Əsas Səhifə > Partiya, Güney Press > Partiyaların yeni qanunla bağlı GÖZLƏNTİLƏRİ
Partiyaların yeni qanunla bağlı GÖZLƏNTİLƏRİ2-11-2022, 09:32 |
Xəbər verdiyimiz kimi, bir həftə öncə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ilk dinləmələri keçirilib. Partiya sədrləri və millət vəkillərinin iştirakı ilə baş tutan müzakirələrdə bir sıra təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb. Noyabrın 4-də isə II ictimai dinləmələr baş tutacaq. Bəs, partiyaların növbəti müzakirələrdən gözləntiləri nələrdir? DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Ağ Partiya başqanı Tural Abbaslı qeyd edib ki, qanunun fəlsəfəsi nəzarətə əsaslandığı üçün hər hansı müdəaların dəyişilməsi istənilən nəticəni verməyəcək: “Qanunu hazırlayan şəxslər nəzarəti yox, partiyaların güclənməsi üçün addımlar atmağı nəzərdə tutmalıdırlar. Məsələn, 10 min üzv sayını 5 minə endirib, təklifləri nəzərə aldıqlarını göstərə bilərlər. Lakin bu nəticə deyil axı. Hal-hazırkı dönəmdə, insanları hələ də partiyalara üzv olmaqdan qorxduğu zamanda, ümumiyyətlə, reyestri aradan qaldırmaq lazımdır. “Partiya üzvü kimi sizin adını Ədliyyə Nazirliyinə göndərəcəyik” – desək, kim buna razı olar? Yaxud da, ildə iki dəfə hesabat verməyi, bir dəfə ilə əvəzləsinlər. Partiya üzvlərdən kimin dünyasını dəyişdiyinin hesabatını necə apara bilər? Və ya partiyalardan tələb olunan məsələlərlə verilən imtiyazlar müqayisə edilə bilməz. Hazırki layihəyə görə, bir şəxsin deputatlığa müstəqil namizədlik verməsi, bunu partiya üzvü kimi etməkdən daha sadədir. Halbuki, bu, əksinə olmalıdır”. Tural Abbaslının sözlərinə görə, hələ də yeni layihə və dinləmələrin vaxtı ilə bağlı partiyaya məlumat verilməyib: “Ümumilikdə, qanun layihəsində dəqiqləşdirmələrə ehtiyac olan kifayət qədər xırda nüanslar var. Amma indiki vəziyyətdə layihənin qəbulu məqbul deyil. Maliyyələşmə isə yalnız parlament seçkilərinə hesablanıb. Məsələn, mən prezidentliyə namizəd olub, 30 deputatdan daha çox səs toplasam belə, parlamentdə düşməyi bacaran partiyalara daha çox maliyyə ayrılacaq. Bu tip məsələlər layihədə yoluna qoyulmalıdır”. Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə qanun layihəsində həddən artıq sərt nizamalama prosedurlarının olduğunu diqqətə çatdırıb: “Bu, bir sıra hallarda icra hakimiyyəti orqanlarının partiyalara əsassız müdaxiləsinə səbəb ola bilər. Ona görə də həmin nüansların aradan qaldırılması yaxşı olardı. Qeydiyyatla bağlı, rəhbərliklə bağlı senzlər, eləcə də partiyaların reyestr məlumatları kimi məsələlərdə dəyişikliklərə ehtiyac var. İkinci dinləmədə, hesab edirəm ki, müəyyən dəyişikliklər ediləcək. Çünki ilk müzakirələrdə partiyaların böyük əksəriyyəti sadaladığım məqamlarla bağlı narazılıqlarını ifadə etdilər. Yəqin ki, hakimiyyət partiyaların fikirlərini nəzərə alıb, yumşalmalara gedəcək”. Qulamhüseyn Əlibəyli yeni qanunun bir sıra partiyaların ləğvi ilə nəticələnməsi ehtimalına da münasibət bildirib: “Partiya fəaliyyətinin çoxluğu siyasi palitranın rəngarəngliyi deməkdir. Lakin Azərbaycanda elə şərait yaranıb ki, partiyaların bir çoxunun mövcudluğu sadəcə formal qeydiyyatla baş verib. Buna görə də partiyaların sayının azalması təbii proses kimi baş verməlidir, inzibati yollarla yox. Hesab edirəm ki, şərtlərə əməl edə bilməyəcək siyasi partiyalar, inzibati müdaxiləni gözləmədən bir və ya bir neçə partiyada birləşə bilərlər. Təmərküzləşməni partiyaların öz üzərinə götürməsi siyasi palitranı daha da canlandıra bilər”. Geri qayıt |