Əsas Səhifə > Partiya, Güney Press > "Bu sayda siyasi partiyaya ehtiyac yoxdur..."

"Bu sayda siyasi partiyaya ehtiyac yoxdur..."


28-10-2022, 08:31
"Bu sayda siyasi partiyaya ehtiyac yoxdur..."
DİA.AZ: - "Azərbaycan kimi, çox da böyük olmayan ölkə üçün bu sayda siyasi partiyaya ehtiyac yoxdur". DİA.AZ bildirir ki, bu açıqlama ilə deputat Nəsib Məhəməliyev çıxış edib.
"Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının fəaliyyətdə olan qanunu 1992-ci ildə qəbul olunmuşdur. 30 il ərzində ölkənin ictimai-siyasi həyatında köklü dəyişikliklər baş vermiş, dövlət idarəetmə sistemundə, ümumiyyətlə cəmiyyətin bütün sahələrində islahatlar aparılmışdır. Faktdır ki, istənilən cəmiyyətin idarə olunmasında, inkişafında siyasi partiyaların, müxtəlif təbəqələrin maraqlarını təmsil edən, ictimai birliklərin rolu danılmazdır. Bu baxımdan, mövcud qanun müasir tələblərə cavab vermədiyi üçün, Siyasi partiyalar haqqında yeni qanun qəbul olunması zərurəti yaranmışdır", deyən millət vəkili daha sonra bildirir:
"Yeni qanun layihəsi hazırda ictimaiyyətin müxtəlif təbəqələri tərəfindən geniş müzakirə predmetinə çevrilmişdir. Müsbət məqam ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən 60-a qədər siyasi partiya cəlb olunub, onlara təkliflərini, rəylərini bildirmək üçün şərait yaradılıb.
Hesab edirəm ki, Azərbaycan kimi, çox da böyük olmayan ölkə üçün bu sayda siyasi partiyaya ehtiyac yoxdur və siyasi partiyanın təsis olunması üçün üzvlərin minimum sayının 1000 nəfərdən, 10000-ə çatdırılması doğru addımdır.
Mətbuatda, sosial şəbəkələrdə aparılan müzakirələr, səsləndirilən təkliflər, rəylər, bir daha göstərir ki, cəmiyyət öz taleyinə, gələcəyinə, ölkədə gedən siyasi proseslərə biganə deyil. Bu təbiidir və yaxşı haldır.
Yeni qanun layihəsi oktyabr ayının 24-də Milli Məclisdə, parlamentdə təmsil olunan və qeydiyyatdan keçmiş bir sıra siyasi partiyaların iştirakı ilə, müzakirəyə çıxarıldı. Dinləmələrdən əvvəl Milli Məclisin sədri Sahibə xanım Qafarovanın iclas zalına gəlməsi, partiya sədrləri ilə görüşdə tövsiyə və tapşırıqlarını verməsi, dövlətin siyasi sistemin təkmilləşdirilməsində maraqlı olduğunun göstəricisidir.
İclasda iştirak edən, müxtəlif siyasi baxışlara malik siyasətçilər, təqdim olunan layihə ilə bağlı, çoxsaylı təkliflərini səsləndirdilər. Ümumilikdə, 250-dən çox təklif və rəylərin səsləndirilməsi, yeni qanuna siyasi partiyaların kifayət qədər məsuliyyətlə yanaşdığını göstərir.
İctimai müzakirələr, dinləmələr davam edir və əminəm ki, “Siyasi partiyalar haqqında” yeni qanun, yaxın vaxtlarda Milli Məclisin plenar iclasına çıxarılacaq, xalqın gələcək inkişafında əhəmiyyətli rol oynayacaqdır".

Geri qayıt