Əsas Səhifə > Partiya, Güney Press > "2023-cü ildə ölkədə demokratikləşmə prosesi getmədi"

"2023-cü ildə ölkədə demokratikləşmə prosesi getmədi"


2-01-2023, 08:30
"2023-cü ildə ölkədə demokratikləşmə prosesi getmədi"
2022-ci ili başa vurduq. Yola saldığımız il ölkəmizin və dünyanın həyatında mühüm hadisələrlə yadda qaldı. Bu ilin fevral ayından başlayan Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü davam edir, İranda kütləvi etirazlar səngimir, beynəlxalq münasibətlər sistemində gərginliklər artır. Habelə bəşəriyyət bahalaşmadan və kütləvi miqrant axınından əziyyət çəkir. Bütün bunların fonunda 2023-cü ilin də gərgin keçəcəyi gözlənilir.

Yola saldığımız il Azərbaycanın da siyasi həyatında önəmli hadisələrlə zəngin oldu. Azərbaycan ilə Türkiyə arasında Şuşa Bəyannaməsi hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya edildi, bununla da iki qardaş ölkə arasında müttəfiqlik münasibətləri rəsmiləşdi. Mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində antiteror əməliyyatı keçirildi. Avqust ayında isə “Qisas" adlı cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü.

Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlər bu il də davam etdi. “Qardaş yumruğu” təlimi beynəlxalq ictimaiyyətə ciddi mesaj oldu. Prezident İlham Əliyev tərəfindən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması istiqamətində fəaliyyətə başlanıldı. “Media haqqında”, habelə “Siyasi partiyalar haqqında” qanunlar qəbul edildi. Yüksək vəzifəli məmurlar yola salındı.

DİA.AZ bildirir ki, AYNA 2022-ci ilin yekunları və 2023-cü ildən gözləntilərlə bağlı ekspertlərlə həmsöhbət olub.

YAP-çı deputat Məşhur Məmmədov deyib ki, yola saldığımız il Azərbaycanın siyasi həyatında mühüm bir il olub: “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatları, Qarabağ silsiləsi boyu əhəmiyyətli yüksəkliklərin nəzarətə götürülməsi, Türkiyə ilə birgə hərbi təlimlər, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası üzərində hazırlıqlara başlanılması ilin mühüm hadisələridir”.

“Bu il, habelə enerji təhlükəsizliyinin artırılması istiqamətində həyata keçirilən layihələr, ölkəmizin iqtisadi qüdrətinin daha da artması ilə əlamətdar oldu. Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən fenomenal siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq miqyasda önəmli bir dövlətə çevrilib. Artıq ölkəmizin rolu və iştirakı olmadan hər hansı layihənin uğur qazanması mümkün deyil”, - deyə deputat bildirib.

Məmmədovun 2023-cü ildən gözləntiləri böyükdür: “Qarşıdan gələn il Zəngəzur dəhlizinin açılması, sülh sazişinin imzalanması istiqamətində mühüm yeniliklər gözləyirəm. Hesab edirəm ki, ölkəmizin beynəlxalq miqyasda rolu daha da güclənəcək. 2020-ci ilin payızında əldə edilən tarixi Zəfərin davamı gələcək”.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə 2022-ci ili ölkəmizin həyatında itirilmiş il kimi qiymətləndirir: “Təəssüf ki, 2022-ci ildə Azərbaycanın qarşısında duran qlobal problemlər öz həllini tapmadı. Qarabağ üzərində ölkəmizin suverenliyi təmin edilmədi. Azərbaycanda iqtisadi böhrana, korrupsiya və rüşvətxorluğa son qoyulmadı, əhalinin sosial vəziyyəti yaxşılaşmadı. Ölkədə demokratikləşmə prosesi getmədi, əksinə, siyasi məhbusların sayı daha da artdı. Fundamental insan haqları kobud şəkildə pozuldu”.

“Bununla belə, 2022-ci ildə regionda çox ciddi hadisələr baş verdi ki, bu, gələn illə bağlı müəyyən pronozlar səsləndirməyə əsas verir. Rusiyanın Ukrayna ilə müharibədə məğlub olması, İranda baş verən etiraz dalğasının böyüməsi nəticəsində regionda geopolitik vəziyyətin dəyişməsi - bu kimi amillər ölkəmizə də təsirsiz ötüşməyəcək”, - deyə siyasətçi söyləyib.

Hacılının 2023-cü ildən müəyyən gözləntiləri mövcuddur: “Xüsusilə Avrasiya məkanında baş verməsi gözlənilən qlobal dəyişikliklər, Rusiyanın məğlub duruma düşməsi fonunda suverenliyimizin bərpa olunmasına, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına dönüşünün təmin ediləcəyinə, ölkədə insan haqları pozuntularına son qoyulacağına, siyasi məhbusların azad ediləcəyinə, demokratik dəyişikliklərin aparılacağına, iqtisadi islahatların həyata keçiriləcəyinə şərait yaradacaq. Ümid edirik ki, 2023-cü il mühüm və önəmli dəyişikliklərin başlanğıc ili olacaq”.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli 2022-ci ili dünyanın siyasi həyatında çətin bir il kimi dəyərləndirir: “Bu ilin fevralında Rusiya Ukraynaya qarşı hərbi təcavüzə başladı. Ümid edirdi ki, qısa müddət ərzində Ukraynanı özünə tabe etdirəcək. Lakin buna nail olmadı. Rusiya bu təcavüzlə özünü çıxılmaz vəziyyətə saldı. Dünyaya təsir imkanlarını əhəmiyyətli dərəcədə itirdi, tədric olundu”.

“İranda baş qaldıran kütləvi etirazlar da bizim regionda baş verir. Bütün bunların fonunda Azərbaycanla Türkiyənin yaxınlaşması da diqqətdən yayınmadı. Açıq şəkildə söyləmək olar ki, Türkiyə-Azərbaycan birliyinin timsalında regionda yeni güc mərkəzi formalaşır. Hesab edirəm ki, 2022-ci il 2020-ci ildən başlayan uğurun davamı ili oldu” – deyə Hüseynli fikrini yekunlaşdırıb.

Geri qayıt