Əsas Səhifə > Partiya, Güney Press > "Naxçıvanda davam edən maliyyə yoxlamalarını alqışlayırıq"

"Naxçıvanda davam edən maliyyə yoxlamalarını alqışlayırıq"


1-12-2022, 11:32
"Naxçıvanda davam edən maliyyə yoxlamalarını alqışlayırıq"
Son günlər DTX-nin Naxçıvanda keçirdiyi əməliyyat, aparılan araşdırmalar zamanı külli miqdarda mənimsəmə, yeyinti faktlarının aşkarlanması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Yoxlamaların aparıldığı bütün qurumlarda ciddi nöqsanların, maliyyə yeyintilərinin və qanunsuzluqların üzə çıxdığı deyilir.

DİA.AZ bildirir ki, yayılan xəbərlərə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edilib. Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun saxlanılması barədə də xəbər yayılıb. Bəzi saytlarda gedən məlumata görə, Məhərrəm Talıbov Naxçıvandakı antikorrupsiya əməliyyatlarına görə dindirilmək üçün Bakıya gətirilib. Qeyd edək ki, Məhərrəm Talıbov Naxçıvan Prokurorluğunda müavin vəzifəsini daşıyır.

Naxçıvanda aparılan yoxlamalarla bağlı "Şərq"ə danışan AĞ Partiya sədri Tural Abbaslı deyib ki, Muxtar Respublikada baş verən hadisələrə çoxdan müdaxilə etmək lazım idi. Partiya rəhbərinin sözlərinə görə, Naxçıvan özünü "müstəqil dövlət" kimi aparırdı:

"Naxçıvan bir çox hallarda mərkəzin, Bakının qərarlarına tabe olmurdu. Biz bunu pandemiyada və gömrük məsələsində gördük. Kimsə Bakıdan Naxçıvana mal aparırsa, onu yerli gömrükdən də keçirtməli idi. O cümlədən naxçıvanlıların Naxçıvandan kənarda, Bakıda hansısa sənəd almalarında da problemlər var. Bu problemləri efirdən dəfələrlə gündəmə gətirmişik və buna görə bizə qarşı kampaniya təşkil olunmuşdu, hücumlar var idi. O baxımdan Naxçıvanda davam edən maliyyə yoxlamalarını alqışlayırıq. Hesab edirik ki, təkcə maliyyə və gömrük deyil, digər strukturlarda da ciddi araşdırmalar aparılmalıdır. İllərlə camaatın başına açılan oyunların cəzasını verməlidirlər. Eyni zamanda Naxçıvanın Bakıya birbaşa tabe etdirilməsi də labüddür. Artıq proses başlayıb. Naxçıvandakı bütün nazirliklər idarə halına salınaraq Bakıya tabe edilməlidir. Referendum keçirilməli və Naxçıvanın muxtar respublika statusu ləğv olunmalıdır. Unitar dövlətdə muxtar respublikanın olması anlaşılmazdır".

Geri qayıt