Əsas Səhifə > Partiya, Güney Press > "İstənilən ölkə hərbi təlimlər keçirə bilər, ancaq..."

"İstənilən ölkə hərbi təlimlər keçirə bilər, ancaq..."


21-10-2022, 08:26
"İstənilən ölkə hərbi təlimlər keçirə bilər, ancaq..."
DİA.AZ: - "Prezident İıham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına etdiyi hər bir səfəri, işğaldan azad olunmuş bölgələrin bərpasını sürətləndirir. İqtisadi inkişafın təməlini təşkil edən yol-nəqliyyat infrastrukturu, energetika sistemi yaradılır, sosial obyektlər, aqroparklar istifadəyə verilir. Ekoloji proqramlar həyata keçirilir". DİA.AZ bildirir ki, bunu millət vəkili Nəsib Məhəməliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfərini şərh edərkən qeyd edib.

Millət vəkili fikrinə daha sonra belə davam edir: "Dövlət Başçımızın bu dəfəki səfərinin əhəmiyyətini artıran, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə gəlməsi və Qarabağın ikinci qapısı, Zəngilan beynəlxalq hava limanının açılışında iştirak etməsidir.
Müharibədən iki ilə yaxın müddət keçməsinə rəğmən, hələ də Ermənistanla sülh müqaviləsi imzalanmamışdır. Acı məğlubiyyətdən düzgün nəticə çıxarmayan Ermənistan rəhbərliyi Şərqlə Qərb arasında vurnuxur. Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və müxtəlif xarici qüvvələrə arxalanaraq, üçtərəfli bəyanatların icrasından yayınır. Avropa İttifaqı müşahidəçi missiyasını göndərir, İran sərhədlərimizdə irimiqyaslı hərbi təlimlər keçirir, yüksək çinli siyasətçiləri, hərbiçiləri bütün etik normaları pozmaqla, ölkəmizi təhdid edir, cəfəng bəyanatlar səsləndirirlər.
İstənilən ölkə hərbi təlimlər keçirə bilər. Ancaq, Araz çayı üzərində panton körpülərin salınması və bu körpülər vasitəsilə ağır hərbi texnikanın qarşı tərəfə keçidinin nümayişkaranə şəkildə göstərilməsi, xoş niyyətdən irəli gəlmir. Əksinə, açıq düşmənçilikdir. Çünki, qarşı tərəf bizik.
Dəfələrlə izahat verilməsinə baxmayaraq, Molla rejimi anlamaq istəmir ki, Azərbaycan heç bir ölkənin sərhədlərini dəyişmir, heç bir ölkəni blokadaya almır. Sadəcə, bütün region ölkələrinin iqtisadi inkişafına xidmət edəcək, tədricən xalqlar arasında etimad mühitini formalaşdıracaq Zəngəzur dəhlizinin açılmasını tələb edir. Dəhlizin açılmasına qarşı İranın tutduğu mövqe tam yanlışdır və heç bir normal məntiqə sığmır. Ümumiyyətlə, bu ölkəni idarə edənlərin nə qədər anti-insani, anti-bəşəri olduğu heç kimə sirr deyil. Tükənməz təbii sərvətlərə, böyük əraziyə, gənc insan kapitalına malik ölkənin əhalisinin yetmiş faizə yaxını kasıbçılıq həddində yaşamasına baxmayaraq, əmmamə həvəskarları qonşu ölkələrdə, böyük səxavətlə terrorçuluğu maliyyələşdirir. Təsadüfi deyil ki, son zamanlar ölkəni bürümüş iğtişaşlarda, kütləvi aksiyalarda gənclər, mollalardan terror təşkilatlarına xərclənən milyardların hesabatları tələb edirlər.
Belə bir şəraitdə Cənab Ərdoğanın, qardaş ölkənin hərbi-siyasi rəhbərliyindən ibarət böyük bir heyətlə ölkəmizə səfəri və konkret ünvanlara yönəlik konkret mesajları, son dərəcə əhəmiyyətlidir. Regionda sülhün əldə olunmasına mane olanlar, Ermənistanın 30 illik cinayətlərini görməzdən gələrək, ona dəstək verənlər bir daha gördülər ki, Azərbaycan tək deyil. İki qardaş ölkə Azərbaycan-Türkiyə, iki qardaş Lider, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ən mürəkkəb çağırışların öhdəsindən layiqincə gəlməyi və dövlət maraqlarımızı ən yüksək səviyyədə qorumağı bacardıqlarını dəfələrlə sübut etmişlər.
Yekunda qeyd etmək istərdim ki, cənab Prezidentin hər bir səfəri, Qarabağa yeni nəfəs gətirir, “Böyük Qayıdışı” yaxınlaşdırır. Ağır müharibədən çıxmağımıza rəğmən, qısa zaman kəsiyində həyata keçirilən infrastruktur layihələri, tikinti-quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini göstərir. Sayın Ərdoğan çox gözəl ifadə elədi. “Belə layihələri hər bir ölkə icra edə bilməz” Beynəlxalq ictimaiyyət isə, kimin qurucu, kimin dağıdıcı olduğunu, etiraf etməsə belə, görür".

Geri qayıt