Əsas Səhifə > Partiya, Güney Press > “Polad Həşimovun ailəsi mənə zəng etdi...”

“Polad Həşimovun ailəsi mənə zəng etdi...”


1-10-2022, 09:11
“Polad Həşimovun ailəsi mənə zəng etdi...”
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

“Həşimov rəmzə çevrildi”

- Rais bəy, Milli Qəhrəman Polad Həşimova həsr etdiyiniz portret çox maraqla qarşılandı. Əsər üzərində nə vaxtdan işləyirsiniz?

- Əsərə maraq göstərdiyinizə görə sizə təşəkkür edirəm. Bəli, portreti Feysbuk hesabında paylaşandan sonra insanlar maraqlanmağa başladılar, kimisi bəyəndi, kimisi bəyənmədi. Bir çoxları da görməzlikdən gəldilər.

Təvazökarlıqdan uzaq olsa da deyəcəm, bu şəkil deyil, belə bir şəxsiyyətin portretini yaratmaq bir hadisədir. Müxtəlif məqsədlər üçün istifadə olunan və çəkilən portretlər var: sənəd portretləri, təntənəli iclaslarda istifadə olunan portretlər və sair.

Bir də var “Kamernıy”- yəni dar çərçivəli portretlər – burada daha çox təsvir olunan insanın daxili aləmi, psixoloji durumu əks olunur.

Bir neçə ay öncə Günaz TV-nin qurucusu Əhməd Obalıyla birlikdə Sumqayıtda Polad Həşimovun anasını ziyarət etdik. Orada Polad Həşimova həsr olunan xatirə guşəsi var, insanlar ziyarət edir, gül, əklillər qoyurlar.

Orada Poladın çox şəkillərinə baxdım, onun haqqında materiallarla tanış oldum, ailəsiylə söhbət etdim və sonra əsər üzərində işə başladım.

- Niyə məhz Polad Həşimov?

- Vətən Müharibəsinin ilk qığılcımları olan Tovuz hadisələrində Poladın şücaəti, ermənilərə dərs verməsi, qəhrəmanlığı, şəxsiyyəti ilə insanların qəlbində taxt qurması, rəmzə çevrilməsi – bunlar çox önəmli məsələlərdir.

General idi, amma əsgərlərlə birlikdə səngərlərdə döyüşürdü. Prezident İlham Əliyev ona mənzil bağışlamışdı, amma o mənzilin açarlarını Aprel döyüşlərində şəhid olan əsgərin ailəsinə vermişdi. Halbuki, özü kirayədə qalırdı.

- Ailəsinin əsərə reaksiyası necə oldu?

- Mənə ailəsindən zəng gəldi, təşəkkür etdilər.

- Əsər kolleksiyanızda qalacaq, yoxsa...?

- Düşünürəm ki, bu əsərin ünvanı ailəsidir.

- Bu silsiləni davam etdirəcəksinizmi?

- Fikrim var, təki sağlıq olsun...Planları öncədən deyəndə çoxu baş tutmur.

Ümumiyyətlə, bu sənət - rəngkarlıq çox qısqanc sənətdir. Hər şeyə qısqanır. Hətta həyat yoldaşına da...Bir balaca ara verdin, geri qayıdış çətin olur. Nə çəksən də alınmır.

- Digər tərəfdən fikir axını da insanı rahat buraxmır.

- Zaman keçir fikir özü-özünə formalaşır. İnsan yığır-yığır, bircə təkanı əskik olur. Təkan oldusa, bütün fikirləri oyadır və əsər yetişir.

Bəzən fikirlərini içində saxlayanlar və özləriylə əbədi aparanlar var.

“Xankəndiyə getdik, əməlli-başlı təəccübləndik”

- Rais bəy, Şuşaya getmisiniz?

- Bu sualı mənə çox verirlər. Şuşaya gedirlər, heç dostum Şahin Musaoğlunu da dəvət etmirlər. Halbuki, bu adam vətərpərvərlik mahnılarının ustasıdır: “İgid əsgər, möhkəm dayan”, “Cənab leytenant, “, “Vətən əmanəti” və başqa musiqilərin həm söz yazarı, həm bəstəkarıdır. Eləcə də məni hələ dəvət etməyiblər.

Olsun, aparmasınlar. Mən vaxtilə Şuşada olmuşam. 1986-cı ildə dostum Fuad Mustafayevlə qatarla Xankəndiyə getdik, ora çatanda əməlli-başlı təəccüblənmişdik. Elanların hamısı erməni, rus dilində...Bir dənə də olsun Azərbaycan dilində nəsə tapmadıq. Hələ 1986-cı il idi. Sonra avtobusa minib Şuşaya qalxdıq.

- Şuşa necə təsir bağışlamışdı?

- Şuşa cənnət idi. Bir həftə orda qaldıq. Təsəvvür edin ki, yeriyirsiniz, ayaqlarınızın arasında buludlar...

Mən Şuşada elə yerlərdə olmuşam ki, hələki ora gedib çəkiliş edən heç bir operatorun kamerasında o yerləri görməmişəm.

- Ola bilməz ki, orda bir əsər yaranmasın...

- Əlbəttə, yarandı. Şuşa mənə çox təsir etmişdi. Ordan qayıdan kimi mənzərə janrında bir rəsm çəkdim.

(Rais Rəsulzadə kataloqda Şuşaya həsr etdiyi rəsmi göstərir)

- Əsərlərinizi satırsınız?

- Bir dönəm satmadım. Qısqanırdım. Çəkdiklərimi yanımda saxlamaq istəyirdim. Elə işlər var həqiqətən onu satmaq olmur. Amma satdıqlarım da var.

Azərbaycan qalereyası hələ sovet dönəmində sərgilərdə müəlliflərdən əsərlər alıb, fondda saxlayırdı.

Yadımdadır, Amerikadakı sərgidə çox əsərlərim satılmışdı.

Heç vaxt sənətimə qazanc kimi yanaşmamışam. Pul haqda düşünüb əsər yaradanda heç yaxşı alınmır. Şəxsən məndə belədir.

- Çox rəssamların həyatı əzablı olub. Yaratdıqları ölümlərindən sonra dəyərləndirilib. Əsərləri öz zamanında yaxşı satılan çox az rəssamlar var.

- Bəli, doğrudur. Onlardan biri də Amadeo Modilyani idi. Həm italyalı idi, həm də yəhudi. Milyoner qızına vurulur və onunla evlənir. Özü əsərlərini satanda heç kəs almırdı, öləndən sonra qalereyalarda dava-qırğınlar olurdu, milyonlara satılırdı.

Bununla bağlı bir maraqlı hadisə danışım. Siyavuş adlı dostum Şağanda muzey açıb. Orda mənim əsərlərimə baxan bir adam soruşub ki, bunun müəllifi ölüb? Deyiblər yox. Deyib onda öləndən sonra alaram.

Pikasso isə zamanında qiymət gördü. 17 yaşında elə gözəl rəsmlər çəkirdi ki...Əsərlərində humanizmi təbliğ edirdi. Məşhur olandan sonra yanına gəlib deyirdilər ki, yaşamaq çətindir, kömək elə. O da təmiz vərəqə öz imzasını çəkib verirdi onlara və deyirdi, indi nə istəyirsinizsə, çəkin. Nə çəksəydilər də Pikassonun imzasına görə satılırdı.
- Ananızın portretini çəkmisinizmi?

- Yox, amma çəkəcəm. Mən 3 yaşında anamı itirmişəm, məni nənəm böyüyüb. Nənəmə ana deyirdim.

Təhsil aldığım müddətdə onu uzun zaman görmədiyimə görə portretini çəkmişdim.

- Şanlı qələbəmiz bütün yaradıcı insanlara güclü motivasiya oldu. Bəs sizə?

- Əlbəttə, yaradıcılığa güclü təsir edir. Biz müharibə istəmirdik. Amma məcbur idik. Qələbə lazım idi. Mütləq lazım idi. Prinsipial olmalıyıq. Türkiyə hər zaman bizə dəstəkdir.

Geri qayıt