Əsas Səhifə > Partiya, Güney Press > Partiya üzvlərinin reyestrdən keçirilməsi tələbi absurddur

Partiya üzvlərinin reyestrdən keçirilməsi tələbi absurddur


22-11-2022, 08:44
Partiya üzvlərinin reyestrdən keçirilməsi tələbi absurddur
Müzakirə mərhələsində olan “Siyasi partiyalar haqqında” qanun layihəsinə edilən redaktələr ictimaiyyətə açıqlanıb. Partiyalardan gələn etirazlar nəzərə alınaraq bir sıra maddələrdə dəyişikliklər edilib. Məsələn, siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis ediləcək. Qanun layihəsinin ilkin versiyasına əsasən, siyasi partiya Azərbaycan ərazisində son 20 il daimi yaşayan və tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaş tərəfindən təsis edilə bilərdi.

DİA.AZ bildirir ki, bu say 50-yə salınıb və 20 il tələbi aradan qaldırılıb. Bundan əlavə partiyalara üzvlük haqları, ianələr də vergidən azad olunacaq. Pensiyaçılar və digər sosial müdafiəyə ehtiyacı olanlara, tələbələrə üzvlük haqlarının ödənilməsində imtiyaz və ya güzəşt müəyyən edilə bilər. Seçkilərdə 2 dəfə iştirak etməyən partiyaların ləğvinə dair tələb də ləğv olunub. Eyni zamanda siyasi partiyanın dövlət qeydiyyatına alınması ilə bağlı tələb də dəyişib. Yeni redaksiyaya əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5 min üzvü olması tələb kimi qoyulub. Qeyd edək ki, qanun layihəsinin ilkin versiyasına əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 min üzvü olmalı idi. 3 faiz səs şərti də ləğv olunub, seçkilərdə parlamentdə yer qazanmayan bütün partiyalar maliyyə yardımı alacaq. Qanun layihəsinə əsasən, qeydiyyatda olan partiyalara üzvlərinin sayını 5 minə çatdırmaq üçün 180 gün vaxt veriləcək.

Yeni qanunun qəbulundan sonra üzvlərinin sayını 180 gün ərzində 5 min nəfərə çatdıra bilməyən dövlət qeydiyyatına alınmış partiyaların ləğvi barədə Apellyasiya Məhkəməsində iddia qaldırılacaq. Qeyd edək ki, qanun layihəsinin ilkin versiyasına əsasən, yeni qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən 90 gün müddətində üzvlərinin sayının azı 10 min nəfərə çatdırılması üçün tədbirlər görməlidir. Həmçinin, üzvlərin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim etməlidir.

Qanun layihəsindəki bəzi dəyişikliklərlə bağlı "Şərq"ə danışan AĞ Partiya sədri Tural Abbaslı qeydiyyat və başqa prosedurlardakı dəyişiklikləri nisbətən müsbət dəyərləndirsə də, partiya üzvlərinin reyestrdən keçmə tələbinin absurd olduğunu düşünür:

"Axı üzvlərin qeydiyyatı, məlumatları dövlətə niyə lazımdır ki?! Qanun layihəsində partiyaların gündəlik, praktik işini çətinləşdirən məqamlar var. Söhbət partiyaların təsis olunmasından getmir. Üzvlərin reyestr məsələsi çox problemlidir. Onsuz da partiyalar rəsmi qeydiyyatdan keçdikdə bu məlumatları müvafiq qurumlara təqdim edirlər. Ancaq yeni qanun layihəsində öhdəlik var ki, partiya hər il bu reyestri həyata keçirməlidir. Yəni üzvlərin siyahısını tərtib edərək ildə bir dəfə təqdim etməlidir. Bunu fiziki baxımdan reallaşdırmaq da çətindir. Bir misal gətirim, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Azərbaycanda 5 milyon seçici var. Bu siyahı ildə bir dəfə yenilənir və hər yenilənməyə görə dövlət büdcəsindən 30 milyon vəsait ayrılır. Yəni milyonlarla pul ayrılır. İndi izah etsinlər ki, partiyalar hər il bu hesabatı necə verəcəklər?! İlk növbədə reyestr məsələsi ləğv olunmalıdır".

AMİP funksioneri Əli Oruclu da "Şərq"ə açıqlamasında reyestr tələbinə etirazını bildirib. Partiya təmsilçisi deyib ki, açıqlanan nüanslar xırda məsələlərdir və əsas məqam üzvlərin reyestridir:

"Belə tələblər partiyaların inkişafına mane olur. Onsuz da Azərbaycanda siyasi partiyalara münasibət, yəni insanların meyli çox azdır. Ona görə də saylarla, rəqəmlərlə bağlı tələbləri düzgün saymırıq. Üzvlərin reyestri nəyə lazımdır? Bir vətəndaşın hansı partiyaya üzv olması məlumatı niyə müvafiq quruma göndərilməlidir? Özü də hər il təkrar olunmalıdır. Ola bilər, hansısa partiyaya üzv olan vətəndaş ümumiyyətlə bu məlumatı paylaşmaq istəmir. Partiyalar vətəndaşlara dövlətin siyasi sistemində iştirak imkanı yaradır.
Əgər biz partiya olaraq özümüz siyasi sistemdə iştirak edə bilmiriksə, üzvlərimizin iştirakını necə təmin edək?".

Geri qayıt