Əsas Səhifə > Partiya, Güney Press > "Real danışıqların olmaması hərbi qarşıdurma riski deməkdir"
"Real danışıqların olmaması hərbi qarşıdurma riski deməkdir"5-10-2022, 09:19 |
“Ermənistan real danışıqlar aparmır. Həm də növbəli görüşlər keçirilir. BMT-nin tədbirində və ya digər beynəlxalq platformalarda qısamüddətli təmaslar var. Amma xüsusilə intensiv danışıqlar getmir. Ələlxüsus, son zamanlar ABŞ və Bəzi qərb dövlətlərinin Ermənistanı illüziyaya yönəltməsindən sonra danışıqlarda intensivlik azalıb”. DİA.AZ xəbər verir ki, bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin üzvü Fazil Mustafa deyib. O xatırladıb ki, Azərbaycan prinsipial olaraq özünün siyasi xəttini davam etdirir: “Ermənistan tərəfindən ancaq nağıllar danışılır. Biz onların bu nağıldan dönəcəklərinə, real danışıqlara başlayacaqlarına ümid edirik. Çünki bunun onlar üçün nə dərəcədə zərərli olduğunu bir çoxları başa düşür. Amma hələlik danışıqlar istənilən tempdə getmir”. Milli Məclisin deputatı qeyd edir ki, real danışıqların olmaması hərbi qarşıdurma riski deməkdir: “Ermənistan hər hansı bir şəkildə danışıqlara meylli deyilsə, mütləq bunun nəticələri olacaq. Çünki millitarist xətt yürütməyə çalışacaqlar və bunun da cavabı Azərbaycan tərəfindən artıqlaması ilə veriləcək”. Fazil Mustafa əlavə edib ki, indiki halda Ermənistan ABŞ və bəzi ölkələrin istiqamətləndirməsindən daha çox özünün gələcəyini düşünməlidir: "Ermənistan Azərbaycanla real sülh bağlamaqla özünü gücləndirə, regional layihələrdə iştirak edə, bölgəyə açıla bilər: “Əks təqdirdə Ermənistan geriləməkdə davam edəcək. Bunun da onlara heç bir xeyri yoxdur”. Geri qayıt |