Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycanın digər nazirliklərinin nümayəndələri də Xankəndiyə daxil olacaq”
“Azərbaycanın digər nazirliklərinin nümayəndələri də Xankəndiyə daxil olacaq”5-12-2022, 17:22 |
“Bu gün hərbi imkanlar baxımından Azərbaycanın ən zəif dövlət qurumları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, eləcə də “AzərGold” QSC-dir. Əgər bu qurumların mütəxəssisləri bu gün Xankəndiyə asanlıqla daxil olaraq orada faydalı qazıntılara və ekoloji duruma nəzarət edə bilirlərsə, deməli, digər qurumlar üçün bu şəhərə daxil olmaq daha asandır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xankəndiyə daxil olmağı bacarırsa, deməli, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti bu şəhərə daha asanlıqla daxil olaraq orada lazımi əməliyyatı aparacaq. Məncə, bu mesaj həm ermənilərə, həm də Rusiyaya verilir. Mən gözləyirəm ki, bunun ardınca Azərbaycanın digər qurumlarının nümayəndələri də Xankəndi iqtisadi zonasına daxil olaraq orada Azərbaycan dövlət suverenliyinə zidd olan məsələləri araşdırmaq və qarşısını almaq üçün addımlar atacaq. Böyük ehtimalla bundan sonra Azərbaycanın digər nazirliklərinin nümayəndələri də Xankəndiyə daxil olacaq”. DİA.AZ xəbər verir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup mütəxəssisinin nəzarətsiz ərazilərdə Azərbaycan dövlətinə məxsus olan faydalı qazıntıları və ekoloji problemləri araşdırmasını hesaba almaq lazımdır. Onun sözlərinə görə, bu prosesin davamlı olacağı daha çox ehtimal edilir. S. Cəlaloğlunun fikrincə, söhbət Cənubi Qafqazda vəziyyətin aydınlaşmasından gedir: “Qlobal mənada proseslər aydınlaşmalıdır. Yəni Cənubi Qafqazın dünya siyasətində öz yerini almasından danışa bilərik. Bu, olduqca vacib məsələdir. Təbii k, burada maraqlı qüvvələr var. Onlar Rusiya, Türkiyə, İran, ABŞ və Fransadır. Nə qədər ki, bizim bölgəmizdə stabilləşmə yaranmayıb, Rusiya-Ukrayna müharibəsi məntiqi nəticəsinə çatmayıb, gərginlik davam edəcək”. Partiya sədri diqqətə çatdırıb ki, burada ermənilərin iradəsini qırmaq məsələsi də yoxdur. Çünki ermənilər burada çox əhəmiyyətsizdirlər. “Erməniləri şişirtməyi düzgün saymıram. Biz əsas diqqəti ermənilərin arxasında duran dövlət və qüvvələrə yönəltməli, onları düzgün müəyyən etməli, onlarla işləri düzgün qurmalıyıq. Bunlar da əsasən Rusiya və Fransadır”, - deyə S. Cəlaloğlu əlavə edib. Onu da qeyd edək ki, iki gün əvvəl Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-nin əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə - Xankəndiyə daxil olub, Xocalıda sülhməramlı qüvvələrin qərargahında komandanlıqla müzakirələr aparıblar. Onlar bu ərazilərdə ekoloji vəziyyəti yoxlayıb, ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarını araşdırıblar. Geri qayıt |