Əsas Səhifə > Partiya, Güney Press > Pənah Hüseyndən “avtobus müxalifəti” ayamasına sərt təpki:

Pənah Hüseyndən “avtobus müxalifəti” ayamasına sərt təpki:


6-01-2023, 12:19
Pənah Hüseyndən “avtobus müxalifəti” ayamasına sərt təpki:
Keçmiş baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn “Sherg.az”ın suallarını cavalandırdı.
DİA.AZ söhbəti təqdim edir:

-Son günlər Zəngəzur dəhlizinin açılacağına dair ciddi nidalar səsləndirilir. Prezident İlham Əliyev də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyli günü münasibətilə xalqı təbrik edərkən bu məsələyə toxundu və qeyd etdi:“Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır”. Proses niyə yubanır?

-Zəngəzur dəhlizi məsələsinin mənalandırılması ətrafında müzakirələr aparılır. Ermənistan tərəfi kommunikasiya xəttinin açılmasının əleyhinə olmadığını, ancaq Ermənistanın nazarəti olmayan bir xəttin -Laçın dəhlizində olduğu kimi- verilməsinin əleyhinə çıxır.

- Doğrudanmı Ermənistan istəmir deyə dəhliz açılmır, yoxsa bu işdə Rusiya, Qərb və İranın “iradəsi” var?

-Heç şübhəsiz ki, bu barədə rəsmi mövqelərini açqlamasalar da, Qərb ölkələrinin dəhlizin açılmasında maraqlı görünmədikləri hiss olunur.

-Niyə maraqlı deyillər?

-Türkiyə və Rusiya arasında birbaşa əlaqələrin yaradılması və başqa məsələlərə görə...

-Bəs İran niyə prosesləri “tormozlamağa” çalışır?

-Hər halda rəsmi Tehranın mövqeyi açıq-aydındır. Ermənistan buna razı olarsa, təbii ki, cənub qonşumuz dəhlizin açılmasına mane ola bilməz. Bu mənada İran və Qərbdəki bir sıra dövlətlərin maraqları üst-üstə düşür. Ermənistan da müqavimət göstərir. Eyni zamanda bu, sadə məsələ deyil. Mənə elə gəlir ki, kommunikasiya xətti əvvəl-axır açılacaq.

-Zaman-zaman Laçın dəhlizinin statusunun dəyişdirilməsi məsələsi gündəmə gəlir...

- Zəngəzur dəhlizi açılmayacaqsa, Laçın dəhlizinin statusu dəyişməlidir. Azərbaycanın strategiyasına uyğun olaraq hansısa bir formada sərhədlərin köçürüləcəyi və gediş-gəlişin bərpa olacağını mümkün hesab edirəm. Hansısa bir dövrdə bu məsuliyyəti Azərbaycan dövləti öz üzərinə götürəcək. Bu, təkcə Ermənistanla deyil, Gürcüstan və başqa region dövlətləri ilə bağlı olan məsələdir.

-Laçın dəhlizinin statusunun dəyişdirilməsi dedikdə konkret nələr nəzərdə tutulur? Detalları açardınız...

-2022-ci il 10 Noyabr tarixli bəyannaməyə görə, Laçın dəhlizi Rusiya sülməramlılarının nəzarəti altındadır və orada Azərbaycanın suverenliyi məhdudlaşdırılıb. Həmin ərazidə Azərbaycanın sərhəd və gömrük xidməti fəaliyyət göstərmir. Bu da suveren bir dövlətin qanun və qaydalarına ziddir. Müvəqqəti olaraq belə bir vəziyyət Zəngəzur dəhlizinin açılıb-açılmamasından asılı olmayaraq dəyişilməlidir. Sülməramlıların 5 illik missiyasının başa çatmasına 6 ay qalmış tərəflərdən biri etiraz edərsə, bu məsələyə yenidən baxılacaq. Bir daha təkrar edirəm, Laçın dəhlizinin indiki statusu qəbuledilməzdir. Həmin əraziyə nazarət Azərbaycana qaytarılmalıdır, Gömrük Komitəsi və Dövlət Sərhəd xidməti orada olmalıdır və həmin ərazi tam olaraq Azərbaycanın nəzarətinə keçməlidir. Mənim mövqeyim budur. Aralıq mərhələdə Rusiya və Türkiyə sülməramlıları başqa formatlarda qarışıq nəzarət forması da həyata keçirə bilərlər. Amma məsələnin mahiyyəti həmin ərazinin, Qarabağın ermənilər yaşayan hissəsində və işğal altında olmuş 3 min 400 kvadrat kilometr ərazi Azərbaycanın suverenliyinə qaytarılmalıdır.

-Xankəndi -Laçın yolundakı aksiya ilə bağlı fikirləriniz maraqlıdır. Bəziləri bunu Rusiya və Azərbaycanın birgə ssenarisi kimi dəyərləndirir. Siz necə düşünürsünüz?

-Bu cür xırda təfərrüatlara getmək məsələnin mahiyyətinin yanlış qavranılmasına səbəb olur. Fakt odur ki, Rusiya sülməramlılarının nəzarəti altında olan ərazinin toxunulmaz olmadığını həm Ermənistana, həm də dünyaya nümayiş etdirdik. O cümlədən orada yaşayan ermənilər də bunun şahidi oldular. Bu aksiya prinsip etibari ilə 44 günlük Vətən savaşından sonrakı “Qisas” və Sentyabr əməliyyatlarına bərabər hadisədir. Bundan başqa, məlum proses vasitəsilə dünyanın diqqəti Azərbaycanın mövqeyinə cəlb olundu. Status-kvonun davam etdirilməsinin mümkün olmadığı barədə Azərbaycanın münasibəti dünyaya bəyan olundu. Məlum aksiyanın Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasının müzakirəsinə çıxarılması nadir hadisələrdən biridir. BMT-də bu məsələyə diqqət göstərildi. Ermənistanın dostlarının ciddi cəhdlərinə rəğmən adıçəkilən təşkilatda Azərbaycan əleyhinə sənəd qəbul olunmadı. Bu da rəsmi Bakının haqlı olmasının dolayısı yolla təsdiqi deməkdir. Eyni zamanda Azərbaycan bir daha Rusiya sülməramlı kontingentinin 2020-ci ildəki bəyannamədən irəli gələn öhdəliklərinə əməl etməməsinə, orada terror birləşmələri və qanunsuz silahlı birləşmələrin tərk-silah olunmamasına diqqət çəkdi. 10 Noyabr bəyannaməsinin yerinə yetirilməyən bəndlərini ciddi şəkildə gündəmə gətirdi. Bundan əlavə o da sübut olundu ki, plasdarmda döyüşlər dayansa da, ibrid müharibə hələ davam edir. Sözügedən aksiya Azərbaycan xalqının iradəsini ortaya qoydu. Dövlətin bu işdə iştirakından asılı olmayaraq, ictimaiyyət nümayəndələrinin aksiyaya qoşulması tarixdə çox uğurlu hadisələrdən biri kimi qalacaq. Düşünürəm ki, prosesi davam etdirmək olar.

-20 gündən artıqdır, davam edən aksiyadan indiyə kimi hansı nəticələr hasil olunub?

-Bu aksiyanın nəticəsində Vardanyan faktoru xeyli dərəcədə sıradan çıxdı. Azərbaycan onunla danışığa getməkdən imtina etdi. Ərazilərimizdə faydalı qazıntıların aparılması və digər başqa məsələlərin Azərbaycanla müzakirəsinin başladılması suverenliyə doğru müəyyən addımların atılmasına səbəb oldu. Sosial şəbəkələrin Azərbaycan seqmentində əksəriyyət aksiyanı və onun tələblərini müdafiə etdi. Bu da ciddi nəticələrdən biridir. Yekunda hesab edirəm ki, hərbi-siyasi yol prioritet olaraq qalır və antiterror əməliyyatları zərurət kimi ortalığa çıxır.

-Qərbi Azərbaycana qayıdışa dair da intensiv nidalar eşidirik. Qayıdış realdırmı və bu yolda bizi nə kimi çətin sınaqlar gözləyir?

-Hərbi yolla qayıdış nəzərdə tutulmur. Azərbaycan prezidenti çıxışında buna aydınlıq gətirib. Söhbət Azərbycan və Ermənistan arasında münasibətlərin normallaşması şəraitində 1980-ci illərin sonunda deportasiya olunmuş insanların öz yaşayış yerlərinə qayıtmasından, onların mülkiyyət hüquqlarının bərpasından gedir. Bu istiqamətdə işə başlanıb. Beynəlxalq məhkəmələrə müraciətlər olunub. Strategiya olaraq ən mühüm məsələ rəsmi səviyyədə Qərbi Azərbaycan və ora qayıdış konsepsiyasının hazırlanması ideyasından ibarətdir. Bu vaxta qədər daha çox Zəngəzur dəhlizinə dair ifadələr eşidirdik və bu istiqamətdə danışılırdı. Heç bir ssenariyə indidən “stop” qoyulmasının tərəfdarı deyiləm. Fakt bundan ibarətdir ki, mütləq əhalisi azərbaycanlılardan ibarət olan, bu region keçən əsrin əvvələrindən faktiki olaraq boş qalıb, iqtisadi və humanitar yollarla insanlarımızın həmin ərazilərə qayıtmasının gündəmə gətirilməsi çox vacib hadisədir. Gələcəkdə Ümumqafqaz Evinin formalaşması və ya Cənubi Qafqaz xalqları və ölkələri arasında münasibətlərin formalaşmasında qayıdış məsələsi mühüm rol oynaya bilər. Bunun müharibə və silah yolu ilə icra olunan məsələ kimi başa düşülməsi doğru deyil. Təkrar edirəm, hadisələr elə dinamika ilə inkişaf edə bilər ki... Bu mənada Azərbaycan Silahlı Qüvvələri bütün bölgədə, Cənubi Qafqazda təhlükəsizliyin təminatı üçün hazır olmalıdır. Dünyadakı prosesləri və onun regiona təsirlərini nəzərə alsaq, söylədiyim fikir heç də nəzəri cəhətdən abstrakt məsələ deyil.

- Bəzi politoloqlar bildirirlər ki, yekun sülhə gəlmək üçün Qarabağın erməni əhalisi ilə danışıqlar aparılmalıdır. Hətta onlara 10-15 min dollar kompensasiyanın vəd edilməsini təklif edirlər..

-Hər halda Azərbaycanın rəsmi mövqeyi bəyan olunub. Azərbaycan dövləti Qarabağda yaşamış, orada anadan olmuş, hazırda orada yaşayan Azərbaycan vətəndaşı kimi yaşayışını davam etdirmək istəyən ermənilərlər danışmağa hazırdı. Bu, Azərbaycanın öz vətəndaşı ilə ünsiyyəti kimi dəyərləndirlməlidir. Bu mənada müxtəlif ideyalar ortaya atılır. Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası, onun müxtəlif formalarda davamı, xüsusi bir muxtar status olmadan milli, mədəni hüquqlarının təminatı barədə vəd irəli sürülüb. Güman edirəm ki, hazırda ünsiyyət o dərəcədə deyil ki, bu istiqamətdə işə başlanılsın. Amma Rusiya sülmərmalıları və hansısa beynəlxalq vasitəçi olmadan da bu istiqamətdə müəyyən prosesin başlaması mümkün ola bilər. Vardanyan layihəsi, revanşist əhval- ruhiyyənin güclənməsi, Suqovuşandakı hadisələr, Sərsəng ətrafındakı bəzi təxribatlar məhz sülh prosesinin qarşısını almağa yönəlib. Birinci məsələ təhlükəsizliyin təmin olunması və Azərbaycanın suverenliyinin qəbul edilməsidir.

-Naxçıvanda nələr baş verir?

-Bu yeni məsələ deyil. Azərbaycanın müstəqlliyi bərpa olunundan sonra analoji müzakirələr gedirdi. Mövqeyim ondan ibarətdir ki, bu məsələlər konstitusion yollarla həll olunmalıdır. Azərbaycanın unitar dövlət quruluşuna uyğun dəyişikliklər edilməlidir. Bunun üçün də referendum keçirərək məsələləri həll etmək olar. Hazırda Naxçıvanın konstitusiyasında belə bir müddəa var ki, Naxçınan MR-in ali vəzifəli şəxsi, yəni Ali Məclisinin sədri həm qanunverici, həm də icraedici hakimiyyəti həyata keçirir. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvandakı komanda heyətinə təlimatlar verir. Naxçıvanın xarici əlaqələri məsələsini reallaşdırır. Naxçıvanın azad iqtisadi zonaya çevrilməsinin modeli işlənilməlidir. Bölgənin təhlükəsizliyi üçün Naxçıvanın əhəmiyyətli rolu var. Beynəlxalq və regional razılaşmalarda bu işlərə baxıla bilər. Son dövrdə Naxçıvanda Vasif Talıbovun şəxsiyyəti ilə simvolizə olunan bir istibdad rejimin olmasi göz önündə idi. Bu da dərinə işləmiş korrupsiyanın nəticəsidir. İnsanların hüquqlarının pozulması barədə təkzibolunmaz faktlar ortada idi. Naxçıvanda bəzi ölkələrin separatçı hərəkətlərinin qarşısının alınmadığı barədə də müəyyən faktlar meydana çıxır. İranın fəaliyyəti barədə danışılır. İndi Naxçıvanda məmur-oliqarx rejiminin menecment idarəçilik üsulu ilə əvəzlənməsi prosesi gedir. Azərbaycanın demokratik qüvvələri demokatik yolu dəstəkləyir. Naxçıvan məmur-oliqarx sisteminin axırıncı qalası idi. Orada da bu sisteminin aradan qaldırılmasına ehtiyac vardı, buna da Vasif Talıbov əngəl törədirdi. Hesab edirəm ki, Naxçıvandakı “təmizləmə” işləri Azərbaycanda gedən prosesin tərkib hissəsidir. Fikrimcə, mütərəqqi addımdır, prosesi dəstəkləyirik.

- Naxçıvandakı “təmizləmə” prosesinə “Naxçıvanlılar vurulur” intonasiyası ilə yanaşanlar da var...

- Bunun heç bir əsası yoxdur. Buna qətiyyən uymaq olmaz. Naxçıvan əhalisində milli dövlətçilik şüuru formalaşıb. Onlar bu cür təxribatlara imkan verməzlər. Hər halda bu amili nəzərə almaq lazımdır. Bu təkcə Naxçıvanda olan problem deyil, ümumən Azərbaycan dövlətinin problemi idi. Dəyərləndirmələr də bu istiqamətdə aparılmalıdır.

-Bəy, siz də zaman-zaman dövlət qurumlarının işğaldan azad olunan ərzilərə təşkil etdiyi səfərlərdə iştirak etmisiniz. Media nümayəndələri, siyasi partiya və QHT rəhbərləri də məlum səfərlərə qatılırlar. Amma bəzi qüvvələr həmin şəxslərə “Avtobus jurnalisti” “Avtobus müxalifəti” kimi ayamalar yapışdırırlar. Özünüzü “Avtobus müxalifəti” hesab edirsinizmi və burada pis olan nədir?

-Bu doğru yanaşma deyil, açığı həmin epitetdən narahatlıq da keçirmirəm. Çalışmalıyıq ki, öz fəaliyyətimizlə dorğu olmayan fikriləri ortaya qoyaq. Əlbəttə, Azərbaycanda müxalifət adına çıxış edib, imitasiya yaradanlar da var. Bu mənada “Avtobus jurnalisti”, “Avtobus müxalifəti” ayamasını hər kəsə şamil etmək olmaz. Bu həm etik deyil, həm də siyasi baxımdan doğru anlaşılmır. Ümumiyyətlə, azad olunmuş torpaqlarda olmaq hamı üçün müqəddəs arzudur. Səfərlərdə siyasi partiya rəhbərləri ilə yanaşı, xarici ekspertlər, ölkənin ictimaiyyət nümayənələri də iştirak edirlər. Azad olunmuş torpaqlarımıza ayaq basmaq siyasi mənsubiyyətdən daha mənəvi məsələdir. Bu cür əks-təbliğatların aparılması doğru deyil. İşğaldan azad olunmuş ərazilərə səfər təklif olunarsa, yenə də gedərəm. Maraq və mənafeləri siyasi ideologiya ilə qarışdırmaq olmaz. Belə bir ifadə var: Hər şey ötəridir, maraqlar əbədidir. Əslində, maraqlar da keçicidir, bizə qalan vətən və dövlətdir. Azərbaycandır!.

Geri qayıt