Əsas Səhifə > Partiya, Güney Press > "Dərviş kimi, rayonlara düşüb QHT-ləri bu sahəyə cəlb etmişəm"
"Dərviş kimi, rayonlara düşüb QHT-ləri bu sahəyə cəlb etmişəm"22-12-2022, 08:08 |
Ölkədə sığınacaqların sayının azlığı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın açıqlaması bu sahəyə diqqəti artırdı. Görünən budur ki, son zamanlar gender əsaslı, məişət zəminində baş verən münaqişələr, küçələrə atılmış körpələrin, kimsəsizlərin sığınacaqlara yerləşdirilməsində yaşanan çətinliklər, eləcə də bəzi sığınacaqlarda baş verən zərərli hadisələr bu sahədəki problemlərin həllini vacib edir. Komitə sədri bildirib ki, sığınacaqların sayı tələbata uyğun gəlmir. Ümumilikdə 9 yardım mərkəzi var, onlardan yalnız 3-ü sığınacaq xidməti göstərir. Onların çarpayı sayı da məhduddur. Lakin cəmiyyətin tələbi, həm də qanunun tələblərinə uyğun olaraq yaxın zamanda bu problemi həll etməyi hədəfləyirlər. Komitə sədrinin açıqlamasının sığınacaqlar arasında “soyuq müharibə”yə səbəb olacağı qənaətinə gələnlər də var. Məsələn, QHT.az saytının rəhbəri, İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə feysbuk səhifəsində belə bir paylaşım edib: “Ölkədə sığınacaqlar arasında soyuq müharibəyə start verilib. Hüquqi baza yaradılmalıdır”. DİA.AZ bildirir ki, ölkədə qadınlar üçün ilk sığınacağın açılmasına nail olmuş “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında sığınacaqlar arasında “soyuq müharibə”yə heç bir əsas olmadığını dedi: - Əvvəla onu deyim ki, insan alveri ilə mübarizəyə başlayanda, ölkədə çoxları bu mövzuda danışmaq, fikir bildirmək, fəaliyyət göstərməyə maraqlı deyildi. Dərviş kimi, rayonlara düşüb indi insan alveri sahəsində aktiv olan QHT-ləri bu sahəyə cəlb etmişəm. Fəaliyyətimin ilk günündən gender əsaslı zorakılıq mövzusu prioritet olub, bu gün də o yolu davam edirəm, bir çox dəyişikliyə də nail olmuşam. 2002-ci ildə 17 kvadratlıq ev aldım, çətin vəziyyətdə olan kim müraciət etdisə, evimin, ailəmin içinə daxil etdim. Bu illər ərzində, neçə QHT-yə sidq-ürəklə dəstək verdim, qeydiyyatdan keçmələrinə kömək oldum. Kimsə deyə bilməz ki, hansısa təmənnam olub. Ölkədə ilk qadın sığınacağını (“Umid yeri” uşaqlar üçün ilk sığınacaq olub) özümün və insanların köməyi ilə standartlara uyğun tikdirdim. Sənədlərimiz beynəlxlaq və milli qanunvericiliyə uyğundur. Hesab edirəm ki, “soyuq müharibə” yox, xidmətin keyfiyyəti ilə bağlı sağlam rəqabətin formalaşmasına çalışmalıyıq. Çünki göründüyü kimi, sığınacaqlara daha artıq ehtiyac var. O ki qaldı hüquqi əsaslara, Nazirlər Kabinetinin məlum qərarı var. Həm Nazirlər Kabinetinin Monitorinq qrupu, eləcə də ƏƏSMN nəzdində Akkreditasiya olunmuş təşkilatların fəaliyyətini monitorinq qrupu sığınacaqlarla bağlı monitorinqlərini keçirib və ən yüksək səviyyələrdə təqdim edilib. Sığınacaqlarda işləyənlər çox fədakar insanlardır. İstər Daxili İşlər Nazirliyinin, istər ƏƏSMN-in Sosial Xidmətlər Agentliyinin sığınacağı, istərsə də QHT-də çalışanlar. Onların əməyi qiymətləndirilməlidir. M.Zeynalova sığınacaqların sayının artırılmasıyla bağlı komitə sədrinin təşəbbüsünü dəstəklədiyini bildirdi: - DİN-in 1, ƏƏSMN-in Sosial Xidmətlər Agentliyinin də 3 sığınacağı var. Qalan 5 sığınacaq qeyri-dövlət əsaslıdır. Bizim qadın sığınacağı Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə fəaliyyət göstərir. Əlbəttə, dövlətin yardımını, dəstəyini də hiss edirik. Bəli, sığınacaqların sayının artırılmasına ehtiyac var və bu artıq zərurət halını alıb. Amma buna necə nail olunmalıdır? Məsələn, Amerika Birləşmiş Ştatlarında dövlət qeyri-hökumət təşkilatlarına sifariş verir, ehtiyaclar dəyərləndirilir, buna uyğun olaraq da QHT-lər sifarişi icra edir. Bunun üçün dövlət QHT sektoruna 70 faiz civarında yardım edir. Fikrimcə, bizdə də bu metoddan istifadə edilməlidir. Əvvəlcə mövcud vəziyyət və ehtiyaclar dəyərləndirilməlidir. Məsələn, hesab edirəm ki, təkcə qadınlar üçün deyil, kişilər üçün, əlillər üçün ayrıca sığınacaqlar olmalıdır. Keçid sığınacaqları da yaradıla bilər. Keçid sığınacaqları bölgələr üçün xarakterikdir. Təhlükəsizliyin təmini məqsədilə əvvəlcə keçid sığınacaqlara yerləşdirilənlər, təhlillər aparıldıqdan sonra digər sığınacaqlara köçürülə bilər. Paytaxtda da, bölgələrdə də buna ehtiyac var. Geri qayıt |