Əsas Səhifə > Partiya, Güney Press > "Paşinyan Makronun iştirakı ilə görüş keçirmək istəyirsə, bu olmayacaq"

"Paşinyan Makronun iştirakı ilə görüş keçirmək istəyirsə, bu olmayacaq"


19-12-2022, 08:11
"Paşinyan Makronun iştirakı ilə görüş keçirmək istəyirsə, bu olmayacaq"
44 günlük Vətən müharibəsindən sonra sülh müqaviləsinin imzalanması üçün müxtəlif ölkələr vasitəçilik rolunu oynamaqda maraqlı idilər.
Bunun üçün Brüssel, Moskva, Praqa və başqa görüşlər keçirilir, şərtlər və tələblər müzakirə edilirdi. Bugünə qədər 4 Brüssel görüşü keçirilsə də, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanması üçün irəli sürülən 5 şərtlə razılaşmaq istəməyib və qeyri-konstruktiv mövqe nümayiş etdirib.

Bu günlərdə isə 5-ci Brüssel görüşü keçiriləcək. Bu dəfə isə danışıqlar masasında Fransa olmayacaq. Çünki, Azərbaycan tərəfi danışıqlarda Fransa olacağı təqdirdə, görüşlərdən imtina edir.

2020-ci ildən bu günə qədər dəfələrlə müxtəlif görüşlər keçirilsə də, hələ ki heç bir nəticə əldə edilməyib. Azərbaycanın təkilf etdiyi və 5 şərtlə irəli sürdüyü sülh müqaviləsi ya Ermənistan hakimiyyətinin, ya da maraqlı olan 3-cü ölkələr tərəfindən həzm edilə bilmir.

“Ermənistan baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, dekabrın 7-də Brüsseldə keçiriləcək görüşdə Emmanuel Makron iştirak edərsə, danışıqlar baş tuta bilər. Lakin Şarl Mişel ilə əlaqə yaradılaraq birmənalı şəkildə bildirildi ki, Paşinyan əgər E.Makronun iştirakı ilə görüş keçirmək istəyirsə, belə bir görüş olmayacaq. Bu haqda cənab Pezident də öz çıxışında qeyd etdi.

Oktyabrın 6-da Paşinyan, Əliyev və Makron görüşmüşdülər. Eyni zamanda, Praqada keçən görüşdə belə bir nəticə əldə olunmuşdu ki, mütləq şəkildə görüşlər davam etdirilsin. Lakin sentyabr ayında böyük problemlər baş verdi. Ermənistan sərhəddə təxtibatlara əl atdı. Bundan sonra, hansısa görüşün keçirilməsi haqqında qərar qəbul edilmədi.

Sonra təbii ki, Soçidə, oktyabr ayının 31-də üçtərəfli - İlham Əliyev, Paşinyan və Putin görüşü oldu. Bu arada da belə bir fikir irəli sürülmüşdü ki, Rusiya sülhməramlıları Qarabağ ərazisində qalır və sülh müqaviləsinin imzalanması istiqamətində müəyyən addımlar atılmalıdır.

Lakin bu hadisələr baş verdikdən sonra eyni zamanda Makronun məhz bu işə qarışması və Türkiyə tərəfini dəfələrlə günahlandırması bu görüşün digər formata keçirilməsi haqqında fikirlər irəli sürməyə imkan yaratdı”. DİA.AZ bildirir ki, bu barədə bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzu Nağıyev danışıb.

Deputat bildirir ki, Avropa İttifaqı isə ciddi cəhdlə bu görüşdə vasitəçi olmaq istəyir. Bununla bağlı, Bakı nümayəndəliyi də açıqlama verib. Aİ Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına çalışır.

“Avropa ittifaqı nəyin bahasına olur olsun, bu görüşləri keçirməyə və müsbət nəticə əldə olunmasına çalışır. Təbii ki, bu gün konkret olaraq Azərbaycan - Ermənistan - Rusiya görüşməsi haqqında ciddi məsələ yoxdur. Lakin Rusiya tərəfinin verdiyi məlumata görə ilin sonuna qədər Sankt-Peterburqda MDB dövlətlərinin qeyri-formal sammiti keçirilməlidir. Burada ola bilsin ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərliyinin görüşü baş tutsun. Bu günə olan ən ciddi məsələlər məhz bundan ibarətdir”,- deyə deputat bildirib.

Bəzən Azərbaycanlı siyasilər, politoloqlar verdikləri açıqlamalarda “Ermənistanı sülhə məcbur etmək” ifadəsini istifadə edirlər. Sülh istəməyən, məğlubiyyətə düçar olacağını bildiyi halda, münaqişəyə can atan bir millət necə sülhə məcbur etmək olar ki?

Arzu Nağıyev deyir ki, “sülhə məcbur etmək” deyəndə Azərbaycan artıq 5 təklifi masa üzərinə qoyub. Orada tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması, 10 noyabr sazişi, eyni zamanda hər hansı bir statusdan danışılmama, sonra əsir və girovlarla bağlı bütün bu proseslərə dair Azərbaycan öz fikirlərini ortaya qoyub. Ermənistan da bununla razılaşmışdı.

Lakin sonradan məhz Vardanyanın regiona gəlməsi, baş verən hadisələr bir daha göstərdi ki, Ermənistan o beş maddəni yerinə yetirmək istəmir. Ümumiyyətlə, sülh müqaviləsinin imzalanması, mütləq şəkildə delimitasiya və demarkasiyadan keçməlidir. Sərhədlər təyin olunduqdan sonra ərazi bütövlüyü tanınmalıdır. Bundan sonra sülh müqaviləsi imzalana bilər. Buna qədər də çox ciddi işlər görülməlidir. A.Nağıyevin fikrincə, Paşinyan müəyyən addımlar ata bilərdi. Ancaq Ermənistan daxilində baş verən proseslər, daxili siyasət buna imkan vermir.

“İstər Ruben Vardanyanın, istər Araik Arutunyanın arzuları tam başqadır. Onlar bu status məsələsini qabartmaqla doğrudan da “status-kvonu” saxlamaq istəyirlər. Bunlar hər hansı bir sülhün bərqərar olunmasına çalışmırlar və bunun da öz səbəbləri var. Bunun səbəbi Fransanın tərəf kimi Ermənistanı dəstəkləməsidir. Təbii ki, Rusiya və Fransa arasında olan gərginlik, Türkiyə-Fransa münasibətləri, bütün bunlar birmənalı şəkildə Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasını çətinləşdirir və ümumiyyətlə, Cənubi Qafqazda problem yaradır”,- deyə deputat qeyd edir.

Hazırda Azərbaycan hələ ki, ciddi siyasi addımlar atır. Xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilir. Əsas məqam ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü danışıq predmeti olmamalıdır.

“Bu gün problemimiz Ermənistanın sərsəm addımlarıdır və bu istiqamətdə də addımlar atılacaq. Hər hansı bir güc istifadə etmək və digər məsələlər danışıq predmeti deyil. Güc o zaman istifadə olunar ki, artıq bütün limitlər bitmiş olsun”,- deyən Nağıyev qeyd edib ki, bu gün Azərbaycanın anti-terror əməliyyatı keçirməyə imkanı da var. Lakin Azərbaycan bütün beynəlxalq sənədlərə, hüquq normalarına istinad edərək, əsas məqam kimi sülhün bərqərar olunması və dinc surətdə bu məsələnin həllini həyata keçirməyə çalışır.

P.S. Ermənistan tərəfi hələ də sülh müqaviləsi ilə bağlı hər hansı addımların atılmayacağını bəyan edir. Görünən odur ki, “bu dəyirman hələ çox su aparacaq”. Yəni Azərbaycan sərhədlərinin demarkasiya və delimitasiyası, ərazi bütövlüyünün tanınması, ərazilərdən qanunsuz silahlılarının çıxarılması və bu kimi məsələlərin müzakirəsi, həlli hələ uzun zaman gündəmi zəbt edəcək. Sülh müqaviləsi yoxdursa, deməli, müharibə hələ bitməyib!

Geri qayıt