Əsas Səhifə > Partiya, Güney Press > “Mən bu cəmiyyətin nə vəziyyətdə olduğunu bilirəmsə, özümü niyə öldürüm?”

“Mən bu cəmiyyətin nə vəziyyətdə olduğunu bilirəmsə, özümü niyə öldürüm?”


29-10-2022, 09:36
“Mən bu cəmiyyətin nə vəziyyətdə olduğunu bilirəmsə, özümü niyə öldürüm?”
“Milli Məclisin tərkibini, onların necə seçildiyini, kimin necə “müxalifətçi” olduğunu hamı bilir”.

DİA.AZ xəbər verir ki, bu fikirləri Sosial-Demokarat Partiyasının (ASDP) sədri Araz Əlizadənin vəfatından sonra bu təşkilata rəhbərlik etmək ehtimalını dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, cəmiyyətin indiki ümumi intellektual səviyyəsinin məlum olduğu şəraitdə siyasətə qayıtmağı qətiyyən düşünmür:

“Mənim ASDP-nin sədri postuna qayıtmaq ehtimalım sıfıra bərabərdir. Bu, birmənalıdır. Belə bir fikrim, niyyətim yoxdur?

Siz sol düşərgədən danışırsınız. Məgər Azərbaycanda siyasət var, onun sağı, mərkəzi, yaxud da solu var? Yoxdur.

Ortadakı siyasətçiləri tanıyırıq axı… Milli Məclisin tərkibini, onların necə seçildiyini, kimin necə “müxalifətçi” olduğunu hamı bilir.

Yaxşı, parlamentə salınan Razi Nurullayev nə vaxtdan müxalifətçi olub? Əli Məsimli nə vaxtdan siyasətçi olub? Bir-iki istisna olmaqla, hamısı diqtə ilə oturub-durur.

Mən siyasətdən niyə getdim? Bu cəmiyyətin savad, dünyagörüşü, ardıcıllıq baxımından yerində saydığını, öz hüququnu bilmədiyini, haqları uğrunda mübarizə aparmaq istəmədiyinə inandım və kənara çəkildim. Mən bu cəmiyyətin nə vəziyyətdə olduğunu bilirəmsə, özümü niyə öldürüm?!

İndi də heç nə dəyişməyib ki, mən siyasətə qayıdım. Siyasət yalan üzərində bərqərardır, mən isə yalan danışmağı bacarmıram”.

Geri qayıt