Əsas Səhifə > Partiya, Güney Press, Manşet > Milli Şurada baş verənlər bəlli bir ssenarinin nəticəsidir…

Milli Şurada baş verənlər bəlli bir ssenarinin nəticəsidir…


14-01-2014, 10:57
Milli Şurada baş verənlər bəlli bir ssenarinin nəticəsidir…
DİA.AZ: - «Hakimiyyət düşərgəsində müxalifətlə bağlı olan əminlik əslində səbəbsiz deyil və bu əminliyi təmin edən ciddi məqamlar var». Bu sözləri DİA.AZ-a söyləyən məlumatlı mənbə iddia edir ki, zaman-zaman hazırki müxalifət düşərgəsi üzərində çalışan iqtidarın artıq rəqib hesab olunası cinahda elə bir ciddi problemi yoxdur:

«Normalda müxalifətdən hakimiyyət ehtiyat etməlidir. Amma Azərbaycanda bunun tam əksidir. Hakimiyyət elə bir situasiya yaradıb ki, müxalifət özü özünü zərərsizləşdirməklə məşğuldur. Yəni bu sistem illərdir ki, işlək vəziyyətdə olduğundan ƏSAS RƏQİBLƏ döyüş anında meydanda zəifləmiş bir müxalifəti görürük».

Əslində bütün bu deyilənlərin hər kəsə məlum olduğu şəraitdə mənbəmiz maraqlı faktları da açıqladı: «Bu gün Milli Şurada baş verənlər əslində bəlli bir ssenarinin təzahürüdür. Təbii ki, əslində Milli Şuranın bütöv şəkildə qalması şəraitində belə heç nə dəyişməyəcəkdi. Yəni artıq seçkilər də geridə qalıb. Sadəcə olaraq bütün istiqamətlərdə öz prinsipiallığını nümayiş etdirən hakim düşərgə Milli Şuranın dağılacağını öz adamlarının dili ilə anons edərək bunu həyata keçirdi».

Xatırladaq ki, hələ xeyli əvvəlindən ayrı-ayrı YAP-çı deputatlar, hakim partiya funksionerləri böyük əminliklə Milli Şuranın dağılacağını bəyan edirdilər. Məhz bu məqama diqqət çəkən mənbəmiz bildirir ki, heç nə təsadüfi deyil: «Və hətta bu gün ayrı-ayrı müxaliflərin bir-birilərinə az qala qənim kəsilmələri də hesablanmış prosesdir. Onsuz da cəmiyyət arasında nüfuzunu itirə-itirə gedən müxaliflər bu parçalanma ilə sıraları kifayət qədər seyrək olan eloktoratlarını daha da azaltmaqdan başqa heç nəyə nail olmadılar. Proseslərin ssenari müəllifləri isə təbii ki, baş verənlərin gedişatına qanedirlər».

Geri qayıt