Əsas Səhifə > Partiya, Güney Press > İsa Qəmbər və Əli Kərimli söz savaşına çıxıb
İsa Qəmbər və Əli Kərimli söz savaşına çıxıb10-01-2014, 14:32 |
Milli Şurada əvvəlcə birləşən, yan-yana durub mitinqlərdə növbə ilə çıxış AXCP və Müsavat Partiyasının sədrləri indi bir-birilərini söz atəşinə tutub. Müsavat başqanı İsa Qəmbər məclisdəki çıxışı zamanı AXCP-yə müraciət edərək bildirir: “Müsavata qarşı elə bil Səlib müharibəsinə başlayıblar. Açırsan qəzetlərini hakimiyyətin əleyhinə bir yazı var, ya yoxdur, ancaq Müsavata qarşı bir neçə yazı var. Yayda “Ya Rüstəm İbrahimbəyov, ya da Rüstəm İbrahimbəyov” deyirdilər. İndi də “ya Milli Şura, ya da Milli Şura” deyirlər. Milli Şuranı müqəddəs inək kimi toxunulmaz elan ediblər. Biz başa düşürük ki, Milli Şura Xalq Cəbhəsi, gənclərsiz, ziyalılarsız mümkün deyil. Ancaq məgər bunlar başa düşmürlərmi ki, Milli Şura Müsavatsız da mümkün deyil. Bəziləri Milli Şurada Müsavatsız hər şeyin yaxşı olacağını deyirsə, deməli, bu adamlar Milli Şuranı dağıtmaq istəyirlər”. AXCP sədri Əli Kərimli isə Müsavat Partiyasının şuranı tərk etməsindən sonra İsa Qəmbərə cavab verərək bildirir ki, yolu yerdə qalanlarla da getmək mümkündür: “Necə iddia etmək olar ki, Milli Şuranın hədəfi müəyyənləşməyib? Necə iddia etmək olar ki, Milli Şura prezident seçkilərində iştirak etmək üçün yaranmışdı? Belə bir sənədi qəbul etmək, bu sənədin əsasında digərləri ilə birlikdə təşkilat yaratmaq həm də üzərinə məsuliyyət götürmək deməkdir. Belə iddialı məqsədlərlə yaradılan təşkilatın (MŞ-nın) təsisçisi olmaq həm də tərəfdaşlar və bütövlükdə xalq qarşısında üzərinə müəyyən öhdəliklər götürmək deməkdir. O öhdəliklərdən yarı yolda imtina etmək olmaz. Ona görə də AXCP-nin Milli Şuraya dəstəyi davam edir. Məqsədin böyüklüyü, prosesin çətinliyi bizi qorxutmur. Belə bir ülvi məqsədlə - xalqımızın zəbt edilmiş hakimiyyətini özünə qaytarmaq məqsədilə çətin bir yola çıxmağımızdan peşman deyilik. Bu yolu sona qədər getməyə hazır olanlarla yola davam edəcəyik". Qeyd edək ki, prezident seçkiləri ərəfəsində mitinq meydanlarına yuxarıda qeyd olunan partiya sədirlərinin müşayəti ilə çıxan Milli Şuranın ziyalı sədri professor Cəmil Həsənli isə ətrafında keçmiş həmkarlarını görmədiyi təqdirdə bildirib ki, Milli Şuraya ziyalıların və tanınmış adamların cəlb olunması istiqamətində danışıqlar aparır. Geri qayıt |