Əsas Səhifə > Partiya, Güney Press > “Müsavat Partiyası moratoriumun arxasında öz niyyətini gizlətməyə çalışır”

“Müsavat Partiyası moratoriumun arxasında öz niyyətini gizlətməyə çalışır”


9-01-2014, 12:56
“Müsavat Partiyası moratoriumun arxasında öz niyyətini gizlətməyə çalışır”
“Müsavat funksionerləri Milli Şuradan ayrılmaq barədə qərardan sonra çalışdılar ki, əsassız arqumentlərlə öz mövqelərini əsaslandırsınlar.

Ancaq bu, cəmiyyətdə əks-reaksiya yaratdı və Müsavat Partiyasına qarşı yönəlmiş ictimai qınaqları daha da artırdı. Çünki təkcə AXCP deyil, Milli Şuranın digər üzvləri, hətta ziyalılar da Müsavat Partiyasını açıq şəkildə qınadılar. Aydın oldu ki, Müsavat öz mövqeyini əsaslandıra bilmir, danışdıqca, daha da çətin vəziyyətə düşür. Bundan sonra birtərəfli moratorium qəbul etdiklərini, bu polemikalarda iştirak etməyəcəklərini bildirdilər. Polemikada iştirak etmək nə zamandan qəbahət sayılıb? Əksinə polemika imkan verir ki, orda iştirak edən tərəflər öz mövqelərini daha aydın, daha doğru izah etmək imkanında olsunlar. Müsavat Partiyası moratorium arxasında öz niyyətini gizlətməyə çalışır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, Milli Şuranın üzvü Fuad Qəhrəmanlı Müsavat Partiyasının ittihamlara birtərəfli qaydada moratorium qoyulması haqqında bəyanatına münasibət bildirərkən deyib.

AXCP funksioneri qeyd edib ki, moratorium cəmiyyət tərəfindən səmimi qəbul olunmur: “Çünki cəmiyyət Müsavat Partiyasından Milli Şuranı nəyə görə tərk etməsi ilə bağlı izahat, doğru-dürüst cavab gözləyir”.

F. Qəhrəmanlı Müsavat Partiyasını üzərinə götürdüyü öhdəliyi pozmaqda ittiham edib: “Müsavat Partiyasının Milli Şuranı tərk etməklə bağlı qəbul etdiyi qərarda Milli Şuranın müvəqqəti seçki bloku olduğu üçün tərk etdiyi göstərilir. Ancaq Milli Şuranın təsis bəyannaməsində qurumun avtoritarizmdən demokratiyaya keçidi təmin edən bir qurum olduğu və davamlı olaraq fəaliyyət göstərəcəyi ifadə olunub. Müsavat Partiyası da bəyannaməni imzalamaqla, üzərinə öhdəlik götürüb. İndi bu öhdəliyi pozub, Milli Şura çərçivəsindəki müttəfiqlərini buraxıb, meydanı tərk edib, siyasi kursunu dəyişibsə, bunun inandırıcı cavabı verilməlidir”.

Geri qayıt