Əsas Səhifə > Partiya, Güney Press > “Rusiya Ermənistanı Amerikaya asanlıqla verməyəcək”

“Rusiya Ermənistanı Amerikaya asanlıqla verməyəcək”


5-10-2022, 17:45
“Rusiya Ermənistanı Amerikaya asanlıqla verməyəcək”
“Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda əsas aparıcı siyasi xətt Rusiyadan uzaqlaşaraq Avropa və ABŞ-a yaxınlaşmaq olub. Hədəflərdən biri də Türkiyə və Azərbaycanla münasibətləri düzəltməkdir. Amma rəsmi Moskvanın Paşinyan xəttinin qarşısını almaq, onu yerində oturmaq üçün ciddi təzyiqləri, üstəlik, hüquqi mexanizmləri var. Ona görə də, Paşinyan bu siyasi xəttini uğurla həyata keçirə bilmir”.

DİA.AZ xəbər verir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlu bildirib ki, ABŞ və Avropa Paşinyan hökumətinə lazımı qədər dəstək verir: “Buna baxmayaraq, Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması və Qərbə yaxınlaşması daxili kataklizmlərlə müşayiət olunacaq. Rusiya Ermənistanı Amerikaya asanlıqla verməyəcək. Ermənistan dövlətini ruslar yaradıb, Moskvanın buradakı yeganə istinad nöqtəsi də Ermənistandır. Sözsüz ki, Ermənistandakı qüvvlər radikal formada Rusiyadan uzaqlaşmaq istəsələr Moskva buna sərt cavab verəcək. Ermənistanda aranı qarışdırmaq, dövlət çevrilişi etmək, hətta lazım gələrsə, digər bölgə ölkələrinin əli ilə Ermənistanı cəzalandırmağa çalışacaq”.

S. Cəlaloğlu xatırladıb ki, bundan əvvəl müstəqil siyasət aparan Azərbaycanı cəzalandırmaq üçün Ermənistan Rusiyanın əlində alət olub: “İndi də Rusiya çalışacaq ki, Ermənistanı tutduğu yoldan qaytarmaq üçün Gürcüstandan, Azərbayandan və yeri gəlsə, İrandan istifadə etsin. Həmçinin burada əsas element Ermənistanda olan rusiyameylli qüvvələrdən istifadədir”.

Paşinyanın Qərbə yaxınlaşmaq üçün cəhdlər göstərdiyinə işarə edən partiya sədri diqqətə çatdırıb ki, Rusiyanın Ermənistanla 49 illik hərbi müttəfiqlik müqaviləsi var: “Bu müqavilə imkan verir ki, Ermənistan ordusuna Rusiya rəhbərlik etsin, onun sərhədlərini qorusun.

İkincisi, Ermənistanda rus hərbi bazası var. Bu olduqca, üçüncü ölkə orada böyük təsir gücü qura bilməz.

Üçüncüsü, Ermənistan iqtisadiyyatı Rusiya ilə bağlıdır.

Eyni zamanda ermənilərin ən böyük diaspora təşkilatı Rusiyadadır. Yüz minlərlə erməni Rusiyada işləyərək Ermənistana milyonlarla maliyyə göndərir. Bu da əsas faktorlardan biridir”.

S. Cəlaloğlu qeyd edib ki, erməni cəmiyyəti Rusiya və Qərb məsələsində ikiyə bölünüb, amma bunun dəqiq statistika məlum deyil:

“İran faktorunu da unutmaq olmaz. ABŞ-ın Ermənistanı öz təsirinə salması İran üçün də yolverilməzdir. İran bizi sionizmdə ittiham edir, amma ABŞ-ın gəlib İrəvanda oturması İran üçün daha pis ssenaridir. Odur ki, İran da bu prosesə müdaxilə edəcək”.

Geri qayıt