Əsas Səhifə > Partiya, Güney Press > Rusiya hərbi kontingentinin yük maşınları yoxlanmalıdır

Rusiya hərbi kontingentinin yük maşınları yoxlanmalıdır


11-01-2023, 09:37
Rusiya hərbi kontingentinin yük maşınları yoxlanmalıdır
Qarabağdakı qızıl və mis yataqlarında monitorinq tələbi ilə bir aydır davam edən aksiyanın müsbət nəticələri var. Ermənistan hakimiyyətinə, erməni separatçılarına, Rusiyaya və Qərbə göstərdik ki, Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürmək hüququmuz var. Ancaq hadisələrin gedişatı göstərir ki, bu, kifayət etməyəcək, Laçın yolundakı hədəflərimizi böyütmək məcburiyyətindəyik.

Rusiya hərbi kontingentinə məxsus yük maşınları Şuşa-Xankəndi yolundan sərbəst şəkildə keçərək, Qarabağdan Ermənistana, Ermənistandan Qarabağa maneəsiz hərəkət edirlər. Bəzən bir gün ərzində 25 nəqliyyat vasitəsi yoldan maneəsiz şəkildə keçid edir. Azərbaycanın siyasi və ekspert dairələrində bir sualın aktuallığı artıb. Rusiya hərbi kontingentinin nəqliyyat vasitələrində erməni separatçılarına silah, sursat və mina daşına bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, bu suala birmənalı şəkildə “xeyr, belə yüklər daşına bilməz” cavabını vermək mümkün deyil. Çünki həmin nəqliyyat vasitələrində nələrin daşındığı barədə dəqiq məlumat yoxdur:

"Rusiya hərbi kontingentinin komandanlığı yalandan deyə bilər ki, nəqliyyat vasitələrində yalnız onlar üçün lazımi vasitələr daşınır. Ancaq o nə yükdür ki, bir gün ərzində Ermənistandan Qarabağa 25 nəqliyyat vasitəsi keçib? Həmin nəqliyyat vasitələrində erməni separatçılarına silah, sursat və mina daşındığını vurğulamaq çətindir, ancaq tərsini söyləmək də mümkün deyil. Məsələ burasındadır ki, Rusiya hərbi kontingentinin yolda postlarının mövcud olduğu iki il müddətində Ermənistandan Qarabağa silah, sursat və mina daşınıb. Rusiyalı hərbçilər bunun qarşısını almayıblar. Əksinə, Xankəndidə separatçılarla əl-ələ verərək əməkdaşlıq ediblər. Belə olan halda Rusiya hərbi kontingentinin erməni separatçılarından üz döndərdiyi inandırıcı deyil".

E.Şahinoğlunun qənaətincə, separatçılar rusiyalı hərbçilərin psixologiyasını yaxşı mənimsəyiblər:

"Ermənilərin separatçılığa başladıqları 1988-ci ildən bu yana rusiyalı hərbçiləri pulla ələ almaq təcrübələri var. Tutaq ki, Rusiya hərbi kontingentinin komandanı Andrey Volkov nəqliyyat vasitələrində erməni separatçılarına silah daşınmasının əleyhinədir.

Erməni separatçıları Rusiya hərbi kontingentinin aşağı rütbəli hərbçilərinə hər ay bir neçə min dollar ödəməklə nəqliyyat vasitələrinin içərisində silah daşıya bilərlər.

Şübhələrə son qoymaq üçün etirazın davamı kimi Laçın yolunda sərhəd və gömrük xidmətinin yaradılmasına keçid edilməsi zərurəti yaranıb. Bundan sonra istənilən yük yoxlanılacaq və separatçılara silah və sursat daşınması imkanı ortadan qaldırılacaq".

Geri qayıt