Əsas Səhifə > Partiya, Güney Press > ABŞ da sərhədə gəlir?
ABŞ da sərhədə gəlir?10-12-2022, 08:53 |
Amerika Erməniləri Assableyası ABŞ Prezidenti Co Baydenə çağırış edərək, regiona amerikalı müşahidəçilərin göndərməsini xahiş edib. DİA.AZ qeyd edir ki, Amerika Erməniləri Assambleyası bunu “Azərbaycan və Türkiyənin aqressiyası və növbəti erməni genosidinin qarşısının alınması üçün” etdiklərini bildiriblər. Bayden administrasiyasının məsələyə reaksiyası məlum deyil. Bu, daha çox bir diaspor təşkilatının fərdi təşəbbüsüdür. Ancaq Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesində siyasi aktivliyini artırmağa çalışan ABŞ-ın Avropa İttifaqı, ATƏT və Fransanın ardınca bölgəyə müşahidə missiyası göndərəcəyi də istisna edilmir. Qeyd edək ki, Avropa İttifaqının və Fransanın Ermənistan-Azərbaycan sərhədinə göndərdiyi mülki missiyanın iki aylıq mandatı dekabrın 20-də başa çatır. Bununla əlaqədar Fransanın xarici işlər naziri Katerin Kolonna monitorinq qrupunun mandatını uzatmağı təklif edib. Ermənistan isə müşahidəçilərin fəaliyyətindən kifayət qədər razı deyil. Çünki rəsmi İrəvanın gözləntilərinin əksinə olaraq, mülki missiya Azərbaycan əleyhinə sərt tənqidi məzmunda hesabatlar hazırlamayıb. Ona görə də Ermənistan Azərbaycana qarşı təzyiqləri artırmaq üçün ABŞ-ı prosesə cəlb etmək istəyir. Görünür, dekabrın 20-də avropalı müşahidəçilər bölgəni tərk edəcəyi təqdirdə, Ermənistan onları amerikalılarla əvəz etmək üzərində düşünür. Digər tərəfdən, Ermənistan-Azərbaycan sərhədinin “güzgü prinsipi” əsasında müəyyənləşməsi və həmin əraziyə Qərbdən, o cümlədən ABŞ-dan gəlmiş missiyanın yerləşdirilməsi təklifini Paşinyan hələ 2021-ci ilin əvvəlində təklif edib. Ancaq Fransadan fərqli olaraq ABŞ-ın müşahidəçilərinin Ermənistana, yəni KTMT-nin sərhədlərinə gəlişini Rusiya sakit qarşılaya bilməz. Ona görə ermənilərin bu addımı Rusiya-Ermənistan münasibətlərində gərginliyə səbəb olacaq. Bu, Azərbaycan tərəfindən ABŞ-ın vasitəçi kimi bitərəflik prinsipini pozması kimi qarşılana bilər. Politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, sərhədə missiya cəlb etməklə Ermənistan özünü gülünc vəziyyətə salır: “Avropanın missiyası gəldi, nə etdi? Hansı işləri gördü? Müşahidəçilər Azərbaycana hansı təzyiqləri göstərdi? Ümumiyyətlə, missiya regiondakı proseslərə təsir göstərmək imkanına malik deyil. Missiyanın funksiyalarının nədən ibarət olması və onun effektiv olması özü suallar doğrur. ATƏT-in müşahidə missiyasının fiaskosundan sonra Avropa İttifaqının və Fransanın missiyasını tələm-tələsik sərhədə gətirməklə Ermənistan özünü rüsvay etdi. Bu uğursuzluğun fonunda ABŞ missiyasının regiona çağırılması mənasızdır. Amerikalı müşahidəçilər gəlib nə edəcəklər? Ermənilər xarici missiyalarımn vasitəsilə Azərbaycana təzyiq göstərəcəklərini düşünürlərsə yanılırlar. Hesab edirəm ki, bu da real olmayacaq. Çünki nə ATƏT, nə Avropa İttifaqı və ya ABŞ ermənilərin əlində alət olacaq. Ermənilər onları Azərbaycana qarşı alət kimi istifadə etmək istəyirlər. Amma görünür, ATƏT və Avropa İttifaqı monitorinq qrupunun üzvlərinə tapşırıq verir ki, Azərbaycan-Ermənistan mübahisəsində Ermənistanın tərəfindən çıxış etməsin və ehtiyatla davransınlar. Ona görə də ermənilər narazıdır. İndi Ermənistan çalışır ki, ABŞ-ın missiyası gəlsin və avropalıların etmədiyini onlar etsin. Lakin ABŞ da onların istəyini yerinə yetirməyəcək. Bu, Ermənistan rəhbərliyinin siyasi cəhətdən bisavad olduğunu göstərir”. Ekspert bildirib ki, onlar real vəziyyəti anlamırlar: “Vaxtilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı da eyni addımları atırdılar. Onlar bilirdilər ki, KTMT gəlməyəcək. Yenə də dəfələrlə müraciət edirdilər. ABŞ da missiya göndərmək istəsə, bunu çox güman ki, Azərbaycan tərəfi ilə razılaşdıracaq. Əgər onlar bunu razılaşdıra bilməsə və ya Azərbaycanın mənfi reaksiyası ilə üzləşsələr, o halda ABŞ-ın aqibəti Fransa ilə eyni olacaq. Yəni Azərbaycan belə vəziyyətdə ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla danışıqlar aparmaqdan ən azı ehtiyat edəcək. Bu da ABŞ-Rusiya rəqabətində Vaşinqtonun xeyrinə deyil. Missiyanı göndərən tərəf başa düşür ki, konkret tərəf tutsa, onun vasitəçilik missiyası heçə enir. Bunu yalnız Emmanuel Makron başa düşmür. Təcrübə göstərir ki, bu cür yanaşmalar region üçün faydalı deyil. Xarici missiyaları bölgəyə doldurmağın mənası yoxdur. Onlar hər iki tərəfin məqbul hesab etdiyi vahid konsepsiya əsasında fəaliyyət göstərməlidir. Birtərəfli missiyaların heç bir xeyri yoxdur”. Geri qayıt |