Əsas Səhifə > Partiya, Güney Press > "350 manat partiyanın mərkəzi ofisinin işıqpuluna çatmır"

"350 manat partiyanın mərkəzi ofisinin işıqpuluna çatmır"


8-12-2022, 09:04
"350 manat partiyanın mərkəzi ofisinin işıqpuluna çatmır"
“Siyasi partiyalar haqqında” qanun layihəsi Milli Məclisdə ikinci oxunuşdan da keçib. DİA.AZ qeyd edir ki, lakin bəzi deputatlar layihə ilə bağlı bir sıra dəyişikliklər təklif ediblər. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev partiya üzvlərinin fərdi identifikasiya nömrələrinə dair tələbin ləğvini istəyib. Deputat bildirib ki, artıq partiyada göstəriş verilib ki, qanun layihəsinin 20-ci maddəsinə uyğun olaraq üzvlərin fərdi identifikasiya nömrələri alınsın.

Amma bu informasiya gizli, konfidensial informasiyadır. Q.Həsənquliyev bildirib ki, bu, partiya üzvləri arasında narazılıq yaradır: “Sadəcə, partiya üzvlərinin adı soyadı və şəxsiyyət vəsiqəsinin nömrəsini yazmaq kifayət edir. Çünki fərdi identifikasiya nömrəsinin şəxsdən alınması qəbul etdiyimiz qanunlara da ziddir”.

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev də deyib ki, layihədə bəzi təzadlı və sual doğuran məqamlar var: “Bəzi maddələrdə olan təzadları aradan qaldırmaq lazımdır. Əgər siyasi partiya ildə bir dəfə reyestrə dəyişikliyi təqdim edirsə, müvafiq icra qurumu ildə iki dəfə hansı məlumatları yoxlayacaq?

Deputat Vüqar Bayramov isə partiyaların sadəcə mənfəət vergisindən deyil, eləcə də ƏDV-dən azad olunmasını, həmçinin seçkilərdə etibarlı səs qazanmış, ancaq Milli Məclisdə təmsil olunmayan partiyalar arasında bölüşdürüləcək vəsaitin artırılmasını vacib sayıb:

“2.5 faizlik yardım hissəsinin artırılması siyasi partiyaların seçkilərdə iştirakını təşviq edə bilər. Bu baxımdan həmin rəqəmə baxılıb artırılması məqsədəuyğun olardı”. Deputat Naqif Həmzəyev deyib ki, qanun layihəsində siyasi partiyanın 50 nəfər tərəfindən təsis edildiyi qeyd olunur. Başqa bir maddədə isə göstərilir ki, siyasi partiya qeydiyyata alınana qədər siyasi fəaliyyətlə məşğul olması qadağandır: "50 nəfər 5000 üzvü necə toplayacaq?! Məncə, bu məsələdə yumşalma olsa, ağzıgöyçəklərin də deməyə heç bir sözü qalmayacaq”.

Müzakirələrlə bağlı "Şərq"ə danışan AĞ Partiya sədri Tural Abbaslı deyib ki, "Siyasi partiyalar haqqında" qanun layihəsi gündəmə gəldiyi gündən indiyədək 70 dəyişiklik edilməsinə baxmayaraq, yenə də ciddi boşluqlar, məntiqsiz tələblər qalmaqdadır. Partiya rəhbəri bildirib ki, dəyişikliyə və ciddi düzəlişlərə ehtiyac var:

"Bununla bağlı ötən gün üç siyasi təşkilat - AĞ Partiya, Azərbaycan Xalq Partiyası və Azərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyinin iştirakı ilə bizim ofisdə dəyirmi masa təşkil etmişdik. Müzakirələrdə üç partiyanın mövqeyi bu oldu ki, qanun layihəsi çoxpartiyalı sistemin inkişafına təkan verməyəcək. Əksinə, partiyaların fəaliyyətini daha da məhdudlaşdıracaq və ağırlaşdıracaq. Ümumiyyətlə, qanun layihəsi çoxpartiyalı sistemin qarşısını alacaq. Nəticədə partiya fəaliyyəti səmərəsiz və maraqsız formata keçəcək.

Hətta ola bilsin, bir çox partiyalar könüllü şəkildə fəaliyyətlərini dayandırdılar. İldə bir dəfə bütün üzvlərin dövlət reyestrinin tələbi, ildə iki dəfə üzvlərin siyahısının təftişi, 4500 min limitin qoyulması, Apelyasiya Məhkəməsinə şikayət edərək partiyanın qeydiyyatının ləğvi absurddur.

Həmçinin parlamentdə təmsil olunan partiyalara ayrılan vəsaitin miqdarı da çox gülüncdür. İlkin hesablamalara görə, parlamentdə təmsil olunmayan siyasi partiyalara dövlət tərəfindən ayda 300-350 manat yardım ayrılacaq. Bu məbləğ partiyanın mərkəzi ofisinin işıqpuluna çatmır. Bu, biabırçılıqdır".

T.Abbaslı kifayət qədər redaktəyə ehtiyac olduğunu düşünür:

"Qanun layihəsində vətəndaşların partiyalara üzv olmasını stimullaşdıracaq heç bir imtiyaz nəzərdə tutulmayıb. Əksinə, seçki qanunvericiliyinə görə, partiyaların seçkilərdə iştirakı daha ağır prosedur tələb edir.

Əgər qanun layihəsi indiki şəkildə, dəyişiklik edilmədən qəbul olunarsa, partiyaların fəaliyyəti xeyli şübhə altına düşəcək. Geriyə doğru addım kimi dəyərləndiriləcək. Qanun layihəsi artıq ikinci oxunuşda qəbul edilib.

Üçüncü oxunuş isə simvolik xarakter daşıyır. Biz kifayət qədər qayğılıyıq. Ona görə də ciddi və real partiyalarla tərəfsiz müzakirələr aparılmalıdır və ortaq məxrəcə gəlinməlidir".

Geri qayıt