Əsas Səhifə > Partiya, Güney Press > "Ermənistan tərəfi bununla bağlı maddələri yerinə yetirməkdən boyun qaçırır"
"Ermənistan tərəfi bununla bağlı maddələri yerinə yetirməkdən boyun qaçırır"10-11-2022, 09:09 |
2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya və Ermənistan lideri 44 gündür davam edən müharibəni dayandıran üçtərəfli bəyannaməni imzaladı. Bu bəyannamə müharibədə ağır məğlubiyyətlə üzləşmiş Ermənistanın imzaladığı kapitulyasiya aktı kimi də tarixə düşdü. Üçtərəfli bəyanatın Ermənistanın üzərinə bir çox öhdəliklər qoyurdu. Bəs ikili tamam olan bu bəyannamədən sonra nələr dəyişib? Azərbaycan üçtərəfli bəyannamənin icra olunmasından razıdırmı? DİA.AZ bildirir ki, mövzu ilə millət vəkili Arzu Nağıyev Sputnik Azərbaycan-a fikirlərini bölüşüb. Millət vəkili deyib ki, bəyannamənin yerinə yetirilən bir sıra maddələri var: “Təbii ki, onlardan əsas olanlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı maddələrdir. Atəşəkəsi nail olduqdan sonra onlar yerinə yetirilməyə başlandı. O cümlədən sülhməramlı qüvvələrin, həmçinin Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyəti bəyannamənin icra olunan maddələri sırasındadır. Amma hazırkı şəraitdə əsas problem sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Həmçinin əsir və girovların taleyi ilə bağlı məsələlər həllini gözləyən ən ciddi məsələlər sırasındadır. Ermənistan tərəfi bununla bağlı maddələri yerinə yetirməkdən boyun qaçırır”. Onun sözlərinə görə, bu gün azad olunmuş ərazilərdə Azərbaycan tərəfinin apardığı yenidən qurma işləri zamanı kütləvi məzarlıqların aşkarlanması faktları Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin və qeyri-insani davranışların miqyasını anlamağa imkan verir: “Azərbaycan tərəfi monitorinqlər zamanı aşkarlanmış kütləvi məzarlıqlarla bağlı identifikasiya işləri aparır. Bununla yanaşı beynəlxalq təşkilatlarla koordinasiyalı şəkildə fəaliyyət göstərir. Ancaq Ermənistan tərəfi birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın insanın taleyinin müəyyən edilməsi məsələsində yardımçı olmaq istəmir”. Arzu Nağıyev qeyd edib ki, digər önəmli məqam Azərbaycan ərazilərinin minalanması ilə bağlıdır: “Azərbaycan öz gücü hesabına ərazilərini Ermənistan tərəfindən basdırılmış minalardan təmizləməyə çalışır. Ermənistan tərəfi isə minalı ərazilərin xəritələrini verməkdən boyun qaçırır. Verdikləri mina xəritələrinin etibarlılığı çox aşağı səviyyədə olur”. Millət vəkili vurğulayıb ki, Azərbaycanın qalib tərəf kimi Ermənistan qarşısında qoyduğu tələblərdən biri Zəngəzur dəhlizinin açılması ilə bağlıdır: “Ermənistan bu məsələdən də yayınmağa çalışır. Azərbaycanın tələb etdiyi dəhlizin öz gömrük postlarınln və sərhəd qoşunlarının nəzarətindən keçməsini istəyir. Digər önəmli məqam anklavlarla bağlıdır”. Arzu Nağıyev qeyd edib ki, bu gün üçtərəfli bəyannamənin icrası ilə bağlı problemlər var: “Amma Azərbaycan addım-addım o maddələrin icra olunması üçün irəliləyir. Ermənistan öz havadarları vasitəsilə çalışır ki, mövcud vəziyyət qorunub saxlanılsın. Təbii ki, mövcud status-kvonun saxlanması Ermənistanın maraqlarına cavab verir. Çünki bir çox maraqlı tərəflərin vaxtilə işğal altında qalmış ərazilərdə biznesləri mövcud idi. İndi bunlar onların əlindən çıxıb. Digər önəmli məqam isə 44 günlük müharibənin vaxtilə işğal altında olmuş əraziləri vasitəsilə Ermənistandan keçən narko trafikin qarşısını almasıdır. Beynəlxalq səviyyədə Ermənistana təzyiq mexanizmlərindən istifadə edilməlidir. Regionda baş verən hər bir proses vaxtında qarşısı alınmasa, sonra böyük bəlaya çevrilir. Ona görə də, bütün iştirkçı tərəflər öz imzalarına hörmətlə yanaşmadır”. Geri qayıt |