Əsas Səhifə > Partiya, Güney Press > Partiya rəhbərlərindən Rəsul Quliyevə cavab:

Partiya rəhbərlərindən Rəsul Quliyevə cavab:


16-01-2023, 11:39
Partiya rəhbərlərindən Rəsul Quliyevə cavab:
"Rəsul Quliyevin kifayət qədər yaşı var, yaşlanıb. İnsan yaşlandıqca beyin hüceyrələri ölür, bu baxımdan, onun çıxışını ciddiyə almıram".

DİA.AZ bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı 30 il ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyevin Azərbaycan müxalifətini xəstə adlandırması ilə bağlı ittihamlarına cavab verərkən deyib. Partiya rəhbəri deyib ki, əgər Rəsul Quliyevin hakimiyyətə gəlmək üçün Amerikadan öyrəndiyi nəsə varsa, onu öz partiyasına öyrətsin:

"Rəsul Quliyev də uzun illər özünü müxalifət hesab edir və səhv etmirəmsə, onun bu günə qədər 3 partiyası olub. Hazırda da bir partiyanın lideridir və müxalifətdədir. Əgər, dediyi kimi, bildiyi nəsə varsa, Amerikdan öyrəndiyi qeyri-adi savad və biliklərini öz partiyasına tətbiq edib, hakimiyyətə gələ bilərdi”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Rəsul Quliyevin müxalifətin ünvanına dediyi fikirləri əhəmiyyətsiz hesab edir:

"Onun çıxışına sona kimi baxmamışam, amma çıxışı ilə bağlı məlumatlıyam. Rəsul Quliyevin Azərbaycan siyasi mühiti haqqında nəsə fikir bildirməyə haqqı çatmır. Birincisi, 30 ildir ölkəni tərk edib və burada yaşamır. "Azərbaycan İranın tərkib hissəsidir” deyə ara-sıra gündəmə gəlir. Azərbaycan siyasi arenasından kənar düşüb. Ölkədə baş verən hadisələri lazımi səviyyədə izləmək imkanları da yoxdur. Onun burada lider olduğu siyasi təşkilat var və ancaq həmin təşkilatla bağlı nəsə deyə bilər. Onları hansısa fəaliyyətləri ilə bağlı qınaya bilər. Amma digər siyasi partiyalarla bağlı kənardan dayanıb, okenanın o tayından Azərbaycan müxalifət partiyaları ilə bağlı hansısa fikir bildirmək Rəsul Quliyevə başucalığı gətirmir”.

Arzuxan Əlizadə bildirib ki, AMİP kifayət qədər ciddi mübarizə yolu keçib:

"AMİP ölkədə baş verən proseslərlə bağlı istəlinən məsələyə münasibət bildirib və bu gün də mübarizımizi davam etdiririk. Heç bir fəlaiyyəti olmayan, ölkəni tərk edən, ölkə siyasi mühiti haqqında təsəvürlərə malik olmayan bir şəxsin kənardan dayanıb kimlərisə qınaması düzgün yanaşma deyil”.

Qeyd edək ki, Azərbaycanın eks spikeri Rəsul Quliyev internet televiziyasına müsahibəsində Azərbaycan müxalifətinə, siyasi partiyalara qarşı ağır ittihamlar səsləndirib və onları xəstə adlandırıb: "İstəyərdim ki, onlar sağalsın. Əgər belə getsə, onlar xəstə də öləcək".

Geri qayıt