Əsas Səhifə > Partiya, Güney Press > "İtirilən 15 günün yalnız sonuncu günü içiboş Bilik günüdür"

"İtirilən 15 günün yalnız sonuncu günü içiboş Bilik günüdür"


1-09-2022, 09:09
"İtirilən 15 günün yalnız sonuncu  günü içiboş Bilik günüdür"
DİA.AZ: - "Tələbə adını qazandınız. Xeyirli olsun. Ardınca tələbə məsuliyyətini qazanmaq gəlir. Yalnız məsuliyyəti idrak edən tələbə öyrənci ola bilir. Yəni öyrənmək onun üçün şəxsi ləyaqət məsələsinə çevrilir". DİA.AZ bildirir ki, bunu deputat Fazil Mustafa yeni tələbə adını qazanan gənclərə müraciətində bildirir.

Millət vəkili daha sonra fikirlərinə belə davam edir: "Qaldı müəllim və ya öyrətmən tapmaq... Müəllim çox olacaq, dərs deyən də bir o qədər olacaq. Muallimi, öyrətməni isə təkcə universitetdə axtarmırlar. Faydalı bir düşüncəni kimdən öyrənirsinizsə muallim, öyrətmən odur. Sokrat da sizin üçün muallim ola bilir, Nyuton da, Xudu Məmmədov da...Sıradan biri olmayın, özünüz bir sıra yaradın. Yalnız şəxsiyyətli öyrənci şəxsiyyətli öyrətmənə çevrilə bilər. Hələ ki, qazandığınız addır, necə ki, doğuşdan da ən gözəl adı qazana bilərsiniz. Vaxtı qazanmalısınız, vaxtın köləsi deyil, ağası olmalısınız. O halda dəyəriniz adınızı kölgədə qoyacaq.

İnsanın adına deyil, dəyərinə sayğı duyarlar. Unutmayın ki, 15 ildir təhsilin 15 gün gec başladığı təhsil məsuliyyətsizliyi xərçənginə yoluxmuş bir məmləkətdə gecikmiş bilik dalınca getməlisiniz. İtirilən 15 günün yalnız sonuncu günü içiboş Bilik günüdür. Bilikdən öncə gələn və itirilən 15 günün hər günü sizin üçün fədakarlıq günü olmalıdır. Siz təhsilə mənfi 15-dən başlayırsınız. Bilik qazanmaq amansız fədakarlıq istər. Özünüzə güvənin və sizə ümid bəsləyənləri inandırın! Mənfi 15 dərəcədə dondurulmuş Biliyin buzunu qırmaqda sizlərə uğurlar!"

Geri qayıt