Əsas Səhifə > Partiya, Güney Press > "İlahi, ölkəmizdə nə qədər xain var"
"İlahi, ölkəmizdə nə qədər xain var"24-12-2022, 08:44 |
Laçın-Xankəndi yolundakı aksiyanın əsas hədəfi gün kimi aydın. Ermənilərin onu qəsdən təhrif edib humanitar amilə kökləməsi təbiidir. Çünki qarşımızdakı əxlaqsız, heç bir bəşəri dəyər tanımayan məkrli bir düşmən. Bizə qarşı daima qərəzi, kini bitib-tükənməyən, saxtakar, ikinci yüz ildir beynəlxalq birliyi öz “timsah göz yaşları” ilə çaşdırmağa çalışan sırtıq və riyakar bir toplum. Ancaq əfsus ki, bəzən “sapı özümüzdən olan balta”lar da düşmənin bizə qarşı əsassız iddialarına bilərəkdən və ya bilməyərəkdən zəmin yaradır, “erməni dəyirmanı”na su tökürlər. Məsələn, siyasi şərhçi Azər Qasımlı Azadlıq Radiosuna deyib ki, Laçın-Xankəndi yolunda etiraz aksiyasının sülh prosesinə heç bir müsbət təsiri yoxdur: “Hətta sülh prosesini tamamilə dağıdan bir aksiyadır. Bu aksiyanın Azərbaycanın milli maraqlarına heç bir aidiyyəti və gözlə görüləcək hər hansı dividendi yoxdur”. Onun iddiasına görə, Azərbaycanın maraqları onda təmin olunardı ki, həqiqi sülh prosesi başlayardı və bu, Rusiyanın iştirakı olmadan davam etdirilərdi: “Amma belə bir aksiyalar olursa və Laçın dəhlizi qapadılırsa (dəhliz qapadılmayıb, sadəcə, ermənilərin ondan cinayətkar məqsədlər üçün istifadəsinə imkan verilmir! - red.), təbii ki, orada sülhməramlı kontingentə daha çox ehtiyac duyulmağa başlayır. Qarabağda olan ermənilərin Rusiyaya ehtiyacı daha çox olur. Ermənistanda millətçilər, Rusiyaya bağlı olan siyasətçilər bəyan edir ki, Rusiya sülhməramlıları olmasa, Azərbaycan hücum edəcək, humanitar böhran yaradacaq. Buna da rəvac verən aksiyanı təşkil etməklə Azərbaycan iqtidarı oldu. Başqa heç bir nailiyyət yoxdur”. Belə çıxır, Azərbaycan dövləti separatçı kriminal elementlərin sərvətlərimizi rahatca talamasına, ekologiyamızı məhv eləməsinə, ərazimizdə qanunsuz ordu qurmasına göz yummağa davam eləməli idi ki, nədi-nədi 10 noyabr sənədi var? Qeyd edək ki, bənzər iddialarla vaxtaşırı erməni siyasiləri və ekspertlər də çıxış edirlər. Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, Laçın yolunda aksiyanı Azərbaycan xalqı keçirir: “Əslində bu da sülhə, birlikdə yaşamağa çağırışı özündə ehtiva edən aksiyadır. Azərbaycan vətəndaşı olan erməni əhaliyə dəfələrlə çağırış edilib ki, gəlin bölgənin ekologiyasını birlikdə qoruyaq. Xalqın dinc aksiyasına özünə azərbaycanlı deyən şəxs qara yaxmamalıdır, bu aksiyanı gözdən salmamalıdır. Milli məsələdə belə xainlik edənlərin ortaya çıxması insanda heyrət yaradır. Nə qədər milli hisslərdən uzaq olmalısan ki, öz millətinin haqq mübarizəsinə qarşı çıxasan. Bunun satqınlıqdan, xalqına, dövlətinə qarşı xəyanətdən başqa adı yoxdur. Azərbaycan dövlətini, xalqını sülh istəməyən, sülhü pozan adlandırmaq üçün ya gərək kor, kar olmalısan, ya da bu xalqın düşməni, bu xalqın düşməninin əlaltısı. Milli satqınlar məgər görmürlər ki, Azərbaycan 44 günlük müharibədə də, sonrakı keçən müddətdə də daim sülh çağırışları edib?! Azərbaycan qalib tərəf, üstün tərəf olmasına baxmayaraq Ermənistana barış əlini uzadır. Sülh istəməyən, barış üçün uzanan əli geri çevirən isə Ermənistandır. Ermənistan sülh danışıqlarından faktiki olaraq imtina edir. Sülh danışıqlarının davamı olaraq dekabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü keçirilməli idi. Nikol Paşinyan bu görüşdə iştirakdan rəsmən imtina etdi. Dekabrın 23-də Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Moskvada görüşməli idilər. Ermənistan hakimiyyəti bu görüşdən də imtina etdi. Təkcə bu ay ərzində baş verən bu iki fakt kimin sülhə qarşı olduğunu, kimin sülh prosesini dağıtdığını göstərmirmi?! Hər şeyin bu qədər aydın olmasına baxmayaraq özünü azərbaycanlı adlandıran kimlərinsə Azərbaycanı sülh danışıqlarını dağıtmaqda günahlandırması Ermənistanın maraqlarına xidmət etməkdir. Düşmən marağına xidmət edənlərə qarşı isə qanunun ən sərt dili ilə davranılmalıdır". Deputat Razi Nurullayev də Laçın-Xankəndi yolunda aksiyaları lağa qoyanları xain adlandırıb: “İlahi, ölkəmizdə nə qədər xain var. Bəziləri aksiyanı lağa qoyur. Ermənilərə sətiraltı və açıq dəstəklərini göstərirlər. Bu xainlikdir. Əgər imkanları olsa o yolu iflic edərlər. Kimin cürəti var Azərbaycanı qınasın? Təklif edirəm ki, bu cür şəxslər istintaqa cəlb olunsun. Biz Birinci Qarabağ müharibəsində 25 min, Ikincidə 3100 şəhid vermədik ki, düşmən qüvvələrə satılmışlar onların ruhunu təhqir etsin. Çox şeydə güzəşt olar, amma vətəni, torpağı, ölkəni satmaq, onun üzərində karyera qurmaq, pul qazanmaq istəyənlərə, şəxsi incikliyinin qisasını Ermənistana qahmar çıxmaqla Azərbaycan dövlətindən almaq cəhdinə isə güzəşt olmaz”. Politoloq Yeganə Hacıyeva qeyd etdi ki, Şuşa-Xankəndi yolunda davam edən etirazların fonunda qlobal erməni mediası və QHT şəbəkəsi, onların bəzi azərbaycanlıların da daxil olduqları uzantıları hərəkətə gətərilib: “Aksiyanın gözdən salınması, insanların aksiyaya qatılmaq aktivliyinə zərbə vurmaq üçün ən müxtəlif formada çirkin təbliğat aparılır, açıqlamalar, bəyanatlar verilir. ABŞ-da, Avropada, hətta Cənubi Amerikada belə Azərbaycan əleyhinə dezinformasiya və prosesin təhrif edilməsi ilə kampaniyalar aparılır. Beynəlxalq təşkilatlardakı Azərbaycan əleyhinə aparılan ciddi işlərin fonunda, hətta ənənəvi müttəfiqimiz sayılan dövlətlərin hökumətlərindəki hind, erməni, Soros şəbəkəsinin təsiri ilə nəzərəçarpacaq qədər dəyişən mövqeyi məyusluq yaradır. Belə həssas zamanda ölkədə Azərbaycan cəmiyyətinin diqqətini bu proseslərdən yayındırmaq, diqqəti sərhəddən daxilə çəkmək cəhdləri də izlənməkdədir. Bir cümlədə izah etsəm, sosial və ənənəvi mediada regionlararası münasibətlərin korlanmasına hesablanmış, təhrik elementli gündəm də formalaşdırılır. Yəni təkcə Laçın yolundakı aksiyanı gözdən salmaq, guya bu aksiyanın zərərli olduğunu iddia etməklə kifayətlənmirlər..." Etibar SEYİDAĞA,Yeni Müsavat” Geri qayıt |