürlər, gah Avropadakı dəstəkçi ölkələrlə gizli işbirliyi qururlar. Məsələn, Rusiya XİN avqustun 17-də Ermənistana sərt məzmunlu nota verdi. Buna səbəb “Surmalu” ticarət mərkəzində baş verən partlayışla bağlı Rusiyanın ittiham olunması idi. Bununla bağlı Ermənistandan qəti cavab gözlədikləri notada qeyd edilirdi.

İndi isə Rusiya XİN “qardaş Ermənistanla” münasibətlərin səmimiliyindən dəm vurur. dia-az.life-ın məlumatına görə, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Rusiya Ermənistana dövlət kimi yox, ərazi kimi yanaşır: “Bu, tarixin bütün dövrlərində belə olub və Rusiya özünün klassik dövlətçilik ənənələrindən uzaqlaşmayınca, bu reallıq dəyişməyəcək. Rusiya tarixi Azərbaycan torpaqlarında ermənilərə öncə muxtariyyət, sonra isə ”dövlət" yaradıb. Daha sonra bu “dövlət”in yerləşdiyi ərazidən türk dövlətləri arasındakı bağları qırmaq üçün yararlanıb və şübhəsiz ki, ermənilərin türklərə qarşı olan aşırı nifrəti, hiyləgərlikləri, xəyanətə meylli olmaqları, qaniçənlikləri də bu məsələdə Moskvanın işinə yarayıb. SSRİ-nin süqutu ərəfəsində də mərkəzi hakimiyyət bir çox səbəblərdən, həm xaricdəki erməni diasporunun təsiri, həm də Türkiyənin bölgədəki nüfuzunu lokallaşdırmaq üçün Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə “yaşıl işıq” yandırıb və öz forpostuna hərtərəfli dəstək verib. Bu müddət ərzində Ermənistan ərazisi Rusiyaya forpost və bəlkə avanpost kimi lazım olub. Amma Azərbaycanın yürütdüyü siyasət, həmçinin Türkiyə-Azərbaycan münasibətlərinin sərhədləri dəqiq müəyyənləşdirilmiş, strateji bir platforma üzərindən inkişafı, dünyada və bölgədə baş verən dəyişikliklər Rusiyanın həm regiona, həm də Ermənistana olan münasibətini dəyişib. İndi Rusiyanın maraqları və bütövlükdə Avrasiyanın gələcəyi kontekstindən yanaşanda, Ermənistan, sadəcə, dəhliz kimi görünür və əgər ermənilər bu dəhlizin təhlükəsizliyinə xələl gətirən addımlarına son verəcəklərsə, o zaman dövlət kimi də mövcudluqlarını qoruyub saxlayacaqlar. Əks təqdirdə, sadəcə, dəhliz statusu ilə kifayətlənməli olacaqlar".

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov isə bildirdi ki, Rusiya-Ermənistan münasibətləri hazırda qeyri-səmimi ritorikaya söykənir: “Paşinyan hakimiyyəti ilə Rusiya arasında daim soyuq münasibətlər müşahidə olunur. Moskva Paşinyana tam etibar etmir. Çünki Kreml Qərbin yetişdirdiyi adamlar vasitəsilə Ermənistanda hakimiyyəti dəyişdirdiyini və Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin necə dərinləşdiyini yaxşı başa düşür. Rusiya hakimiyyətinin başında dayanan şəxslərin çoxu hələ hakimiyyətə gəlməzdən öncə Rusiyaya qarşı sərt münasibətləri ilə fərqlənirdilər. Hətta bəziləri Rusiyanın ünvanına təhqirlər də səsləndirirdi. İndi həmin adamların Rusiyaya yaltaqlanmalarının səmimi olmadığını Kreml gözəl bilir. Rusiya Ermənistana və onun hakimiyyətinə güvənmir. Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanla qardaşılqdan dəm vurmağı, sadəcə olaraq, qeyri-səmimi diplomatik gedişdir. Rusiya Ermənistanda Qərb təsisatlarının kifayət qədər yerləşdiyini və onlara şərait yaradılığını görür. Rusiya Ermənistana səmimi qardaş kimi deyil, bölgədə əlaltısı kimi yanaşır. Sadəcə, Ermənistan Rusiyaya Cənubi Qafqazda öz təsir vasitəsi üçün lazımdır. Ermənistan həmişə bu cür alət rolunda iştirak edib, indi də onun üzərinə bu vəzifə qoyulub. Ermənistan Rusiyaya əlaltı və forpost kimi lazımdır”.

Geri qayıt