Əsas Səhifə > Partiya, Güney Press > “İstanbul terrorunun arxasından İran çıxsa, təəccüblənməyin”
“İstanbul terrorunun arxasından İran çıxsa, təəccüblənməyin”14-11-2022, 14:32 |
Noyabrın 13-də İstanbulun mərkəzində, İstiqlal küçəsində terror aktı törədilib. 6 nəfərin öldüyü, 81 nəfərin yaralandığı terroru törətməkdə şübhəli bilinən qadın saxlanılıb. İstanbul Polis İdarəsi terror hadisəsini törədən şəxsin Suriyadan olan Ahlam Albashir olduğunu açıqlayıb. O, dindirilmə zamanı təlimatı PKK/PYD-dən aldığını deyib. Taksim meydanında törədilən terror aktı ilə əlaqədar ümumilikdə, 46 nəfər saxlanılıb. Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ açıqlama verib. Terror aktı ilə bağlı ekspertlər bir çox versiyalar irəli sürürlər. Əksəriyyətinin fikrincə, bu, Türkiyənin son vaxtlar dünyada artan nüfuzuna zərbə vurmaq məqsədi ilə həyata keçirilən terror aksiyasıdır. Bəziləri isə hesab edirlər ki, bu, rəsmi Ankaranın, konkret olaraq Prezident Rəcəb Tayyib Ərdoğanın silayəsətini qəbul etməyən güclərin tapşırığı əsasında həyata keçirilən qanlı olaydır. Həmin qüvvələr gələn il keçiriləcək seçkilərdə Ərdoğanın səs itirməsinə hesablanmış addımlarla ölkədə ictimai-siyasi sabitliyi pozmaq niyyətindədirlər. Terrorçunun hansı qruplaşmadan olması isə həmin qüvvələr üçün önəmli deyil. DİA.AZ-ın məlumatına görə, uzun illərdir Türkiyədə yaşayan azərbaycanlı ictimai-siyasi xadim Aqil Səmədbəyli terrorla bağlı fikirlərini AYNA ilə bölüşərkən deyib ki, hadisə yenidir, araşdırmalardan sonra bir çox mətləblərə aydınlıq gələcək: “Maraqlı məqam ondan ibarətdir ki, terroru törətməkdə şübhəli qismində saxlanılan qadın hadisədən sonra qaçmayıb, sakit şəkildə yaşadığı evə gedib. Əlbəttə, onun əlaqələri araşdırılacaq, kimlərdən təlimatlar aldığı dəqiqləşəcək. Bundan sonra nələrsə demək mümkündür”. “İlkin ifadəsində o, PKK/YPG qruplaşmasının tapşırığı ilə qanlı hadisəni törətdiyini etiraf edib. Hər halda tapşırıq aldığı qruplaşmanın da tapşırıq aldığı qüvvələr var. Bütün bunlar açığa çıxdıqdan sonra qəti fikirlər söyləmək olar. Təbii ki, hadisə ilə bağlı hər kəsin fikri ola bilər. Mənim ilkin fikrim budur ki, terrorun arxasından İran dövləti çıxsa, təəccüblənmərəm”, - deyə həmsöhbətimiz bildirib. Onun sözlərinə görə, bu gün bütün diqqətlər İrana yönəlib: “İki aya yaxındır ki, İranda xalq etirazları davam edir. Yüzlərlə insan rejim tərəfindən öldürülüb, 14 mindən çox insan həbs edilib və həbs olunanlar barəsində faşist-molla rejimi ölüm hökmü çıxarıb. İranın qurama məclisi isə bunu təsdiqləyib və qərar verib ki, həbs olunan etirazçıların hamısı edam olunsun. Belə bir vaxtda Tehran rejimi diqqətləri özündən yayındırmaq üçün Türkiyədə, İstanbulun mərkəzində səs-küyə səbəb olan terror aktını təşkil etmiş ola bilər. Bu, istisna deyil”. “Nəzərə almaq lazımdır ki, İran terroru hər zaman dəstəkləyən, maliyyələşdirən və təşkil edən bir dövlətdir. İndi də öz missiyasını davam etdirir. Tehranın PKK ilə əlaqələri də heç kəsə sirr deyil. Öz xalqına qarşı terror etməkdən çəkinməyən bir rejimin sevmədiyi Türkiyədə qanlı hadisə törətməsi təəccüblü olmamalıdır. Çünki qarşımızda terrorçu bir dövlət var”, - deyə Səmədbəyli vurğulayıb. Müsahibimiz söyləyib ki, terror hadisəsindən daxildə hökumətə təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdləri versiyasını irəli sürənlər var: “Amma əksini deyənlər də mövcuddur. Bilirsiniz, bu cür hadisələrdə müxtəlif versiyalar irəli sürülür, hərə öz fikrini əsaslandırmağa çalışır. Bir-biri ilə daban-dabana zidd fikirlər söyləyənlər tapılır. Məsələn, Rusiya-Ukrayna müharibəsi başlayanda ekspertlər çox fərqli fikirlər ortaya qoyurdular. Amma aradan bir müddət keçəndən sonra həmin şəxslər öz əvvəlki şərhlərinin əksinə danışdılar. Putinin əvvəllər çox güclü, ağıllı siyasətçi olduğunu söyləyənlər indi deyirlər ki, Putin Amerikanın agentidir. Ona görə də, bu cür hadisələrlə bağlı birmənalı fikir söyləmək mümkün deyil. Fərqli baxışlar, fərqli şərhlər olacaq”. “Terroru törətdiyini etiraf edən şəxs yaxalanıb. Onun ətrafında istintaq aparıldıqdan, bütün bağlantıları incələndikdən sonra ipucları ortaya çıxacaq. Təbii ki, istintaqdan sonra Türkiyə dövləti üçün bunun səbəbləri, təlimatın kim tərəfindən və niyə verildiyi məlum olacaq. Ola bilsin ki, dövlət detalları tam açıqlamasın, sadəcə özü üçün nəticə çıxaracaq. Dediyim odur ki, detalları mediaya, ictimaiyyətə açıqlamaya bilərlər”, - Səmədbəyli fikrini tamamlayıb. Geri qayıt |