Əsas Səhifə > Partiya, Güney Press > Separatçılar bütün alətlərdən istifadə edirlər

Separatçılar bütün alətlərdən istifadə edirlər


27-12-2022, 09:20
Separatçılar bütün alətlərdən istifadə edirlər
DİA.AZ hafta.az-da danışan politoloq Elxan Şahinoğlunun müsahibəsini təqdim edir:

-15 gündür Laçın –Xankəndi yolunda davam edən Azərbaycan ictimaiyyət nümayəndələrinin dinc aksiyaları regionda hansı vəziyyəti doğurub?

-Ermənistanın baş naziri Nikol Paşinyan olmaqla erməni rəsmilər Ermənistanı Qarabağla birləşdirən yolda baş verənlərə görə Rusiyanı ittiham etməyə başlayıblar. Ermənilərin məntiqinə görə, Rusiya hərbi kontingenti yolu zor gücünə açmalıdır.

Azərbaycan vətəndaşlarının yolda etirazı 15-ci gündür davam edir və qarşıdurma yoxdur. Rusiya hərbçiləri etirazçılara qarşı zor tətbiq etsələr? bu avtomatik Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirəcək. Rusiya Ukraynada apardığı işğalçı müharibə fonunda Azərbaycanla münasibətləri gərginləşdirməkdən çəkinir. Çünki sözdə də olsa Kreml Azərbaycanı “strateji tərəfdaş” adlandırır”.

Məhz belə bir vaxtda Ermənistan hakimiyyəti nazirlərin üçtərəfli görüşündən zəif tərəf görüntüsü yaratmamaq üçün imtina edib. Çünki erməni nazir görüşdə iştirak etsəydi belə? bu Ermənistanla Qarabağı birləşdirən yolda heç bir dəyişikliyə səbəb olmayacaqdı.

Azərbaycan bu və ya digər şəkildə yola nəzarətdən imtina etməyəcək. Ermənistan hakimiyyəti erməni cəmiyyətində tam nüfuzdan düşməmək üçün görüşdən imtinaya qərar verib.

-Ermənistan hakimiyyəti indiki vəziyyətdə hansı alternativlə çıxış edir və aksiyalar erməni separatçıları və havadarlarının hansı həmlələri ilə qarşılanır?

-Onların istəyi budur ki, “Ermənistanla Qarabağı birləşdirən yolu BMT və ATƏT nəzarətə götürsün” – bu, Nikol Paşinyanın təklifidir. Bunun reallaşmayacağını özü də anlayır. Birincisi, buna Azərbaycan razılaşmaz, ikincisi, Rusiya öz hərbçilərini bölgəyə ona görə göndərməyib ki, BMT və ATƏT qüvvələri ilə bölüşsün. O biri tərəfdən ATƏT-in ümumiyyətlə hərbi kontingenti yoxdur.

Bu gün Ermənistan hakimiyyəti, Qarabağ separatçıları və erməni lobbisi Ermənistanla Qarabağı birləşdirən yolda azərbaycanlıların etirazını dayandırmaq üçün bütün alətlərdən - Fransa, BMT Təhlükəsizlik Şurası, telefon zəngləri və sonda Xankəndində mitinqdən istifadə ediblər. Nəticə yoxdur, etiraz davam edir. Rusiya hərbi kontingentindən kimsə Qarabağ ermənilərinə deyib ki, bəs bu gün -26 dekabrda guya yol açılacaq. Görünür, Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrinin liderlərinin 26 dekabrda Sankt-Peterburqda qeyri-rəsmi toplantısında hansısa “razılaşmaya” ümid edirlər. Ancaq həmin toplantıda Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü nəzərdə tutulmayıb. Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüş baş tutsa belə bunun yoldakı etiraza təsir edəcəyini söyləmək mümkün deyil. Çünki ermənilər etirazı dayandıracaq şərti – yataqlarda monitorinqə icazə vermək fikrində deyillər.

Kreml xarici işlər naziri Sergey Lavrovun dili ilə İrəvana mesaj yolladı ki, Rusiyanın hərbi kontingenti yoldakı etiraza müdaxilə etməyəcək. Nikol Paşinyan və Ruben Vardanyan çarəsiz durumdadırlar.

-Belə bir vəziyyətdə Azərbaycan ictimaiyyətinin üzərinə düşən əsas iş nədir?

-Bu gün beynəlxalq aləmə yolun bağlanmadığını, nəzarət altına alındığını təlqin etmək lazımdır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın dünən gün ərzində az qala zəng etmədiyi həmkarı qalmadı, hamıya Azərbaycandan şikayət etdi. İkinci Qarabağ müharibəsi zamanı baş nazir Nikol Paşinyan telefondan ikiəlli yapışmışdı, hazırda o bu işi nazirinə tapşırıb. Ermənistan hakimiyyəti son bir həftədə Azərbaycana qarşı bütün mümkün təzyiq alətlərdən istifadə etməyə çalışdı, ancaq nə BMT Təhlükəsizlik Şurasının “çağırışı”, nə ermənipərəst konqresmenlərin bəyanatları, nə də Fransa prezidenti Emmanuel Makronun Bakıya zəngi Ermənistanla Qarabağı birləşdirən yoldakı etirazımıza əngəl ola bilməz. Proses davam edir.

Ruben Vardanyan Qarabağa sentyabr ayında gəlib və cəmi 4 ay içərisində separatçıların lideri halına gəlib, o Araik Arutunyanı arxa plana keçirdib. Ruben Vardanyan şəxsi reklamına xüsusi diqqət ayırıb. Gəldiyi 4 ayda müxtəlif ölkələrin nəşrlərinə müsahibələr verib, onun tez-tez Rusiyanın televiziya kanallarında müsahibələri yayımlanır. Rusiya xarici işlər naziri Sergey Lavrov “o bizdən deyil” desə də, Kremlin nəzarətindəki media Vardanyana informasiya dəstəyini artırıb. Vardanyan Xankəndidəki bugünkü mitinqin piarını da təşkil edib, elə indicə “Evronyus” kanalında geniş reportaj yayımlandı, proqramda ermənilərin mövqeyi işıqlandırılıb.

Əlbəttə, biz haqlıyıq və doğru bildiyimiz yolla gedirik, müxtəlif istiqamətlərdən təzyiqlər qərarımıza təsir etmir. Ancaq qızışan informasiya müharibəsində geri qala bilmərik, bu hərbi qarşıdurma ilə yanaşı həm də bir beyin yarışmasıdır, əks-həmlələr barədə düşünməli, Vardanyan amilinin zəifləməsinə çalışmalıyıq.

Ermənilər xəstələrini keçirirlər, humanitar yüklərə maneə yoxdur, üstəgəl erməni mənbələrinin məlumatına görə, Qırmız Xaç Komitəsi 4 xarici ölkə vətəndaşının Ermənistana keçidini də təmin edib. Aydındır ki, həmin xarici vətəndaşlar Azərbaycan qanunlarını pozaraq ərazimizə keçiblər, kimlikləri və hansı ölkəyə məxsus olduqları barədə məlumat yoxdur. Belə halların qarşısını almaq üçün yol daima nəzarət altında olmalıdır.

Geri qayıt