Əsas Səhifə > Partiya, Güney Press > İranın strateji marağı Fransa hökumətinin də maraqları ilə üst-üstə düşür

İranın strateji marağı Fransa hökumətinin də maraqları ilə üst-üstə düşür


19-11-2022, 09:08
İranın strateji marağı Fransa hökumətinin də maraqları ilə üst-üstə düşür
“Hazırda İran Zəngəzur dəhlizinə və dislokasiyaya mane olan dövlətlərdən biridir”. Bu barədə millət vəkili Müşfiq Cəfərov deyib. Deputat bildirib ki, 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən səsvermələrdə iştirak edən İran və ATƏT həmsədrlərindən olan Fransa Zəfərdən sonra sanki ciddi narahatlıq yaşayırlar: "İndi bir daha bütün ictimaiyyət də gördü ki, niyə münaqişə 30 il müddətində həll olunmayıb. Hazırda Fransa və İran elə bir mövqe nümayiş etdirirlər ki, sanki Ermənistanla deyil, bu iki ölkə ilə müharibə olub. Bu məqamda təbii ki, Ermənistan hakimiyyətinin də rolu böyükdür. Əgər Nikol Paşinyan vahid bir mövqe nümayiş etdirsəydi, bu gün sülhdən və dislokasiyadan yox, qarşılıqlı əlaqələrin bərpasından danışardıq. Düşünmürəm ki, Ermənistan hakimiyyəti özü sərbəst qərar qəbul edib, problemin həllinə çalışacaq iqtidardadır”.
Parlament üzvü vurğulayıb ki, sülhü uzadanlar artıq gizli deyil, açıq-aşkar niyyətlərini ifadə edirlər: "İranın strateji marağı çox güman ki, Fransa hökumətinin də maraqları ilə üst-üstə düşür. Bu dövlətlər Ermənistanın işğalında olan Azərbaycan torpaqlarından bu günə kimi faydalanıblar, indi də istəmirlər əllərindən çıxsın. Bu, birbaşa elə Fransanın və beynəlxalq hüquq carçısı olan dövlətlərin iştirakı ilə qəbul olunmuş konvensiyalara, bir sözlə, beynəlxalq hüquqa ziddir. Tarixə nəzər salsaq, Fransanın törətdiyi qətliam və faciələri də qabarda bilərik. 100 illər əvvələ qədər öz qonşularına qarşı terror törətmiş bir dövlətin əqidə və məramca özünə yaxın olan Ermənistanı dəstəkləməsi də adi haldır. İranın isə dünyada törədilən əksər terror aktlarında adı çəkilir, terror təşkilatlarını yaratmaq və maliyyələşdirməkdə ittiham olunur. İllərdir ki, Qərbin İrana qarşı aqressiyası da bununla bağlıdır”.
M.Cəfərov qeyd edib ki, bu gün bütün dövlətlərlə münasibətlər yaratmaqda, qarşılıqlı, xoş niyyətli ittifaqlar qurmaqda olan Azərbaycan hər zaman İran və Fransaya xoş məramını nümayiş etdirib: “Hətta onların əzəli düşməni olan Böyük Britaniya və İsraillə də münasibətlərdə bitərəfliyini qoruyub. Hazırda ölkəmizdə 300-ə yaxın Fransa şirkəti fəaliyyət göstərir. Fransa hökuməti Azərbaycanın firəngli biznesmenlərə yaratdığı şəraiti də nəzərə almalı idi”.

Geri qayıt