Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycanın tələbləri Volkovun yox, birbaşa Kreml qarşısında qoyulmalıdır…”

“Azərbaycanın tələbləri Volkovun yox, birbaşa Kreml qarşısında qoyulmalıdır…”


15-12-2022, 10:25
“Azərbaycanın tələbləri Volkovun yox, birbaşa Kreml qarşısında qoyulmalıdır…”
Milli İstiqlal partiyasının lideri, istiqlalçı deputat Etibar Məmmədovla Moderator.az üçün bu dəfəki telefon söhbətimizdə Azərbaycan ictimai fəallarının Laçın-Şuşa-Xocalı-Ağdam yolunda 4-cü gündür davam edən məlum aksiyasına Rusiya “sülhməramlı”ları və birbaşa Rusiya rəhbərliyinin qeyri-adekvat reaksiyası və onun səbəblərindən danışdıq. DİA.AZ həmin müsahibəni təqdim edir:

-Etibar bəy, sizin milli azadlıq hərəkatının liderlərindən biri olaraq ən azı 1988-1992-ci illər boyu Moskvanın həm siyasi məmurları, həm hərbi komandirləri, generalları, həm də hüquq-mühafizə orqanı əməkdaşlarıyla yetərincə ünsiyyət təcrübəniz var. Bu gün sizi “sülhməramlı”ların komandanı, general Volkovla danışığa göndərsələr, onunla necə söhbət edərsiz, onun qarşısında hansı tələbləri qoyarsınız?

-Bilirsiz, Volkova çox söz demək olar. Amma əslində Azərbaycan xalqının tələbləri “sülhməramlı”ların komandanı qarşısında yox, birbaşa onun tabe olduğu Kreml rəhbərliyi qarşısında qoyulmalıdır ki, o da rəhbərliyinin tapşırığıyla onları icra etməyə məcbur olsun. Hazırkı durumda Volkov bilir ki, etirazçıların qarşısına gəlsə də, heç bir şey həll edə bilməyəcək. Ona görə də gəlmir…

-Görünür, Volkov həm də Azərbaycan xalqı qarşısında gözükölgəli olduğundan gəlmir? Çünki Qarabağdakı qızıl mədənlərimizin talanmasında erməni separatçı liderləri, o cümlədən R.Vardanyanla yanaşı, onun da adı hallanır…

-Təbii ki, Rusiya canişinləri daim belə işlərdə ermənilərdən də çox iştirak ediblər. Əsas məsələ o deyil, əsas məsələ Kremldən, Putindən siyasi qərarın gəlməsidir. Həmin siyasi qərar veriləndən sonra sabah Volkov dostu olan erməniləri də qabağına qatıb güllələyər…

-Putin özü də, deyəsən, başını tam itirib artıq… Bəs həmin siyasi qərarı kim verəcək?

-Bəli, Putin doğrudan da başını itirib. Ukraynadakı ardıcıl hərbi məğlubiyyətləri onu biabırçı bir duruma salıb. Rusiyanın daxilində, həmçinin hərbi-siyasi elitanın özündə də gərginlk günü-gündən artır. Amma bununla belə, Putin əlində olan hakimiyyəti, var-dövləti buraxmaq istəmir… O, Güney Qafqazdan da əl çəkmək fikrində deyil...Gördüyünüz kimi, Rusiya diktatoru açıq-aşkar elan etdi ki, Vaşinqton variantında Qarabağdakı ermənilərə status verilməsi məsələsi yoxdur, ancaq Moskva variantında bu var. Yəni bir növ ultimatum kimi dedi ki, status məsələsinə baxılmalıdır. Putin mövqeyini ortalığa qoyur və dolayısıyla erməniləri də təhdid edir ki, istəmirsizsə, özünüz bilərsiniz. Ona görə də Azərbaycan rəhbərliyi də çox ağıllı mövqe tutub ki, bu məsələ tezliklə həll olunsun və Qarabağın qalan hissələri də dövlətimizin birbaşa yurisdiksiyasına keçsin. Əgər ABŞ və Avropa Birliyi Qarabağ ermənilərinə status mövzusunu qoymursa, deməli, artıq Qarabağ məsələsini Rusiyanın nəzarətindən çıxarmaq lazımdır. Bunun üçün də müşahidə etdiyimiz “yumşaq” təzyiq formaları qəbulolunandır…

Geri qayıt