Əsas Səhifə > Partiya, Güney Press > "Ermənistan və diaspor üçün Qarabağ məsələsi bitdi"

"Ermənistan və diaspor üçün Qarabağ məsələsi bitdi"


8-10-2022, 09:42
"Ermənistan və diaspor üçün Qarabağ məsələsi bitdi"
Praqada keçirilən dördtərəfli görüşün əsas nəticəsi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Ərazi bütövlüyümüzün tanınması Türkiyə-Azərbaycan ittifaqının Avropada qazandığı ilk böyük siyasi uğurdur.

DİA.AZ xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.

Professorun sözlərinə görə, Ermənistan artıq yeri gəldi-gəlmədi Azərbaycanı ittiham edən Fransanın da iştirak etdiyi toplantıda üzərinə məsuliyyət götürüb və bununla ölkəmizin siyasi manevr imkanları çoxalıb:

“Əlbəttə ki, müzakirənin Avropa Siyasi Birliyinin sammitinin təşkilatçısı olan Makron və Şarl Mişelin təşəbbüsü ilə keçirilməsi xüsusilə əhəmiyyətlidir. Çünki artıq İlham Əliyev bəyannamənin qəbulu ilə əlavə manevr sahəsi açdı. Avropa nümayəndələrinin tərəflərə yardım üçün Ermənistana gəlməsinə Rusiyanın münasibəti məsələsi isə artıq Moskva və İrəvanın öz işidir. Bizi burada əsas maraqlandıran ərazi bütövlüyümüz, bir də Qarabağla bağlı iddialardır. Sözügedən iddiaların cavabını İlham Əliyev elə Praqada verdi. Qarabağdakı ermənilər də Azərbaycan vətəndaşlarıdır və hər kəsin sahib olduğu hüquqlar onlara da tanınacaq. Lakin dövlətimizin şərtlərini qəbul etməyənlər ölkəmizdən xaricdə harda istəsələr, yaşaya bilərlər.

Zəngəzur dəhlizi məsələsinə gəldikdə, indiki məqamda Paşinyanın bundan Rusiyadan daha çox Qərbin təzyiqi ilə boyun qaçırdığını düşünürəm. Çünki Ermənistan müstəqil dövlət deyil, ona görə ora-bura sürüklənir, özünə ağa axtarır.

Yekun sülh müqaviləsi imzalanmadıqca İrəvan yenə hansısa iddialarla çıxış edə bilər. Lakin nə baş verməsindən asılı olmayaraq, bundan sonra heç bir böyük dövlət Qarabağdakı ermənilərlə bağlı hansısa iddialarla çıxış edə bilməyəcək. Ermənistan və erməni diasporu üçün artıq Qarabağ məsələsi bitdi. Zəngəzur məsələsinin həllində isə zamana ehtiyac var. Səbir və təmkinlə, qurulan tələlərə düşmədən hərəkət etməliyik”.

Geri qayıt