Əsas Səhifə > Partiya, Güney Press > Rusiya Qarabağda gərginliyin artmasını istəyir

Rusiya Qarabağda gərginliyin artmasını istəyir


14-12-2022, 17:08
Rusiya Qarabağda gərginliyin artmasını istəyir
“Qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər və ictimai fəalların Şuşa şəhəri yaxınlığında - Laçın yolunda keçirdikləri etiraz aksiyaları öz təsirini göstərir. Ermənistan baş naziri və prezidenti aksiya haqqında çıxışlar edibsə, eləcə də erməni parlamenti toplantı keçirməyə başlayıbsa, deməli, aksiyalar nəticə verib”.

DİA.AZ bildirir ki, bu sözləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bir qrup azərbaycanlı fəalın üç gündür Laçın yolunda aksiya təşkil edərək ekoloji tələblər irəli sürməsindən danışarkən deyib.

S. Cəlaloğlu Fransa Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamentinin azərbaycanlı fəalların aksiyaya son qoyması və Laçın yolunun açılması ilə bağlı çağırışlarını da ciddi qəbul etmir:

“Burada əsas etiraz ermənilərlə bağlı deyil. Aksiyanın keçirilməsinin əsas səbəbi Rusiyanın ərazidəki sülhməramlı qüvvələr ilə əlaqəlidir. Avropa və Amerika isə Rusiyanın Cənubi Qafqazda hərbi iştirakçılığına qarşıdır, sülhməramlıların bölgədən çıxmasını istəyir. Yəni Qərb Qafqazda özbaşınalığın qarşısının alınmasında maraqlıdır. Bu baxımdan bizim atdığımız addımlarla dünyanın maraqları üst-üstə düşür”.

ADP sədri əlavə edib ki, Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərə təhlükə və təhdid yaratmır. Əksinə, Azərbaycan Xankəndi şəhərinə su, qaz və elektrik enerjisi verir: “Həmçinin abad yollar tikir. Bunları nəzərə almadan Azərbaycana qarşı fikirlər səsləndirmək əsassızdır. Məncə, regionda gedən hadisələr haqqında müfəssəl məlumat olmadığı üçün belə rəy bildiriblər. Amma bu, kökündən yanlışdır”.

Cəlaloğlu bildirib ki, indiyə qədər bir məcburi köçkün Xankəndiyə - öz evinə qaytarılmayıb. Halbuki üçtərəfli bəyanata əsasən, məcburi köçkünlər Xankəndiyə və digər yaşayış məntəqələrinə qaytarılmalıdır.

S. Cəlaloğlu bu mərhələdə Azərbaycana təzyiqləri real saymır: “44 günlük müharibə də göstərdi ki, Azərbaycan beynəlxalq hüququ pozmadıqda, başqa xalqların hüquqlarını tapdalamadıqa ona münasibət loyal olur”.

Partiya sədri iddia edir ki, ruslar bu məsələdə loyal və ya bitərəf deyillər. Rusiya burada maraqlı tərəfdir və gərginliyin artmasını istəyir.

Geri qayıt