Əsas Səhifə > Partiya, Güney Press > "Fransanın hazırkı durumu və fəaliyyəti əsrlərə söykənir"

"Fransanın hazırkı durumu və fəaliyyəti əsrlərə söykənir"


5-12-2022, 09:01
"Fransanın hazırkı durumu və fəaliyyəti əsrlərə söykənir"
Son zamanlarda Fransa Ermənistana açıq şəkildə dəstək verməyə başlayıb.

DİA.AZ qeyd edir ki, əvvəllər sadəcə Fransadakı seçki dönəmində oradakı ermənilərin səsini qazanmaq üçün bu addım atılırdısa, artıq digər zamanlarda da bunun şahidi oluruq. Üstəlik, heç bir zaman Parisin İrəvana belə açıq dəstəyinin də şahidi olmamışıq.

Artıq iş o yerə çatıb ki, Fransa Ermənistanı dəstəkləməklə yanaşı, birbaşa Azərbaycanı ittiham etməyə başlayıb.

Belə ki, Fransa ard-arda ölkəmizlə bağlı həqiqəti əks etdirməyən, absurd və bütün bəndləri yalanlardan ibarət qətnamələr qəbul etdi.

Lakin onların qətnamələrinin kağız parçası olduğunu beynəlxalq ictimaiyyət üzlərinə sərt şəkildə vurdu. Emmanuel Makronun ən çox güvəndiyi Frankofoniya təşkilatı belə qətnaməni qərəzli adlandırdı. Nəticə etibarilə, Azərbaycana yönəlik əsassız ittihamlar qətnamədən çıxarıldı.

Fransanın Xarici İşlər Nazirliyi isə qətnamələrin rəsmi Parisin mövqeyini əks etdirmədiyini açıqlamaq məcburiyyətində qaldı. Əslində bu, Makronun reallaşmayan təxribat cəhdindən başqa bir şey deyildi. Öz ölkəsində getdiyi hər yerdə sillələnən, üzünə yumurta atılan Prezident Makron xarici siyasətində də daima uğursuzluğa düçar olmaqdadır. O, bəlkə də Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu və gücünü unutmuşdu, amma ölkəmizin qüdrətinə bir daha şahid oldu.

Qeyd edək ki, Fransanın bacısı hesab etdiyi Ermənistana dəstək verməsinin arxasında Azərbaycan və Türkiyə düşmənçiliyinin dayandığı hər kəsə məlumdur. Fransızların türklərə necə nifrət etdiyi onların daxili və xarici siyasətində özünü aşkar bir şəkildə biruzə verir.

Lakin burada maraqlı suallar ortaya çıxır. Fransada niyə türk düşmənçiliyi yaranıb? Makronun Azərbaycan və Türkiyəyə düşmən mövqeyindən çıxış etməsinə səbəb nədir?

Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Fransanın Azərbaycana və Türkiyəyə olan düşmən münasibətinin bir çox səbəbləri var:

"Fransanın hazırkı durumu və fəaliyyəti əsrlərə söykənir. Ən əvvəla Fransa az qala bütün qitələri işğal etmiş və soyqırım törətmiş bir dövlətdir. İllər öncə eyni ölkələri fəth edən Osmanlı İmperiyası isə Fransadan fərqli olaraq həmin ərazilərdə mədəni dəyərləri pozmayıb, insan qırğını etməyib və oradakı xalqın dəyərlərinə hörmətlə yanaşıb. Bu da onlara daha çox hörmət gətirib.

Fransızların bu yanaşmasının, eləcə də Osmanlıya, türkçülüyə və müstəqil Azərbaycanın uğurlu siyasətinə olan qısqanclığın kökündə isə uzun illər əvvəlki proseslər dayanır. Həmçinin buraya Türkiyənin dünyada güclənməsi, Azərbaycanın bölgədə konkret güc mərkəzinə çevrilməsi və dünyada sayılıb-seçilən dövlətlər sırasında olmasasını da əlavə etmək olar.

Nəzərdə almaq lazımdır ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi çox uğurlu fəaliyyət göstərir. Qoşulmama Hərəkatı dünya miqyasında böyük bir platformadır və ölkə başçımızın ora sədrlik etməsi qurumun nüfuzunun daha çox qalxmasına səbəb oldu".

Millət vəkili vurğulayıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsi, sülh proqramını masaya təqdim etməsi və onun bir çox dövlətlər tərəfindən dəstəklənməsi Fransanı qıcıqlandırır:

"Əslində bu, erməni sevgisindən irəli gəlmir. Sadəcə olaraq, Fransa Azərbaycan və Türkiyəyə düşmən mövqeyində olan Ermənistanı dəstəkləməklə özü də düşmənçiliyini bildirir.

Parisin İrəvana böyük bacılıq etməsinin digər səbəbi isə Fransaya inteqrasiya olunmuş olan erməni kütləsidir.

Onların həm siyasətə baş vurması, həm də orada böyük təsir rıçaqlarının olması Fransa siyasətində özünü göstərməkdədir. Lakin düşünürəm ki, Fransada ağıllı siyasətçilər də mövcuddur və onlar, nəyin necə baş verdiyini yaxşı anlayırlar.

Ümumiyyətlə, parlamentlərin absurd, gülməşəkər qərarlar qəbul etməsi və bəyanatlar verməsi Fransaya başucalığı gətirmir. Əksinə, özünü mədəniyyət beşiyi sayan Fransa hazırda sürətlə gözdən düşməkdədir. Hətta yaxın qonşuları İtaliya və Böyük Britaniya da artıq Fransa ilə münasibətlərə ciddi yanaşmır. Bu, rəsmi Parisin bugünkü xarici siyasətdəki böyük səhvlərinin nəticəsidir".

Vüqar İskəndərov deyib ki, Fransa Azərbaycanla olan münasibətlərinə yenidən baxmalı və hökumət parlamentin bu səhvlərini kompensasiya etməlidir:

"Rəsmi Paris bununla bağlı artıq əməli addımlar atılmalıdır ki, Azərbaycan da Fransa ilə olan münasibətlərinə yenidən baxsın. Biz sözün əsl mənasında görməliyik ki, Fransa Azərbaycan-Ermənistan arasındakı sülhün əldə olunmasına və sərhədlərin tanınmasına real dəstək vermək istəyir. Ondan sonra Fransa ilə hansısa formada münasibətlərin qurulmasından söz açmaq olar.

Hazırda isə onlar özünü bu münaqişəninin tənzimlənməsində kənara qoymuş oldu və bu, öz günahlarıdır. Çünki Azərbaycanla hədə-qorxu ilə danışmaq olmaz və bu, heç kimin gücündə deyil".

Geri qayıt