Əsas Səhifə > Partiya, Güney Press > “Vuran oğul dayısıyla məsləhətləşməz”
“Vuran oğul dayısıyla məsləhətləşməz”17-10-2022, 11:11 |
“Artıq İran rejiminin yalnız dini repressiyalarına qarşı yox, həm də milli siyasətinə qarşı etirazlar güclənib. Bu da xüsusən özünü Güney Azərbaycanda büruzə verməkdədir. Yəni bir sözlə, belə demək olarsa, İran rejimi inqilab ərəfəsindədir”. DİA.AZ xəbər verir ki, bu fikirləri Moderator.az-a Milli İstqiqlal partiyasının lideri, istiqlalçı deputat Etibar Məmmədov söyləyib. Bəs görəsən, yaxın gələcəkdə Güney Azərbaycan müstəqillik əldə edəcəyi halda aparıcı beynəlxalq güclər həmin dövlətin Quzeydəki mövcud müstəqil(!) Azərbaycan Respublikasıyla birləşərək daha güclü vahid bir Azərbaycan dövləti halına gəlməsinə xeyir-dua verəcəklər, yoxsa?.. Həmsöhbətimiz bu sualımızla bağlı da mülahizələrini söyləyib. “Bilirsiz, həmişə müəyyən qüvvələr belə fikirlər yayaraq hərəkat iştirakçılarını ruhdan salmağa çalışırlar ki, guya beynəlxalq güclər buna imkan verməz. Atalarımızın gözəl bir kəlamı var: “Vuran oğul dayısıyla məsləhət etməz”… Bu məntiqlə qarşıya hədəf qoyulubsa, əlbəttə ki, hər bir azərbaycanlının arzusudur ki, bütöv böyük bir Azərbayca yaransın. Ancaq birinci növbədə bu vəzifə Cənubdakı qardaşlarımızın üzərinə düşür. Onlar bu hərəkatı genişləndirməli və keyfiyyət səviyyəsini yuxarı qaldırmalıdırlar. Öncə dediyim kimi, milli liderlərin yetişməsinə və xalq tərəfindən qəbul olunmasına istiqamətlənmiş fəaliyyət göstərməlidirlər. Və Azərbaycan Respublikasından da soydaşlarımıza həm mənəvi, həm başqa yönlü dəstək olmalıdır. Bu, bizim üçün milli vəzifə və borcdur..." "Mən dəfələrlə söyləmişəm ki, ümumiyyətlə, Azərbaycan Respublikası, dövləti dünyadakı bütün azərbaycanlıların himayədarı missiyasını rəsmən elan etməlidir və soydaşlarımızın milli hüquqlarının müdafiəsini milli vəzifə səviyyəsinə qaldırmalıdır. Və həmçinin dəfələrlə təklif etmişəm ki, cənublu qardaşlarımızın təhsil, ixtisas inkişafı üçün də bizim ali məktəblərdə onlara görə kvotalar, yerlər ayrılmalıdır. Azərbaycan dövlətinin hesabına soydaşlarımız burada təhsil almalı və güclü mütəxəssislərə çevrilməlidirlər… Hələ ki bu proseslər baş vermədiyinə görə biz Quzey Azərbaycan olaraq üzərimizə düşən vəzifənin çoxunu yerinə yetirməmişik. Bununla belə, Cənubdakı proseslər heç vaxt dayanmayıb, həmişə aşağı, yuxarı və ya orta səviyyədə arta-arta davam edib. Və bundan sonra da getməsi, genişlənməsi gözlənilir, hadisələr də göstərir ki, ümumilikdə bu hərəkat cənublu-şimallı xalq tərəfindən dəstəklənir. Ancaq bunu sistemli hala salmaq və həm İran hakimiyyətinin onu məcburən qəbul etməsinə və bütövlükdə dünyada bu hərəkatın tanınmasına nail olmaq lazımdır”- deyə istiqlalçı deputat vurğulayıb. Geri qayıt |