Əsas Səhifə > Partiya, Güney Press > “Türkiyənin təşəbbüslərinə qarşı alternativlər irəli sürür, mane olurlar”

“Türkiyənin təşəbbüslərinə qarşı alternativlər irəli sürür, mane olurlar”


13-10-2022, 17:54
 “Türkiyənin təşəbbüslərinə qarşı alternativlər irəli sürür, mane olurlar”
“Türkiyənin Rusiya, Avropa və ABŞ arasında dialoq qurması, görüş təşkil etməsi üçün təşəbbüslərinin olduğu bildirilir. Amma mən bunun reallaşacağını zənn etmirəm. Bəli, Türkiyə belə bir təşəbbüs göstərə bilər, Rusiya da buna gedər, amma Qərbin bunu necə qarşılayacağını söyləmək olduqca çətindir. Qərb bu saat Rusiya ilə gizli kanallarla mükalimə və polemikaya gedir, sifarişlər göndərir”.

DİA.AZ xəbər verir ki, bunu Reyting.az-a professor Qabil Hüseynli Ərdoğan-Putin görüşündən danışarkən deyib.

Xatırladaq ki, görüşdən əvvəl Rusiya prezidenti Putinin köməkçisi Yuri Uşakov bildirib ki, onlar Türkiyə prezidentindən Rusiya ilə Qərb arasında dialoqun qurulması üçün vasitəçilik təklifi gözləyirlər.

Qabil Hüseynli isə deyir ki, ABŞ, Fransa, Yunanstan kimi anti-Türkiyə mövqeyində olan dövlətləri də nəzərə almaq lazımdır və bu dövlətlər Ankaranın Qərblə Moskva arasında vasitəçi olmasına razılıq verməzlər.

Professor diqqətə çatdırıb ki, indi Türkiyənin əsas “qaz anbarı”na çevriləcəyi və Avropaya qazın Türkiyə üzərindən veriləcəyi daha realdır:

“Bundan əvvəl Rusiya tərəfi də elan etmişdi ki, Türkiyə Avropaya qazın ötürülməsi prosesində mühüm rol oynaya bilər. Açığı, mən bunu real sayıram. Həm də praktiki baxımdan əhəmiyyətli hesab edirəm. Tam miqdarda olmasa da, müəyyən miqdarda rus qazının “Türk axını” vasitəsilə Avropaya nəqli real və mümkündür. Xüsusilə, Almaniya, Fransa, Macarıstan, elə bizim qaz verdiyimiz Bolqarıstan da bunu xoşluqla qarşılaya bilər”.

Q. Hüseynli bildirib ki, Fransanın çox səbatsız prezidenti var: “O da təşəbbüslə çıxış edərək deyib ki, “Rusiya ilə Qərb arasında dialoqun qurulması üçün vasitəçi kimi çıxış edə bilərik”. Qısası, hər yerdə Türkiyənin qarşısını almağa çalışır, Ankaranın təşəbbüslərinə alternativ irəli sürürlər. Yəni Türkiyənin təşəbbüsünə qarşı çıxan ölkələr az deyil”.

Geri qayıt