Əsas Səhifə > Partiya, Güney Press > “Rusiya Cənubi Qafqazdan getməli olacaq”

“Rusiya Cənubi Qafqazdan getməli olacaq”


26-12-2022, 11:15
“Rusiya Cənubi Qafqazdan getməli olacaq”
“Bizim apardığımız işlə ermənilərin apardığı iş fərqlidir. Ermənilər Rusiyanın təsirindən çıxıb çıxıb müstəqil iş aparmaq, müstəqil olmaq istəyirlər. Bu zaman lazım gəlsə, Qarabağdan imtina etdiklərini də göstərməyə çalışırlar. Biz isə üçtərəfli bəyanatın pozulması və rus sülhməramlıların qaydaları pozmasına etirazımızı bildiririk”.

DİA.AZ bildirir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanla müqayisədə Rusiyanın Ermənistana daha ciddi təsirləri var. Odur ki, ermənilər özlərinə görə daha böyük oyun oynayırlar. “Ermənilər Rusiyanı öz ölkələrindən çıxarmaq, Avropaya inteqrasiya, Amerikanı prosesə soxmaq, regiona Qərbin müşahidəçilərini gətirməyə can atırlar”,- S. Cəlaloğlu əlavə edib.

ADP sədri qeyd edib ki, bu səbəbdən də regionda fərqli oyunlar gedir və Rusiyanın Ermənistana münasibətinin kökündə İrəvanın apardığı siyasət durur:

“Daha dəqiqi, Rusiya çalışır ki, ermənilərin apardığı bu siyasətin qarşısını alsın. Nəzərə alın ki, Rusiya daima ermənilərdən bizə qarşı silah kimi istifadə edib”.

S. Cəlaoğlu bildirib ki, son hadisələr müvəqqəti xarakter daşıyır:

“Moskvanın siyasəti daha çox Paşinyanın apardığı siyasətlə əlaqəlidir. Sabah İrəvanda ruspərəst hakimiyyət formalaşdırmaq mümkün olsa, Rusiya yenə də bütün gücü və imkanı ilə ermənilərə dəstək verəcək. Ermənilər də son 200 ildə olduğu kimi yenə öz rolunu oynayacaq. Yəni Rusiyanın Azərbaycana, Gürcüstana və Türkiyəyə qarşı jandarm rolunu”.

Partiya sədri sonda diqqətə çatdırıb ki, Rusiya indi zəifləyir: “Deməli, Cənubi Qafqazda da mövqelərini itirir. Məncə, sonda Rusiya bölgədən getməli olacaq. Mənə elə gəlir ki, bölgədə daha çox qardaş Türkiyə güclənəcək. Bunun işartılarından biri odur ki, Azərbaycanda müdafiə nazirinin rəhbərliyinə türk general gətirilib. Eləcə də Azərbaycan, Türkiyə və Gürcüstan mütəmadi olaraq birgə hərbi təlimlər həyata keçirir”.

Geri qayıt