Əsas Səhifə > Partiya, Güney Press > "Ölkəmiz 30 il bundan qabaqkı Azərbaycan deyil"

"Ölkəmiz 30 il bundan qabaqkı Azərbaycan deyil"


28-11-2022, 08:14
"Ölkəmiz 30 il bundan qabaqkı Azərbaycan deyil"
"Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi".

DİA.AZ xatıarladır ki, bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Dövlət başçısı sözlərinə belə davam edərək İrana açıq mesaj verib:

“Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.

Cebhe.info-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan qonşuları ilə həmişə münasibətlərində xoş və yaxşı olmağa üstünlük verib:

"Burada tək istisna Ermənistan idi. Çünki 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal etmişdi. Ancaq təəssüflər olsun ki, qonşularımız, o cümlədən də İranın ölkəmizə münasibətində arabir qeyri- səmimiliyi müşahidə edirik. Xüsusilə də 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfər çalmasından sonra İranın Ermənistanın mövqeyindən çıxış etməsi, onu dəstəkləməsi, Azərbaycan sərhədlərində hərbi təlimlər keçməsi heç cür başadüşülən deyil. Bütün bunlarla yanaşı, bəzi İran rəsmlərinin, millət vəkillərinin, mollalarının sərsəm açıqlamaları, yaxud da İranda fəaliyyət göstərən televiziyalarda aparıcıların səsləndirdiyi fikirlər, Azərbaycan suverenliyinin şübhə altına almaları təbii ki, yaxşı hal deyil. Biz bu halları qınayır, pisləyirik".

Deputat bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində necə öz ərazi bütövlüyünü bərpa edib, sərhədləri boyu suverenliyini qoruyub saxlamaq üçün də tam gücü, qüdrəti çatır:

"Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda region dövlətləri Azərbaycanla dostluq və qardaşlıq münasibətlərini davam etdirməlidir. Çünki Azərbaycan onlara qarşı eyni münasibəti sərgiləyib. Xatırlayırsınızsa, Amerika, Qərb İrana qarşı sərt sanksyalar tətbiq etdiyi zaman Azərbaycan ərazilərindən istifadə edərək İrana zərbələr endirmək istəyirdilər. Amma Azərbaycan buna imkan vermədi. Çünki İran bizim qonşumuzdur. Buna baxmayaraq, İranın erməni mövqeyindən çıxış etməsi, Qafanda konsulluq açması Azərbayacanın Qarabağ və Zəngəzurda həyata keçirdiyi işlərə müəyyən dərəcədə kölgə salınması, Qarabağa Böyük Qayıdış proqramına maneə törədilməsi qəbuledilməzdir. Biz anlaya bilmirik, necə ola bilər ki, az bir sayda erməni İranda özləri üçün məktəb aça bilir, ancaq 40 milyon azərbaycanlının bugündək öz dillərində təhsil almaq hüquqları yoxdur, haqları tapdalanır. Onlar öz soy- kökü ilə bağlı nəyisə həyata keçirəndə təqib olunurlar. Bu baxımdan da Azərbaycan dünyanı azərbaycanlıların hüquqlarının qorunmasına görə həmrəylik və bərabərlik nümayiş etdirməyə səsləyir. Düşünürəm ki, ölkəmiz 30 il bundan qabaqkı Azərbaycan deyil. Azərbaycan regionda söz sahibi olan dövlətdir. Cənab Prezidentin çıxışında səsləndirdiyi fikirlər çox yerindədir. Biz Prezidentimizi dəstəkləyirik".

Parlament üzvü bildirib ki, Azərbaycan yalnız öz sərhədləri daxilində yaşayan azərbaycanlıların deyil, dünyanın hər bir yerində yaşayan soydaşlarımızın hüquqlarının qorunmasına dəstək olacaq:

"Cənab Prezident 50 milyonluq azərbaycanlının lideridir".

Geri qayıt