Əsas Səhifə > Partiya, Güney Press > “Britaniya BMT-də Azərbaycana qarşı təzyiqlərin qarşısını ala bilər”
“Britaniya BMT-də Azərbaycana qarşı təzyiqlərin qarşısını ala bilər”22-12-2022, 09:50 |
“Rusiyada hansısa şəxslərin Azərbaycana qarşı çıxışlarını təsadüfi saymıram. Bəziləri Azərbaycanı bombalamaqdan danışır, bəziləri başqa sözlər deyir. Aydındır ki, bunlar özfəaliyyət deyil və birbaşa Moskvadan idarə olunur. Mən hesab edirəm ki, bununla ruslar Azərbaycanın, Türkiyənin, elə Pakistanın da reaksiyasını öyrənməyə çalışır, eyni zamanda bizim ictimai rəyi öyrənirlər”. DİA.AZ bildirir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. S. Cəlaloğlu əlavə edib ki, Azərbaycan tərəfinin buna qarşı atdığı addımlar normaldır: “Bizim müvafiq orqanlarımız Rusiyada belə çıxışlar edən şəxslərə qarşı cinayət işi qaldırır, belə açıqlamalara reaksiyalar verilir. Eyni zamanda biz də imkanımız çatan qədər belə fikirlərə münasibətimizi sərgiləyirik”. Partiya sədri bildirib ki, hazırda Azərbaycan-Rusiya münasibətlərində konfrantasiyaya getməyə ehtiyac hiss etmir: “Rusiyanın başı Ukrayna müharibəsinə, daha doğrusu, “Ukrayna tələsi”nə qarışıb. Hələ bilinmir orada nələr baş verəcək, vəziyyət necə olacaq. Hazırda Rusiyanın durumu yaxşı deyil. Hələ gedib Ukrayna məsələsi ilə məşğul olsunlar”. S. Cəlaloğlu hesab edir ki, Azərbaycan hər zaman Rusiya ilə bərabərhüquqlu, hər iki ölkəyə xeyir gətirən münasibətlərin qurulmasında və inkişafında maraqlı olub, indi də belədir, Rusiya da buna uyğun addımlar atmalıdır. Partiya sədri diqqətə çatdırıb ki, Rusiya Qarabağdakı vəziyyəti kəskinləşdirir və erməni separatçıları qızışdırır. O, gərginliyin Ermənistan və Azərbaycana sərf etmədiyini deyib. S. Cəlaloğlu Laçın-Şuşa yolunda azərbaycanlı fəalların keçirdiyi aksiyanın tələblərinin haqlı olduğuna da işarə edib: “İndi deyirlər ki, yolun bağlanmasına görə BMT Təhlükəsizlik Şurasında hansısa müzakirələr aparılacaq. Mən bunu əhəmiyyətli saymıram. Biz bu məsələdə həm haqlı, həm də güclü tərəfik. Təhlükəsizlik Şurasında Britaniya kimi müttəfiqimiz var. Ümid edirəm ki, məsələlər ciddiləşsə, Britaniya veto hüququndan istifadə edib bizə qarşı əsassız təzyiqlərin qarşısını ala bilər”. Geri qayıt |