Əsas Səhifə > Partiya, Güney Press > “Qarabağdakı sülhməramlılar özlərini işğalçı kimi aparır”

“Qarabağdakı sülhməramlılar özlərini işğalçı kimi aparır”


28-11-2022, 10:41
“Qarabağdakı sülhməramlılar özlərini işğalçı kimi aparır”
“İndi Azərbaycanın əsas məqsədi Ermənistan ilə sülh müqaviləsi imzalamaq olmamalıdır. Ən əsas məqsəd Xankəndi iqtisadi rayonunu Azərbaycan dövlətinin suverenliyi altına qaytarmaq və Rusiya hərbçilərinin ərazilərimizdən çıxarılması olmalıdır. Çünki Xankəndinin Azərbaycan dövlətinin suverenliyinə qayıtması Ermənistan ilə sülh müqaviləsi bağlamaqdan daha əhəmiyyətlidir”.

DİA.AZ bildirir ki, bu fikirləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədrinin fikrincə, nə qədər ki, Xankəndi məsələsi həll edilməyib, Ermənistan ilə Azərbaycan arasında sülhdən söhbət gedə bilməz.

S. Cəlaloğlu Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətinə də toxunub: “Qarabağdakı sülhməramlılar özlərini işğalçı aparır. Hökumət bəzən yumşaq dillə sülhməramlıların fəaliyyətinə qiymət verir. Bir dəfə prezident İlham Əliyev də bildirdi ki, onlar bölgədə müvəqqətidir”.

ADP sədrinin sözlərinə görə, rus sülhməramlılar Qarabağda onlara verilən səlahiyyəti aşır. Məsələn, qanunsuz məskunlaşdırma siyasəti aparırlar ki, bu, ciddi məsələdir və qəbuledilməzdir.

S. Cəlaloğlu əlavə edib ki, sülhməramlıların gözü qarşısında Ermənistandan Xankəndi şəhərinə silah-sursat daşınır. Bu da qanunsuzdur və üçtərəfli razılaşmaya ziddir: “Amma orada məskunlaşdırma siyasəti daha pisdir. Məsələn, 10-15 min erməni var, amma indi iddia edirlər ki, 100-150 min erməni yaşayır. Eləcə də Xankəndi şəhərində heç vaxt 2 rus ailəsi yaşamayıb, amma indi deyirlər ki, minlərlə rus var. Bütün bunlar qorxuludur. Ona görə ki, Rusiyanın dövlət siyasətində rus əhali hər zaman alət kimi istifadə edilir. Odur ki, rus sülhməramlılar Qarabağdan çıxarılmalıdır”.

Partiya sədri xatırladıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının son iclasında Ermənistan baş naziri Nikol Paşinyan yekun bəyanata imza atmayıb: “Bu, Rusiyaya qarşı davranış idi və münasibətlərdə problemlərin olduğunu göstərir. Bu qədər ciddi fikir ayrılığı varsa, İrəvan necə Moskvanın vasitəçi və sülhməramlı kimi çıxış etməsinə razı ola bilər? Bir müddətdən sonra bu münasibətlər daha da kəskinləşəcək. Odur ki, Rusiya hərbçilərinin ərazilərimizdən çıxarılması qəti şəkildə qoyulmalıdır. Ümid edirəm ki, Ermənistan da bu prosesə dəstək verəcək. Çünki bu, onunların da maraqlarına uyğundur”.

Geri qayıt